"Moskvanın münaqişəyə dair bu niyyəti bizim üçün əlverişli ola bilər”






"2019-cu il ərzində Nikol Paşinyanı ciddi danışıqlara cəlb etmək mümkündür”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Analitik bildirib ki, 2016-cı il aprel döyüşlərindən dərhal sonra Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən səylər göstərib. Lakin "Lavrov planı " kimi gündəmə gələn təkliflər paketi bir müddət müzakirə obyekti olsa da, gərginlik azaldıqdan sonra bir qədər arxa plana keçib:

"Əslində Rusiyanın təklif etdiyi bu planı yenilənmiş "Madrid prinsipləri” də adlandırmaq olardı. Azərbaycan bu variantı qismən məqbul sayaraq real və intensiv sülh danışıqlarına hazır olduğunu bildirib. Ermənistan tərəfi də bütövlükdə nizamlanma paketinə razılığını vermişdi. Məsələnin yenidən Rusiya tərəfindən gündəmə gətirilməsi Azərbaycanın 2018-ci ildə ciddi təzyiqlərindən irəli gəlir. 2019-cu ildə bu taktikanın davam edəcəyi gözlənilir. 

Paşinyan Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlara gələ bilər. Əgər Rusiya tərəfi 2019-cu ilin 2-ci rübündə konkret əməli hərəkətə keçərsə, deməli Moskvanın niyyəti ciddidir və bu da bizim üçün əlverişli ola bilər”.

Ekspertin sözlərinə görə, bundan ötrü Ermənistana qarşı təzyiqləri davam etdirmək və güc faktorunu hər zaman gündəmdə saxlamaq lazımdır.

İsmayıl