Moskvada çörək qazananların qara günləri başlayıb

İş icazəsi üçün patent qiymətlər 13 faiz artıb


Moskva Şəhər Duması tərəfindən 2019-cu ildə əcnəbilərin Moskvada iş icazəsi üçün verdikləri patent qiyməti artırılıb. Moskva İqtisadi Siyasət və Ərazi İşləri Departamentinin sədri Vladimir Yefimov patentin dəyərini artırma qərarının əcnəbilərin işlədikləri sahələrdə maaşların artma səbəbindən verildiyini deyib.
Qeyd edək ki, hazırda bir əcnəbinin Moskvada işləməsi üçün patent alması məcburidir və bunun qiyməti ayda 4500 rubldur (116 manat). 2017-ci ildə bu rəqəm 4200 rubl (108 manat) səviyyəsində idi.

"Şərq”ə açıqlamasında rus mənbələrinə istinadən Moskvada iş icazəsi üçün verdikləri patent qiymətinin 13 faiz artdığını deyən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov hesab edir ki, bu artım Rusiyadakı əcnəbilərin, xüsusən də azərbaycanlıların əmək fəaliyyətindən uzaqlaşması və ya ölkəni tərk etməsi ilə nəticələnməyəcək:

 "Söhbət 13 faizlik bir artımdan gedir. Bu, əcnəbilərin əmək fəaliyyətinə maneçilik törədəcək qədər də böyük bir rəqəm deyil. Bu artım aylıq gəliri aşağı olan əcnəbilərin büdcəsinə mənfi təsir etsə də, onların Rusiyadan çıxmasına səbəb olmayacaq”.

Ekspertin sözlərinə görə, burada maraqlı məqam Rusiya Federal Miqrasiya Xidmətinin əcnəbilərin iş icazəsi üçün verdikləri patent qiymətini artırma səbəbidir: "Rusiya mediasında yayılan informasiyalara görə, ölkədə əmək fəaliyyəti ilə məşğul olan miqrantların illik gəlirlərinin həcmi artıb. Hətta pul köçürmələrinin həcminin 2 milyarddan 2 milyard 600 milyona qədər artdığı iddia olunur. Rusiyanın müvafiq dairələrinin təbirincə desək, bu, miqrantların gəlirlərinin artmasının göstəricisidir”.

Şəymən