"Münaqişənin həlli üçün Rusiyaya təsir göstərilməlidir" - Analitik

Arzu Nağıyev: "Rusiya separatçılara verdiyi sözə əməl edərsə, münaqişə Azərbaycanın mövqeyinə uyğun həll edilməz"



"İtaliya da, digər dövlətlər də separatizmi dəstəkləmirlər”.

Bu barədə "Sherg.az”a İtaliyanın Azərbaycandakı səfirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamalarını şərh edərkən tanınmış analitik Arzu Nağıyev bildirib. 

O vurğulayıb ki, hər bir millətin öz müqəddəratını suverenlik çərçivəsində həll etmə məsələsini gündəmə gətirmək üçün belə açıqlamalar verilir:

"İtaliya ATƏT-də öz təmsilçiliyini qoruyursa, Azərbaycanda, bu problemlərlə üzləşmiş ölkədə səfirin müsbət açıqlamalar verməsi normaldır. Nə İtaliya, nə də digər dövlətlər məsələni öz istəyi ilə həll edə bilər. Böyük güclərin də maraqları var. Rusiya burada açar fiqur rolunu oynayır. İlk növbədə münaqişənin həlli üçün Rusiyaya təsir göstərilməlidir.

Rusiya XİN rəhbəri Sergey Lavrov da münaqişədə Rusiyanın açar rolunu qeyd etmir. Rusiya separatçılara verdiyi sözə əməl edərsə, münaqişə Azərbaycanın mövqeyinə uyğun həll edilməz.

2017-ci ildə diplomatik məsələlərdə Azərbaycan üstünlük qazanıb. Dövlətimizin ərazi bütövlüyünü demək olar, hər kəs dəstəkləyib. Ermənistanın işğalçılıq siyasəti Avropa səviyyəsində təsdiqini tapdı.

İtaliyanın digər marağı ondan ibarət olmalıdır ki, böyük layihələrdə iştirak üçün əsas məsələ ərazidə təhdidin qarşısını almaqdır. Bu gün təhlükəsizliyə təhdid göstərən ən mühüm problem Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. Buna görə, İtaliyanın ölkəmizdəki səfiri açıqlamalarında kompleks şəkildə bunları nəzərə almalıdır”.

Qeyd edək ki, İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın mövqeyindən danışıb: "Biz hər zaman balanslı mövqenin qorunması üçün tərəflərə eyni məsafədə dayanmağa çalışmışıq. İtaliyanın ATƏT-ə sədrliyi müddətində də siyasi dialoq apararaq belə davam edəcəyik”.

Aysel Aslan