“Mən pul yığmaq üçün yaşamıram. Mənim öz məqsədim, istəklərim var”
“Nə məcburdu?”
Elnarə Abdullayeva: “Müğənni var evində 5 manat pulu yoxdur, altında 100 minlik kredit maşın sürür”
“Mən pul yığmaq üçün yaşamıram. Mənim öz məqsədim, istəklərim var”
“Mən pul yığmaq üçün yaşamıram. Mənim öz məqsədim, istəklərim var”
Həmsöhbətim fərqli ifası və səs tembri ilə həmkarlarından seçilən, sevilən müğənni, Əməkdar artist Elnarə Abdullayevadır.
- Sənət aləmində qlamur həyat yaşayan sənətçilər bəllidi. Amma insanlar heç vaxt sizi varlı müğənni kimi tanımayıblar. Təbii ki, maddi cəhətdən nəzərdə tuturam. Çünki mənəvi cəhətdən çox yüksəkdəsiniz, bunu gördüyünüz əməl də sübut etdi. Yəni, heç də varlı müğənni kimi tanımadığımız Elnarə Abdullayevanın 200 000 manat sərmayə qoyub, kəndlərinə su çəkdirməsinə hərə bir şəkildə reaksiya verdi. Bu pulu qəpik-qəpik yığırdın, yoxsa elə varlıydın, bizim xəbərimiz yox idi?
- Uzun illər sənətdə olan bir insan kimi tədarükümü görürdüm. Çünki üzərimdə belə bir missiya var idi. Allah rizası üçün bu işi görməliydim. Son qəpiyimə qədər pulumu qoyub kəndimizə su çəkdirdim. Bir də şou aləmində bəziləri özlərindən razılıq edib, dünənini unudurlar. Mən kənddən gəldiyimi heç vaxt unutmamışam. Yəqin sizin dediyiniz o qlamur görünən müğənnilərin dədə-babası, nənələri elə əvvəldən elit olublar. Vallah, müğənni var evində 5 manat pulu yoxdu altında 100 minlik kredit maşın sürür. Bax, nə məcburdu? Soruşan lazımdı, qarnına yemək tapmırsan, o maşının qarnını benzinlə necə doldurursan? Vallah, mən onlara xəstə məxluq kimi baxıram.
- Ümumiyyətlə, etdiyin yaxşılığın əvəzində pislik görəndə bu, səni incidir?
- Cəhənnəmə eləsinlər. Bilirsən məni nə incidir? Onların qanmazlığı...
- Amma Allah bütün yaxşılıqların mükafatını verir.
- Mən bu işi görəndə hamı mənə deyirdi ki, Allah bunun onqat əvəzini sənə verəcək. Dəli olurdum, deyirdim ki, mən bunu məqsədli şəkildə eləmirəm ki, Allah da əvəzini mənə versin. Tövbə, tövbə. Bunu qorxudan etdim ki, birdən səsim tutular, pul qazana bilmərəm, ya ölərəm, vaxtım çatmaz bu işi görməyə.
- Bir dəfə efirdə dedin ki, mən o dünyayla əlləşirəm, bu dünya boş şeydir...
- Əslində, belədir də. Mən o pulu zülmlə qazanıram, amma böyük həvəslə Allah rizası üçün xərcləyirəm. İnsanlar çox şeyi dərk etmir, etsələr, onlar da başa düşərlər ki, bu dünyadan özləri ilə heç nə aparmayacaqlar.
- Bəziləri də deyir ki, Elnarə belə danışıqları ilə diqqət çəkməyə çalışır.
- Vallah, məni tanıyan tanıyır. Bir Allahdan başqa heç kimdən qorxum da yoxdu, çəkindiyim də. Ailəmə də hörmətim var. Kimsə ərindən qorxur. Bacı, mənim Allahdan başqa kimsədən qorxum yoxdu. Sadəcə mən artistlik edə bilmirəm. Düzdü, sənət aləmində bunu bacarmaq da bir istedad tələb edir. Mənim belə istedadım yoxdu. Mən yalandan kiməsə xoş olsun deyə söz deyə bilmirəm. Kimsə məndən inciyirsə, incisin. İnanın, heç mənim üçün o qədər maraqlı da deyil kim buna görə məndən inciyir. Şou aləmindəkilər hələ şükr etsinlər ki, mən onların bütün eyiblərini açıb çılpaq demirəm. Bəziləri bir az ağıllı olsunlar. Vallah, bir gün açıb ad çəkərək olanları deyərəm, camaat arasına çıxa bilməzlər. Mənim heç kimlə işim yoxdu. Amma soruşurlar, öz fikrimi bildirirəm. Kim mənim dediyimi qəbul etmirsə, su içib sakitləşsin.
