“Azərbaycanda kök salmağa çalışan radikal dini qruplar mövcuddur”
Seyid Camal Əzimbəyli: “Təəssüflər olsun ki, dövlət qurumlarında çalışan bəzi məmurlarla əlaqələr quran, “dost” olmağa çalışan radikallar da az deyil”
"Radikal dini qruplaşmalar Azərbaycanda baza yaratmağa cəhd edirlər”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, Azərbaycanda baza yaratmaq istəyənlər ilk növbədə ayrı-ayrı gəncləri təsir altına salırlar:
"Hətta insanları, xüsusən də gəncləri fanatik qrupların təsiri altına salıb xarici ölkələrə qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərini görürük. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Bu mənada bizim gənclər təşkilatlarının üzərinə böyük işlər düşür. Medianın, sosial şəbəkələrin imkanlarından istifadə etmək vacibdir. Bu cür təbliğat aparan qruplara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır”. Komitə sədrinin toxunduğu məsələyə münasibət bildirən tanınmış şərqşünas-alim Seyid Camal Əzimbəyli "Şərq”ə açıqlamasında Mübariz Qurbanlının həqiqəti söylədiyini deyib. Ekspert bildirib ki, 10 ildən artıqdır tolerantlıqdan sui-istifadə edən dini qruplar barəsində həyəcan təbili çalır: "Bununla bağlı hüquqi müstəvidə ünvanlı yerlərə müraciət etmişəm. Hətta mətbuatdan kənar rəsmi görüşlərdə problemi diqqətə çatdırmışam. Düzdür, Dini Komitə son bir ildə maarifləndirmə sahəsində mühüm işlər görüb. Amma Azərbaycandakı multikultural mühitdən öz çirkin mənafeləri üçün istifadə edən məkirli qüvvələr var. Həmin dairələr işlərini ideoloji baxımdan şüurlu şəkildə elə nizamlayırlar ki, biz onların dövlət maraqlarına ziyan vurduğunu hiss etmirik. Təəssüflər olsun ki, dövlət qurumlarında çalışan bəzi məmurlarla əlaqələr quran, "dost” olmağa çalışan radikallar da az deyil”. Şərqşünasın sözlərinə görə, Azərbaycanda kök salmağa çalışan radikal dini qruplar mövcuddur: "Bunu gizlətmək dövlətçiliyimiz üçün daha ciddi təhlükə yarada bilər. Dağlıq Qarabağda baş verən erməni təxribatının qarşısını çox asanlıqla, qısa müddət ərzində ala bilərik. Amma insanların şüurundakı təxribatı, yanlış inqilabların qarşısını qısa vaxtda ala bilmərik. Bunun üçün uzun zaman lazımdır. Suriyada, İraqda, Əfqanıstanda prosesin bənzərini görürük. Hətta tolerantlığı ilə öyünən Qazaxıstan belə bu sınaqdan uğurla çıxa bilmədi. 13 nəfər silahlı terrorçunun təxribat törətməsi bütün ölkəni qarışdırmağa, xaos yaratmağa kifayət etdi”. S.C.Əzimbəyli bildirib ki, maarifləndirmə işini aparmaq lazımdır: "Bir işə başlayanda onu sezonla deyil, mütəmadi olaraq həyata keçirməliyik. Gəncləri ayağımıza çağırmamalıyıq, tam əksinə, kənd-kənd gəzib gənc və yeniyetmə nəslin qapısına getməliyik. Nəinki ali və orta təhsil məktəblərində, hətta baxçalarda belə sağlam dini təbliğat aparmalıyıq. Məqsədimiz şəkil çəkdirib sosial şəbəkəyə qoymaq yox, şərəflə, vicdanla, imanla işə yapışmaqdır. Mən tez-tez əyalətlərdə oluram. Rayonlarda insanlar tərəfindən qəbul olunan inanclı şəxslər var. Amma onlar Azərbaycanın dini mühitindən kənarda qalırlar. Onları maarifləndirmə işinə cəlb etmək lazımdır. Milli şüurumuz, məfkurəmiz və kimliyimiz insanlara aşılanmalıdır. Niyə məscidlərimizin önündə Azərbaycan bayraq dalğalanmasın?! Bunu düşünmək lazımdır”.
İsmayıl