"Münaqişənin həlli istiqamətində təşəbbüsləri əldən vermək olmaz"

"Çünki erməni xislətindən məlum olduğu kimi onlar boşluq gördüyü yeri dərhal zəbt etməyə çalışırlar"


"Yenidən AŞPA-da Azərbaycanın ərazi bütövlüyünün gündəmə gətirilməsi və qəbul edilməsi orada fəaliyyət göstərən Azərbaycan parlamentarilərinin səyi nəticəsində mümkün olub”.

Bunu Sherg.az-a Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədin qəbul olunmasını şərh edərkən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. 

Onun sözlərinə görə, Azərbaycanın Avropa Şurasının üzvü kimi ərazi bütövlüyü həmişə təşkilat tərəfindən dəstəklənir:
"Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslər Azərbaycan dövləti üçün struktur vahidləri üzrə ilkin məqsəd kimi müəyyənləşdirilib. Burada prioritet sözsüz ki, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Buna görə ərazi bütövlüyünün bərpa olunması ilə bağlı bütün beynəlxalq strukturların mövcud imkanlarının bu işə səfərbər edilməsidir. Şübhəsiz ki, 2007-ci ildə müəyyənləşdirilən diplomatiya siyasəti sayəsində çoxsaylı uğurlar əldə olunub. Buna görə müxtəlif dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır. Amma ayrı-ayrı Avropa strukturlarında ermənilər vaxtaşırı bu məsələləri gündəliyə gətirib, manipulyasiya edərək özləri üçün uyğun şərtlər formalaşdırmağa cəhd edirlər. Burada onların əsas məqsədi məhz işğala bəraət qazandırmaqdır.
Düşünürəm ki, bütün bunları nəzərə alaraq daima diplomatik sayıqlıq nümayiş etdirmək lazımdır. Heç bir şərtlər içərisində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təşəbbüsləri əldən vermək olmaz. Çünki erməni xislətindən məlum olduğu kimi onlar boşluq gördüyü yeri dərhal zəbt etməyə çalışırlar. Buna görə, AŞPA-nın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar qəbul etməsi dövlətimizin uğurlarından biridir”.

Ayyət Əhməd