- Elnarə sevgiyə inanmır. Övladların da sevsə, onların istəyi ilə ailə qura bilməzlər...
- Mənim üçün sevgi deyilən şey yoxdur. Mən Allahdan başqa heç kimi sevməmişəm. Allah sevgisi hər şeydən irəlidir. Sevginin də qədəri var. Bütün sevgini ailənə, uşaqlarına sərf etmək olmaz. Sevgini bərabər paylamaq lazımdır. Ən böyük sevgi Allaha olan sevgidir. Amma insan çox naşükürdür. Allah nə qədər versə də, yenə də naşükürlük edir. Qaldı uşaqlarıma, bəli, onlara da demişəm. Kimsənin ağlına belə gəlməsin ki, nə vaxtsa qarşıma çıxıb deyə bilər ki, kimisə sevirəm. Bu sözü mənə deyə bilməzlər. Allah qisməti, mən kimi desəm, o insanla da ailə qurmalıdırlar. Vəssalam.
- Elə çox bəzənib-düzənmirsən. Hətta səhv etmirəmsə, demisən ki, bəzənib-düzənməkdən zəhlən gedir...
- Hə, bəzənib-düzənmək ruhumu çox yorur. İnanın, bəzən efirə getməyə 15 dəqiqə qalmış əlimin altında yüngül nə olubsa, onu tez üzümə çəkib elə sadə bir saç düzümü edib evdən çıxmışam. Bəziləri deyir, mən bu paltarı 1 dəfə geyinmişəm, bir də necə geyinim? O nə deməkdi ki? Harınlamaq belə olur da. Adam var evinə çörək pulu tapmır. Ona görə də israfçılıq etmək günahdı.
- Uşaqların üçün gün ağlamısan?
- Yox, yaşadığım evdən başqa bir evim də var. Qismət olsa, villam da olacaq. Olmasa da, heç olmasın. Mən pul yığmaq üçün yaşamıram. Mənim öz məqsədim, istəklərim var. Mən onları çatdırmaq istəyirəm. Təbii ki, həyat imkan versə.
- Toylardan yaxşı pul qazana bilirsən?
- Qazanıram, amma xalqımdan aldığım pulu da onlara qaytarıram.
- Bəziləri kimi özünə xərcləmirsən...
- Bəziləri kimi yox, hamısı kimi.
- Heç şou-biznes nümayəndələri gördüyün bu xeyirxah işə görə səni təbrik etdilər?
- Yox, ay qız. Əksinə, dedilər ki, sənin başın xarab olub, bu boyda pulu camaata xərcləyirsən. Əslində, mənim gördüyüm iş bir dəvətdir. Mən kiməm ki, bu işi görəm, Allah rəva gördü. Səsim tutulmuşdu, Allah açdı. Allah özü nizamlaya-nizamlaya gətirib çıxardı bura. Mənim beynimə yeritdi ki, bu işi sənə rəva görürəm, sən də elə. O birilərə də edə bilərdi, çünki yeri gələndə, onlar məndən də çox qazanır. Amma məhz mənə nəsib elədi, məni seçdi. Buna görə hər an ona şükr edirəm.
- Elnarə, səncə, niyə insan maddiyyatdan uzaqlaşıb, mənəviyyata yaxınlaşdıqca, özünü dərk etdikcə, ona kənardakılar dəli kimi baxırlar?
- Onlar deməsələr də, baxışlarından bunu başa düşürəm. Heç kim məni bu dünyanın malı ilə aldada bilməz. Dünyanı mənə hədiyyə etsələr də, aldanmaram.
- Mənə çox maraqlıdır, bir qadın kimi, sənin anlamında xoşbəxtlik nədir?
- Qeyrət, mənəviyyat, vicdan, ləyaqət. Xoşbəxtliyin zirvəsi budur. Mən elə anadan olandan, dünyanı dərk edəndən o pik nöqtədəyəm. Elə bilirəm ki, bu mənada dünyanın ən bəxtəvər adamıyam.
