"Neft ixracının artması qiymətin bahalaşması ilə bağlıdır"




"Neftin qiymətinin bahalaşması əhalinin rifahına birbaşa təsir göstərir”

Bu barədə "Sherg.az”a Azərbaycanın neftin ixracını artırmasına münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, neftin ixracının artması onun qiymətinin yüksəlməsi ilə bağlıdır:

"Qara qızıl"ın həcmində elə bir ciddi artım olmayıb. Hətta Azərbaycan OPEK və Rusiya anlaşmasına uyğun olaraq az da olsa, hasilatda azaltmaya gedib. Bu il neftin qiymətində ciddi qiymət bahalaşması  olub. Keçən ilə nisbətən bu il "qara qızıl"ın qiymətində 35-40 faiz artım var. Ötən ilin may ayında neftin qiyməti 46 dollar idi. Amma indi isə 74-76 dollar civarında dəyişir. Qiymətin artması dövlət büdcəsinə gələn gəlirin çoxalması deməkdir. Dövlət büdcəsində isə gəlirin artması daha layihələrin icrasına, dövlət xərcləmələrinin artmasına yol açır. Həmçinin neftdən gələn gəlirin artması yeni iş yerlərinin açılmasına, əhalinin işlə təmin olunmasına və az da olsa əhalinin güzaraının yaxşılaşmasına şərait yaradır. Belə bir amil də var ki, Azərbaycandakı iqtisadi vəziyyətlə bağlı son zamanlar büdcə xərcləmələrinin artması da, büdcədə edilən dəyişikliklər də neftin qiymətinin artması ilə bağlıdır”.

Qeyd edək ki, bu ilin I yarısında Azərbaycan gömrük bəynnamələrinə əsasən, 13 564 784 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsinin statistikasına görə bu həcmdə məhsulun dəyəri 6 945,438 mln. ABŞ dolları təşkil edib. Bu ilin I yarısında ixrac olunan məhsulun miqdarı ötən ilin müvafiq dövründən 39,7%, dəyəri isə 81% çox olub. Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 80,18% olub.

Kənan Eynuroğlu