“Moskva” univermağından qızıl oğurluğu...

Çox vaxt soyğunçuluq vətəndaşların, sahibkarların səhlənkarlığı ucbatından baş verir
İlqar Altay: “Oğurluq hadisəsinin açılmasında istintaq çətinlik çəkməyəcək. Videogörüntülər də bu işdə istintaqa kömək edəcək”



Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 5 ünvanında yerləşən "Moskva” univermağında baş vermiş oğurluq hadisəsinin bəzi detalları məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, oğurluq hadisəsi univermaqdakı mağazalardan birində qeydə alınıb: "Martın 29-dan 30-na keçən gecə "Moskva” univermağının içərisindəki mağazalardan birindən ilkin qiymətləndirməyə əsasən təqribən 210 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Oğurluq hadisəsi zamanı univermağın qapısı sındırılmayıb. Belə ehtimal var ki, oğru axşamdan, univermaq fəaliyyətdə olandan içəridə qalıb, səhər univermaq açılandan sonra isə ərazini tərk edib. Univermaqda onlarla mağaza var və həmin mağazaların əksəriyyətinin Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqaviləsi var. Müqaviləyə uyğun olaraq, həmin mağazalar canlı qüvvə ilə deyil, müasir standartlara cavab verən siqnalizasiya sistemi ilə qorunur. Lakin qızıl-zinət əşyalarının oğurlandığı mağazanın Baş Mühafizə İdarəsi ilə heç bir müqaviləsi yoxdur və ona görə də həmin mağazanın mühafizəsi İdarə tərəfindən təşkil olunmur”.

DİN-in mətbuat xidmətinin rəis müavini bildirib ki, faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. Cinayəti törədənin və ya törədənlərin müəyyən edilərək yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Bundan öncə, yayılmış məlumatlarda isə gecə saatlarında univermağa gələn naməlum şəxslərin qapını sındırmaq yolu ilə içəri daxil olduqları, ticarət mərkəzindən təxminən 300 min manatlıq qızıl-zinət əşyalarını götürərək hadisə yerini tərk etdikləri bildirilirdi. Qeyd olunurdu ki, ticarət mərkəzinin mühafizəçisi hadisə zamanı yatdığından, oğurluqdan xəbəri olmayıb. O, hadisədən xəbər tutduqdan sonra polisə məlumat verilib.

Hadisənin baş verən əraziyə və nəzarət kameralarına polis tərəfindən baxış keçirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Dəstənin bütün üzvləri tutulmadığı üçün saxlanılan şəxslərin adı açıqlanmır. Oğurluqda iştirak edən digər şəxslərin axtarışları davam edir.

Sosial şəbəkələrdə isə "Moskva” univermağındakı qarət hadisəsini əks etdirən videogörüntülər yayılıb. Diqqət çəkən məqam isə oğurluq hadisəsinin mobil telefonla çəkilməsidir. Qar maskası taxmış adamın oğurluq etdiyi anlar başqa birisi tərəfindən mobil telefonla kənardan çəkilir.

Hadisə ilə bağlı "Şərq”ə fikirlərini bölüşən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay qeyd etdi ki, qiymətli mallar saxlanılan yerlərin hamısına güclü mühafizə sistemi təşkil edilməlidir:

- Hazırkı durumda Azərbaycanın yerləşdiyi regionda güclü mühafizə sisteminə xüsusi ehtiyac var. İqtisadi çətinliklər yaşandığı zamanlarda oğurluq, soyğunçuluq hallarının artması gözləniləndir. Ona görə də hüquq-mühafizə orqanları hər zamankından daha ayıq-sayıq davranmalı, həmçinin şirkət, mağaza sahibləri də güclü mühafizə sisteminin təşkilində maraqlı olmalıdır. Düzdür, Azərbaycan hüquq-mühafizə orqanları kriminal hadisələrin qarşısını almaqda, ictimai asayişin qorunub saxlanmasında çox yaxşı fəaliyyət göstərir. Oğurluq, soyğunçuluq halları çox zaman vətəndaşların, sahibkarların səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından da baş verir. Necə ola bilər ki, qızıl-zinət əşyalarının satış şöbəsi xüsusi mühafizə sistemi ilə təchiz edilməsin? Burada birbaşa sahibkar səhlənkarlığı var. Hazırda müasir texniki avadanlıqlara sahib bir çox mühafizə şirkətləri var, hansı ki, mühafizə sistemini lazımi qaydada təşkil edə bilirlər.

Hadisə ilə bağlı araşdırma aparılması, oğruların tutulub istintaqa cəlb edilməsi, təbii ki, istintaqın işidir. Belə hadisələrdə adətən, daxildə çalışanların üzərinə ilk növbədə şübhə düşür. Çünki içəridə çalışanlar harada nəyin saxlanmasından, siqnalizasiya sisteminin olub-olmamasından xəbərdardırlar. Fikir vermisinizsə, adicə mənzildən oğurluq edildikdə, ilk növbədə qohum-əqrəbanın üzərinə şübhə düşür. Sakinlərin saat neçədə evə gəlməsi, hansı vaxt harasa gedəcəkləri, evdə heç kəsin olmayacağını yaxın ətraf bilir. Eləcə də, qızıl-zinət əşylarının saxlandığı yerləri də çox zaman qohumlar bilir. Ona görə də mənzildən oğurluq olduqda ilk növbədə kölgə yaxın adamların və qonşuluqda yaşayanların üzərinə düşür. Amma təbii ki, bunlar ilkin versiyalardır. Hansısa mənzili uzun müddət kənardan izləyən, sakinlərin nə zaman evdən çıxıb, nə zaman qayıtdığını qeydə alıb işə keçənlər də az olmur. Oğru və soyğunçuların bu işdə öz qaydaları, izləmə, müşahidə, məlumat əldəetmə üsulları var. "Moskva” univermağındakı oğurluq hadisəsi ilə bağlı ilk növbədə içəridə kimin olması, ikincisi isə, kənardan kimin gəldiyi müəyyənləşməlidir. Məncə, əməliyyatçılar üçün oğruları yaxalamaq çətin olmayacaq. Oğurluq hadisəsinin açılmasında istintaq çətinlik çəkməyəcək. Videogörüntülər də bu işdə istintaqa kömək edəcək.

Amma yenə də sahibkarlar da, mağaza işçiləri də, həmçinin vətədaşlar da ayıq-sayıq olmalı və təhlükəsizliklərinin qayğısına qalmalıdırlar. Necə deyərlər, işini möhkəm tut, qonşunu oğru bilmə!

Məlahət Rzayeva