- Səni nə bezdirir, nə sıxır bu həyatda?
- Elə biri bəzənib-düzənmək... Nə qədər bəzənib-düzənib o verilişə, bu verilişə getmək olar. Nə qədər olar e?.. Bir də dedi-qodudan sıxılıram. Müğənnilərin ikiüzlülüyündən bezirəm. Burdan can deyib qucaqlaşırlar, qapıdan çıxan kimi qeybət qılırlar.
- Elədirsə, bəzənmə-düzənmə, get...
- Olmur da... Onda da adama başqa cür baxırlar. Son bir ildə demirəm, əvvəl ümumiyyətlə çoxları elə düşünürdü ki, mənim kosmetikadan, parfümdən filan anlayışım yoxdu. Elə ən bahalı ətirləri də bunlar işlədir, bahalı kosmetikalar da bunlardan başqa heç kimdə yoxdu. Vallah, pis səslənməsin, amma mənim işlətdiyim parfümləri, bahalı kosmetikaları, nə bilim, kremləri çoxları nisyə ala bilir bəlkə. Sadəcə mən bunun xəstəsi deyiləm. Mənə bəziləri kəndçi kimi baxıb. Elə bilirlər ki, elə bunlar qısa geyinirsə, nə bilim, açıq-saçıq görünürlərsə, demək müasirdilər. Mən danmıram, kənd qızıyam. Amma onlar kimi gecələr borc dərdi ilə yatmıram da.
- Qadınlara qarşı da yaman aqressivsən. Keçən dəfə efirdə deyirsən ki, qadın ərindən boşanıbsa, pul qazanmalı, uşaqlarını saxlamalıdır. Saxlaya bilmirsə, ölməlidir.
- Düz deyirəm də. Qadın canı çıxıb işləyib, özünə gün ağlamalıdır. Məni öz orbitimdən çıxaran qadının mənəviyyatsızlığıdır. Bir də görürsən, əxlaqdan xəbəri olmayan biri ekspert qismində çıxıb efirdən qadınlara əxlaq dərsi keçir. Heç kim də bilməsə, o qadın öz zibilini yaxşı bilir. Yaxşı bilir ki, hansı yuvanın quşudur. Heç olmasa, dinmə də. Camaata niyə nağıl danışırsan? Keçən dəfə mənə də işarə vurdular ki, yaxşılığı dilə gətirməzlər. Guya da bunlar ağıllı danışır. Dedim, ağıllı danışmaq olar, amma hamı ağıllı hərəkət eləmir. Ağıllı hərəkət etmək hər oğulun, hər qadının işi deyil.
- Rəfiqələrin var?
- Yox, yox, yox.
- Bir problemin olanda kiminlə paylaşırsan?
- Heç kimlə. Asəf Zeynallı adına texnikumda oxuyanda bir qızla dostluq edirdim, bu neçə ildə onunla salam-kalamım var. Onu da ildə bir dəfə görürəm.
- Yəni, dərdin-sözün olanda paylaşmırsan?
- Qadın zəif nöqtəsini dedisə, tez qarmağa düşür. Qadın gərək zəif nöqtəsini paylaşmasın. Özü çıxış yolu axtarsın tapsın.
- Onlar ailə quranda seçimlərinə qarışacaqsan?
- Mütləq qarışacağam. Hər yoldan keçəni evimə gəlin gətirmərəm, hər yoldan keçənə də qız vermərəm.
- Bəlkə, sevdilər?
- Qələt edib sevərlər. Bu barədə özlərinə də demişəm ki, sevgi-zad boş şeydir, işinizi bəri başdan bilin. Mən neçə vaxtdır evdə təbliğat aparıram ki, boş-boş şeylərlə başınızı yormayın. Sevgi-zad boş söhbətlərdir.
- Geyimlərinə qarışırsan?
- Demişəm ki, adam balası kimi geyinin. Özüm XVII əsrdən qalsam da, qəşəng geyimləri xoşlayıram. Qoymaram ki, qızım dizdən yuxarı yubka geyinsin.
- Heç uşaqlarına əl qaldırırsan?
- Yalandan deyim ki, yox...? Bəs nə? Əvvəllər döyürdüm. İndi isə bir baxışımdan qorxurlar.
Tahirə