“Və bu anda o qızı gözləyən gələcək, ailə həyatı heç kəs üçün maraqlı olmur”
Moskvanı sevən analar: Qızlarını bədbəxt edirlər
Onlar düşünürlər ki, övladları Rusiyada işləyən oğlana ərə getsə, daha xoşbəxt olacaq
“Və bu anda o qızı gözləyən gələcək, ailə həyatı heç kəs üçün maraqlı olmur”
“Və bu anda o qızı gözləyən gələcək, ailə həyatı heç kəs üçün maraqlı olmur”
Rusiyanın İvanova şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən Azərbaycan əsilli qadın barəsində yayılan məlumatlar çox ciddi bir problemin gündəmə gəlməsinə səbəb olub. Belə ki, 2 yaşlı uşağı qətlə yetirən 24 yaşlı Gülxar Şirəliyevanın ailəsi 2009-cu ildə, yəni daha 17 yaşı olanda onu Sahib adlı şəxsə ərə verib. Gülxarın Azərbaycanda hətta qız toyu da olub. Sahib nikah düşmədiyi üçün qızı Rusiyaya aparacağını və orada evlənəcəyini bildirib.
Ailəsindən razılıq alan Sahib Gülxarı özü ilə qonşu ölkəyə aparıb. Elə Gülxarın çətin günləri də elə həmin tarixdən başlayıb. 15 günün gəlini olan Gülxar Sahibin başqa bir qadınla rəsmi nikahda olduğunu öyrənib və aldadıldığını anlayıb. Azərbaycana qayıtmaq istəyən qıza əri imkan verməyib, hər gün onu döyməyə, söyməyə başlayıb. Taleyi ilə barışan gənc qız Rusiyada yaşamağa məcbur olub. 2 uşağı olmasına rəğmən gənc qadın həmişə əri tərəfindən zorakılıq görüb. Bir müddət öncə Sahibin erməni əsilli bir qadınla münasibətdə olduğunu öyrənən Gülxar bunu qəbul edə bilməyib və döyülməkdən psixologiyası pozulan qadın əlinə fürsət düşən kimi ərindən qisas almaq qərarına gəlib. Əri ilə erməni əsilli qadının istirahətə yollandığını öyrənən Gülxar hərəkətə keçib. Qadının evindən 2 yaşlı qızını oğurlayan Gülxar onu qətlə yetirib. Məsələ belədir ki, ömrünün ən yaxşı illərini Rusiyada "Nataşa”lara həsr etdikdən, yəni yaşı 30-35-ə çatdıqdan sonra azərbaycanlı oğlanların ağlına gəlir ki, bəs, evlənmək lazımdır. Evlənmək üçünsə Azərbaycana gəlməyə belə ehtiyac duymurlar. Elə ordanca evlərinə zəng edib haray-həşir salırlar ki, qız tapın, evlənirəm... Ailə də bəlkə oğlunu Vətənə bağlayar deyə qohum-qonşunun canına düşüb qız "ovu”na çıxırlar. Oğlanın maddi imkanı yaxşıdırsa, qardaşının arvadı, xalaları da bu işə yaxından müdaxilə edirlər. Xala və bibilər öz qızlarını, qardaş arvadı isə öz bacısını ərə vermək üçün planlar hazırlayır. Rusiyada olduğu üçün heç kimin tanımadığı, "matah” elan edilmiş bu "subay oğlan” nəhayət ki, birini seçib evlənir. Bir həftə sonra da qızı qoltuğuna vurub uzaq diyarlara aparır. Gerisi isə qalır, necə deyərlər, Allah ümidinə. Ailə qurub Rusiyanın hansısa şəhərinə gəlin köçən qızların taleyi çox vaxt yaxşı olmur. Yuxarıda qeyd etdiyimiz hadisə də bunun sübutudur. Bu cür nikahlar zamanı böyük faciələr baş verdiyini vurğulayan sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, başlıca səbəb ailələrdə yaranan gərginliklərdən qaynaqlanır: "Bu gün əksər ailələrdə elə bir gərginlik var ki, Azərbaycan ailəsində heç vaxt bu qədər gərginliklər olmayıb. Nə qədim dövrdə, nə orta əsrlərdə, nə də ötən əsrdə. İndiki situasiyada ailələrimizdə xoşagəlməz hadisələr baş verir. Doğmalar arasındakı münasibətlər arzuolunmaz səviyyəyə enib. Bunu bəzən iqtisadi faktorlarla əlaqələndirirlər. Amma nəzərə almalıyıq ki, Azərbaycan ailəsinin iqtisadi durumunun bundan