İrimiqyaslı təlimlər erməniləri əndişəyə salıb
Məlum olduğu kimi, mayın 1-dən Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin silahlı qüvvələrinin birgə təlimləri keçirilir. Təlimlər mayın 5-nə kimi davam edəcək. Birgə təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək və hərbi bölmələrin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, hava hücumundan müdafiə və zenit raket bölmələri iştirak edir. Gözlənildiyi kimi Ermənistan tərəfi təlimlərə görə ciddi narahatlıq keçirir. Ermənilər təlimlər dövründə özlərinə qarşı hansısa əməliyyatın ola biləcəyini iddia edərək səs-küy salmağa çalışırlar. Birgə təlimlər Ermənistanda Türkiyənin Naxçıvanda hərbi bazasını yaradacağı barədə şübhələrin artmasına və bu məsələ ətrafında ajiotajın yaradılmasına gətirib çıxarıb. Əslində Ermənistan yaxşı anlayır ki, Azərbaycan birgə təlimlər dövründə onlara qarşı hansısa addımlar atmaq niyyətində deyil. Ancaq düşmənlərin qorxu və narahatlığı bir neçə amillə bağlıdır. Birinci məqam odur ki, regionun ən güclü və döyüşkən ordusuna malik, üstəlik, NATO üzvü olan bir dövlətin məhz Azərbaycanla ortaq təlimlər keçirməsidir. Türkiyə Azərbaycanla hərbi və hərbi texniki sahədə yüksək səviyyədə əməkdaşlıq edən yeganə NATO ölkəsidir. İkinci amil isə Azərbaycanın işğalçı Ermənistanla müharibə vəziyyətində olmasıdır. Bu səbəbdən düşmən tərəfin ekspertləri təlimləri Ermənistana qarşı real təhdid kimi görürlər. Onların fikrincə, birgə hərbi təlimlər konkret olaraq müharibə hazırlığının tərkib hissəsidir. Hətta buna görə düşmən tərəf cəbhə xəttindəki ordu birləşmələrini döyüş hazırlığı vəziyyətinə gətirib.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən hərbi-ekspert Üzeyir Cəfərov deyib ki, Türkiyə ilə Azərbaycan arasında keçirilən hərbi təlimlər cəbhə bölgəsindən çox-çox uzaqda keçirilir. Ancaq düşmən tərəf hay-küy salaraq yalandan iddia edir ki, guya, Azərbaycan cəbhəyə ordu yığır: "Ermənilər o qədər həyasızlaşıb ki, Türkiyə ilə Azərbaycanın birlikdə Ermənistana hücum edəcəyini uydururlar. Əlbəttə, bunların hamısı əsassız erməni təbliğatıdır. Birgə təlimlər cəbhə bölgəsindən xeyli uzaqda yerləşən poliqonda keçirilir və daha əvvəldən planlaşdırılıb. İndiki təlimlərə cəmi 1000 nəfər hərbi heyət və 80 texnika qatılıb. Lakin aprelin 16-21-i arasında keçirilən hərbi təlimlər daha böyük idi və orada 30 min nəfərdən artıq əsgər, onlarla hərbi texnika iştirak edirdi. Əgər Azərbaycanın hücum etmək fikri olsaydı, bunu o vaxt edərdi. Hətta hücuma keçməyə belə ehtiyac yox idi, yüksək mövqelərin birindən düşmənə görünməyimiz kifayət edərdi. Miqyasca kiçik olan hərbi təlimə görə, düşmən aləmi ayağa qaldırıb ki, guya, Azərbaycan beynəlxalq konvensiyaları pozur. Şübhəsiz ki, burada heç bir pozuntudan söhbət getmir. Təlimlər tamamilə qanunidir. Növbəti ayda Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi təlim keçiriləcək. Bu təlimlər barəsində bütün beynəlxalq qurumlar məlumatlıdır. Bundan sonra daha irimiqyaslı təlimlər keçirəcəyik”.
İsmayıl