Müəllimindən hamilə qalan qız Bakıya gətirilə bilər

Mehriban Zeynalova: “Tezliklə Şamaxıya getməyi planlaşdırıram”



"Şərq”in ötən saylarının birində Şamaxıda müəllimindən hamilə qalan qızın vəziyyəti ilə bağlı geniş yazı dərc olunmuşdu. Yazıda qeyd etdiyimiz kimi, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova qızın Bakıya gətirilməsi üçün Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən isə qızın valideynləri ilə danışacaqlarını və razılıq olarsa, məktəblinin Bakıya göndəriləcəyini bildiriblər.

Mehriban Zeynalova zərərçəkmiş tərəfin basqıya, hədə-qorxuya məruz qalması kimi hallardan qorunmaq üçün bunun vacib olduğunu bildirmişdi: "Biz düşünmürük ki, hazırda həmin qız sakit bir şəraitdədir. Bizdə olan məlumata görə, qız hazırda bibisigildə qalır. Niyə öz evlərində, ailəsinin yanında deyil? Bu da bizi qıza qarşı təzyiq olduğunu düşünməyə əsas verir. Yəqin ki, evdəkilərin hadisəyə münasibəti birmənalı deyil. Bunun özü də hardasa başadüşüləndir. Çünki məktəbli bir qızın hamilə qalması faktına ailə üzvlərinin, həmçinin kənd camaatının da sakit qalacağını gözləmək inandırıcı olmazdı”.

Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Mehriban Zeynalovanın özü ilə əlaqə saxladıq. "Təmiz Dünya” sədri qızın ailəsindən səs-soraq çıxmadığını bildirdi: "Əlbəttə, həmin qızın Bakıya gəlməsi və sığınacağa yerləşdirilməsi təhlükəsizlik baxımından daha məqsədəuyğun olar. Buna görə də mən Şamaxı Rayon İcra Hakimiyyətinə zəng etdim, təklifimizi bildirdim. Onlar da qızın ailəsi ilə əlaqə saxlayacaqlarını və ailənin razılığı olarsa, qızın Bakıya göndəriləcəyini dedilər. Qızın ailəsinə isə nömrəmiz verilib və zəng etmələri xahiş olunub. Bu qədər vaxt keçməsinə baxmayaraq, zəng olunmayıb”. Bütün cəmiyyətin diqqətinin orada olduğunu qeyd edən M.Zeynalova hazırkı vəziyyətdə qızın təhlükəsizliyi ilə bağlı hər hansı problemin olmasının

real görünmədiyini deyib: "Bu məsələ Şamaxı polisinin də nəzərindədir və həmin yeniyetmənin təhlükəsizliyi qorunur. Lakin müxtəlif psixoloji gərginliyin yaranması istisna deyil. Tədbirlərlə əlaqədar mən özüm tezliklə Şamaxıya getməyi planlaşdırıram. Həmin vaxt qızın ailəsi ilə və əsas da özü ilə əlaqə yaradacam və onun iradəsi çərçivəsində Bakıya gətirilməsinə cəhd edəcəm. Yaxın günlərdə bununla bağlı mətbuata məlumat veriləcək”.

Aysel Aslan