da pis olan vaxtları olub. Düzdür, cəmiyyətdə gərginliyin artmasında iqtisadi amil aparıcı rol oynayır. Amma mənəvi məsələlər də bu cür gərginliklərə çox ciddi təsir edir. Qloballaşma nəticəsində cəmiyyətdə baş verən proseslər, sosial şəbəkələr də öz növbəsində cəmiyyətə təsir edir. Yerlərdə olanda vətəndaşlarla görüşür, valideynlərlə söhbət edir, sosioloji araşdırmalar aparıram. Görürəm ki, valideynlərin bir çoxu qız övladlarını cəmiyyətin əhatəsinə buraxmağa ehtiyatlanırlar. Valideynlər əvvəllər qızları paytaxta oxumağa göndərməyin daha asan olduğunu deyir, bunu da köhnə Bakının rahat və ucuz şəhər kimi qəbul olunması ilə əlaqələndirirlər. İndi isə valideynlərin qızlarını oxumağa göndərməyə nə pulları, nə də Bakıya inamları var. Bakı son illərdə o qədər qarmaqarışıq olub ki, valideynlər qızlarının arzuolunmaz həyat tərzi keçirəcəklərindən ehtiyat edirlər. Bütün bunlar fonunda isə ailələr qızlarının perspektivini elə erkən yaşdaca ailə qurmaqda görürlər. Hətta elə ailələr var ki, həddi-buluğa çatan qız uşaqlarına "boğaz ortağı” kimi baxırlar və elə fikirləşirlər ki, onu köçürsələr, yükləri azalar”. Sosioloqun sözlərinə görə, peşəsindən və kimliyindən asılı olmayaraq kənd yerlərində Rusiyada işləyən və yaşayan oğlanların daha imkanlı olduqlarına dair bir rəy formalaşıb: "Ölkədə yaşayan gənclərin hamısı göz qabağında olduğu üçün maddi durumları da qız analarına bəlli olur. Onlar isə elə düşünürlər ki, qızları varlı oğlana getsə, daha xoşbəxt olacaq, maddi sıxıntı çəkməyəcək. Hətta əlinə düşəndə ailəsinə də görüm-baxım edəcək. Rusiyada işləyən oğlanlar da yalandan-gerçəkdən həmişə özlərini tərifləyir, bağ belə, bostan belə deyirlər. Qızını oxutmayan valideynlər üçün də belə oğlanlar göydəndüşmə hesab olunur. Və bu anda o qızı gözləyən gələcək, ailə həyatı heç kəs üçün maraqlı olmur. Əsas odur ki, evdə qalmasın”. Ə.Qəşəmoğlunun sözlərinə görə, ailələr qızlarını həm də ona görə "yük” hesab edirlər ki, indiki cəmiyyət 30-40 il bundan əvvəlki kimi təmiz və saf deyil: "İndi internet əsridir və qızların öz həyatını sərbəst yaşaya bilməsi üçün Bakıya gəlməsinə belə ehtiyac yoxdur. Evinin içində, atasının, qardaşının yanında qalan qız belə internetlə tanış olduğu oğlana qoşulub qaçır.
Kim olduğunu belə bilmədən. 15-16 yaşlı qızların evdən qaçmasına dair xəbərləri az oxumamışıq. Deməyim odur ki, indi valideynlər öz qızlarına nəzarət edə bilmirlər deyə gözünü açmamış evləndirməyə çalışırlar. Yuxarıda da dediyim kimi ən uğurlu kürəkən olaraq da Rusiyada işi-gücü olan oğlanları görürlər. Bu sözləri elə-belə, təsadüfdən demirəm. Ciddi araşdırma aparmışam və gəldiyim nəticəni bölüşürəm”. Mövcud problemin aradan qaldırılması üçün valideynlər arasında maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyac olduğunu vurğulayan sosioloqun sözlərinə görə, bu işi isə sadəcə qəzetlərin öhdəsinə buraxmaq olmaz: "Ölkədə fəaliyyət göstərən televiziyalar hoqqabazlığı təbliğ edən bayağı verilişlər əvəzinə bu cür problemlərə diqqət ayırmalıdırlar. Bu problemlə bağlı o qədər maraqlı verilişlər hazırlamaq olar ki. Amma bizimkilər ictimai əhəmiyyətli mövzuya aid proqram hazırlayanda belə reytinq, sensasiya ardınca qaçırlar, ən ciddi məsələni belə şoulaşdırıb, lağ-lağıya çevirirlər.
Şəymən