“Namizədliyimi verdiyim dairədə mənə və komandama təzyiq olmayıb”

Pənah Hüseyn: “İctimaiyyətin müəyyən ümidləri, gözləntiləri var idi. Ancaq bu gedişlə parlament seçkilərində ciddi dəyişikliyin olmayacağı görünür”
“Azadlıq 2015” blokunun irəli sürdüyü namizədlərin yarısından çoxu MSK-dan şikayət edir



"Azadlıq 2015” blokunun parlament seçkisi ilə bağlı irəli sürdüyü namizədlər arasında Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynin də adı var. Pənah Hüseyn namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüb. Məlumat üçün deyək ki, həmin dairədə Yeni Azərbaycan Partiyasının namizədi Elçin Quliyevdir.

Dairənin hazırkı deputatı Ceyhun Osmanlı isə builki seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. P.Hüseynin namizədliyi irəli sürülən dairədən Müsavat Partiyası Yavər Gülməmmədov adlı rəqib müəyyənləşdirib. Eks-baş nazir həm də Ümid və Vətəndaş Həmrəyliyi Partiyasının namizədləri ilə yarışacaq. Seçki prosesi ilə bağlı "Şərq”in suallarını cavablandıran AXP sədri namizədliyini irəli sürdüyü dairədən yeddidən artıq iddialı şəxsin olduğunu deyib...

- Pənah bəy, namizədlərin gec qeydiyyata alınması və ya ümumiyyətlə, qeydiyyatdan keçməməsi müxalif partiyalarda, o cümlədən təmsil olunduğunuz blokda ciddi narazılıq yaradıb. Niyə irəli sürdüyünüz namizədlər qeydiyyatdan keçə bilmir?

- "Azadlıq 2015” blokunun irəli sürdüyü namizədlərin yarısından çoxu MSK-dan şikayət edir. Şikayətlər müxtəlif səpkidədir. Amma mahiyyətcə demək olar ki, hamısı eynidir. Kimlərsə çalışır ki, bizim namizədlər qeydiyyatdan keçməsin. Hətta bəzi hallarda namizədlərə və onların qohum-əqrəbasına təzyiqlər edilir. İmza toplamaqlarına qarşı çıxırlar və təkid edirlər ki, onlar öz namizədliklərini geri götürsünlər. Bütün bunlar digər namizədlərin yüksək vəzifədə olan qohumları, onların yaxın tanışları vasitəsi ilə edilir. MSK-dan da müxtəlif şikayətlər daxil olur. Bu qurum bəzən bilərəkdən sənədləri gec təqdim edir və ya məcəllədə göstərilməyən əlavə sənədlər istəyir. Ancaq bəzən görürük ki, heç kəsin tanımadığı, ümumiyyətlə, adı məlum olmayan şəxslərin namizədliyi bir-iki günün içərisində qeydə alınır. Biz neçə ilin siyasətçisiyik, amma adını eşitmədiyimiz bir partiya tərəfindən tanımadığımız adamların namizədliyi verilir.

- Şəxsən sizin namizədliyinizlə bağlı hər hansı problem yaranıbmı?

- Sözün açığı, yuxarıda vurğuladığım məsələlər şəxsən mənim namizədliyimdə yaşanmayıb. Amma rəhbərlik etdiyim AXP-dən namizədliyini irəli sürən digər şəxslər müəyyən problemlərlə üzləşiblər. Mən üç namizədin səlahiyyətli nümayəndəsi kimi onların sənədlərini seçki komissiyasına təqdim etmişəm və bəhs etdiyim problemlərlə rastlaşmışam. Ancaq obyektiv demək lazımdır ki, konkret olaraq namizədliyimi verdiyim 63 saylı Sabirabad seçki dairəsindən mənə və ya komandama qarşı heç bir təzyiq olmayıb. Hər hansı qanun pozuntusu da müşahidə etməmişəm.

- Sizcə, namizədliyinizin qeydə alınması prosesi niyə yubanır?

- Mən 5 gün əvvəl son olaraq lazımi sənədlərimi Seçki Komissiyasına təqdim etmişəm. Yəqin ki, sabah, ya o biri gün namizədliyimin qeydə alınıb-alınmayacağı barədə bizə məlumat verəcəklər.

- Namizədliyinizi doğulduğunuz rayondan irəli sürmüsünüz. Bu baxımdan şansınızı necə dəyərləndirirsiniz?

- Vallah, indi şans məsələsindən danışmaq seçki məcəlləsinə görə təbliğat kimi dəyərləndirilir. Əgər bununla bağlı danışsam, sizə də, bizə də xəbərdarlıq ola bilər. Gəlin, belə sualları saxlayaq, bir-iki gün keçsin, sonra cavab verərəm.

- Rəqiblərinizi kifayət qədər güclü sayırsızmı?

- Mən bütün rəqiblərimə hörmətlə yanaşıram.

- Builki seçki ilə bağlı müxtəlif iddialar gündəmə gəldi. Uzun müddət siyasətlə məşğul olan şəxs kimi qarşıdan gələn parlament seçkisindən gözləntiləriniz nədir?

- Qeyd etmək lazımdır ki, 2015-ci ilin Milli Məclis seçkilərində ictimaiyyətin imitasyon xarakterli olsa da, müəyyən ümidləri, gözləntiləri var idi. Ancaq bu gedişlə parlament seçkilərində ciddi dəyişikliyin olmayacağını görünür. Təbii ki, bir siyasətçi olaraq bu bizi məyus edir. Çox təəssüf doğuran haldır.

- Seçkiləri boykot edən qüvvələrə münasibətiniz necədir?

- Hər partiya və ya blok seçkiyə gedib-getməyəcəyinə özü qərar verir. Bu, onların daxili işidir. Biz "Azadlıq” bloku olaraq mövqeyimizi seçkidə iştirak qərarı verməklə ifadə etmişik.

- Parlamentin indiki tərkibi ictimaiyyətdə o qədər də xoş qarşılanmır. Deputatlığa namizədliyini verən yaşlı şəxslərə hansısa qadağa və ya məhdudiyyət qoymaq olarmı?

- Yox, qətiyyən, çünki konstitusiyada bu cür məhdudiyyətlərə yer yoxdur. Onsuz da qanunvericilikdə iştirakla bağlı bəzi məhdudiyyətlər müəyyən edilib. Yəni kimlər parlament seçkisində iştirak edə bilməzsə, bu, açıq şəkildə qanunlarda öz əksini tapıb. Məncə, bu məhdudiyyətlər kifayət edir. Vətəndaş hüququ deyilən bir anlayış var. Ona görə də bu cür qadağaların əleyhinəyəm. Siz deyən yaşlı-gənc namizəd məsələsini siyasi partiyalar özləri müəyyən etməlidir.

İsmayıl