Narkotika qəbul edənlər məsuliyyətə cəlb olunmayacaq?

Baş Prokurorluq nəzərdə tutulan dəyişikliyə etiraz etdi
“Məsələyə incə yanaşmaq lazımdır. Yəqin ki, prokurorluq hüquqi baxımdan məntiqə uyğun gəlməyən məsələlər ayırd edib etiraz edir”

Respublika Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov bildirib ki, prokurorluq Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən narkotik vasitələrdən istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinədir.

O bildirib ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması doğru deyil: "Çünki yaşadığımız region elə bir yerdir ki, burada narkotik vasitələrin tranzit dövriyyəsinə cəhdlər edilir. Eyni zamanda, əgər kimsə bilsə ki, digəri bunu daha çox istifadə edir, o, həmin vasitənin daha çox satılmasına meyilli olacaq ki, bu da cinayətin sayına təsir göstərəcək”.

Qeyd edək ki, dəyişikliyə əsasən CM-nin 234.1-ci maddəsində cəza sanksiyası ləğv edilir və narkotik istifadəçisi məcburi stasionar müalicəyə göndərilir.
Ali Məhkəmənin Ağır Cinayətlər Kollegiyasının sədri Şahin Yusifov da bu maddənin dekriminallaşdırılmasının əleyhinə çıxıb.

N.Hüseynovun fikirləri ilə bağlı "Şərq”ə açıqlama verən sabiq polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, bir sıra Avropa ölkələrində narkotik vasitə qəbul edən şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Əksinə, onların məcburi şəkildə müalicəsi nəzərdə tutulur: 

"Mərkəzi Avropa və latın Amerikasının bəzi ölkələrində narkotikadan istifadəni inzibati xəta kimi qəbul edirlər. Azərbaycanın indiki durumu nə Mərkəzi Avropa ölkələri, nə də ABŞ-ın bəzi ştatları kimi deyil. İndiki vəziyyətdə həmin şəxslərin həbs olunması düzgün deyil. Burda çox incə məsələlər var. Xarici ölkələrdə narkotika qəbul edənlərin azadlıqdan məhrum edilməsi heç də müsbət hal kimi qəbul olunmur. Həmin şəxslərin müalicəsi daha önəmli hesab edilir.

Artıq kimsə məhkum olunub, sonra da azadlığa çıxıb. Yəni ki, ola bilsin, bu şəxs narkotiki bir dərman kimi qəbul edir, cinayətkar ünsür kimi yox. 

Onların tutulmağı hüquqi və məntiqi baxımdan düzgün deyil. Bu halda onlara məcburi müalicə təyin edilir. Prokurorluq hələlik etirazlar edir, incə məqamlar var, yəqin bu məqamlar hələ ki, nəzərə alınmır. Narkotiklərin miqdarı müəyyən olunmalıdır. Aşkarlanmalıdır ki, nə qədər miqdar qəbul olunanda, bu, cinayət sayılır. 

Əgər kimsə satırsa, başqasına verirsə, bu şəxs məsuliyyətə cəlb olunmalıdır, çünki başqasını qəbul etməyə vadar edir. Bəziləri senssasiya yaratmaq üçün belə təkliflər irəli sürür. Yenə deyirəm kimsə özü qəbul edirsə, onun tutulmasına lüzum yoxdur. Məcburi qaydada müalicə olunmalıdır. Azərbaycan reallığı bu məsələdə ciddi rol oynayır. Azərbaycan Belçika, Avstriya, Lüksenburq deyil axı. Belə şeylər nəzərə alınmalıdır, məsələyə incə yanaşmaq lazımdır. Yəqin ki, prokurorluq hüquqi baxımdan məntiqə uyğun gəlməyən məsələlər ayırd edib etiraz edir”.

Yeganə Bayramova