Narazılıqlara son qoyulacaq, qanun dəyişir

“Vətəndaşlıqdan çıxma, vətəndaşlığın itirilməsi qaydaları hər zaman aktual olaraq qalır”



Azərbaycan Respublikası vətəndaşlığına bərpa və vətəndaşlığından çıxma qaydaları dəyişdirilir, yeni səlahiyyətlər müəyyənləşdirilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilir.

Əlavə və dəyişikliklər layihəsinə əsasən, qanunun 15-ci (Azərbaycan Respublikasının vətəndaşlığına bərpa) və 17-ci (Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) maddələrinə belə bir bənd əlavə edilir: "Azərbaycan Respublikasının vətəndaşlığına bərpa və yaxud vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Layihədə qanunun 16-cı (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar) maddəsinin ikinci hissəsinin ("Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində”) ləğvi də nəzərdə tutulur. Bundan başqa, layihəyə əsasən qanunun 18-ci (Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi) maddəsində qaydalara məhkəmə tərəfindən verilən qərarla itirilməsi qaydaları da əlavə edilir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və sentyabrın 30-da müzakirəyə çıxarılacaq.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa və vətəndaşlığından çıxma ilə bağlı təklif olunan dəyişiklikləri dəyərləndirən ekspert Azər Allahverənovun sözlərinə görə, Azərbaycanda miqrasiya qanunvericiliyi daim təkmilləşir və zaman-zaman yeni dəyişikliklərin şahidi oluruq: "Vaxtı ilə vətəndaşlıqla bağlı 20-dən yuxarı qanun və normativ aktlar var idi. Hansılar ki, miqrasiya proseslərinin idarə olunmasına yönəlmişdi. Sonradan isə Miqrasiya Məcəlləsi qəbul olundu və həmin qanunlarla normativ aktlarda öz əksini tapan əsas müddəaların külliyyəti orada əks olundu”.

A.Allahverənovun sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşlığına bərpa və vətəndaşlığından çıxma qaydalarının dəyişdirilməsi ilə bağlı Milli Məclisə tövsiyə olunan əlavələr də Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi kontekstində nəzərdə tutulan müddəalar sırasındadır: "Bu dəyişikliklərdən əlavə Dövlət Miqrasiya Xidməti tərəfindən təklif olunan digər əlavələr də var. Hesab edirəm ki, bütün bu təkliflər yaxın zamanlarda Miqrasiya qanunvericiliyində öz əksini tapacaq”.

Əlavə və dəyişikliklərin təyinatına gəldikdə isə ekspert deyib ki, miqrasiya proseslərinin uğurlu idarə olunması bir növ həyata keçirilən dəyişikliklərin və təkmilləşmə prosesinin nə dərəcədə effektiv olmasından asılıdır: "Qanunvericilikdə vətəndaşlığına bərpa və vətəndaşlığından çıxma, vətəndaşlığın itirilməsi qaydaları hər zaman aktual olaraq qalır. Bəzi hallarda buna dair iddiaçıların da müəyyən narazılıqları olur. Hesab edirəm ki, Azərbaycan Respublikası vətəndaşlığına bərpa və vətəndaşlığından çıxma qaydaları ilə bağlı Milli Məclisə tövsiyə olunan dəyişikliklər miqrasiya qanunvericiliyinin məhz bu aspektinin daha da effektiv şəkildə həyata keçməsini təmin edən dəyişikliklər kimi dəyərləndirilə bilər. Hər halda bu əlavələr sadəcə dəyişiklik xatirinə yox, sözügedən müddəaların inkişafı və daha da təkmilləşdirilməsinə yönəlib. Şübhəsiz ki, qanunun dili bir qədər quru olur və biz yalnız formal dəyişiklikləri görürük. Amma bir məsələ var ki, bir müstəvidə edilən dəyişikliklər digər normativ aktlar və icra qurumlarının fəaliyyətində də öz əksini tapmalıdır. İlk baxışdan bu, sırf mexaniki dəyişiklik kimi qəbul edilməməlidir. Bu təkliflər əgər Milli Məclis tərəfindən qəbul olunsa, sözügedən məsələlərlə bağlı prosedur qaydalarının bir qədər də təkmil işləməsinə gətirib çıxaracaq”.

Şəymən