Neftin qiyməti qalxır, büdcəyə yenidən baxıla bilər

Vahid Əhmədov: “Məsləhət olsa, may-iyun aylarında büdcəyə yenidən baxıla bilər”
Azər Mehdiyev: “İndiki halda büdcədə hər hansı dəyişikliklərin edilməsi haqqında danışmaq vaxtından tez atılan bir addımdır”


"AzəriLayt” markalı neftin bir barelinin 50 dollara yaxınlaşması və bəzən bu həddi aşması ölkəmizin 2016-cı il üzrə dövlət büdcəsinə yenidən baxılması məsələsini gündəmə gətirib. Ona görə ki, neftin qiyməti dövlət büdcəsində 25 dollardan götürülüb. Bu baxımdan bəzi ekspertlər dövlət büdcəsinə yenidən baxılmasını vacib hesab edir.

İqtisadçı millət vəkili Vahid Əhmədov da "Şərq”ə bildirib ki, dünya bazarında Azərbaycan neftinin qiymətinin bu həddə çatması ölkəmizin 2016-cı il üzrə dövlət büdcəsinə yenidən baxılmasını zəruri edə bilər: "Hazırda isə neftin qiyməti 50 dollara yaxınlaşır və bəzən bu həddi keçir. Qiymətin təxminən iki dəfə artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması ilə nəticələnəcək. Məsləhət olsa, may-iyun aylarında büdcəyə yenidən baxıla bilər. Ancaq baxılmaya da bilər, çünki əlavə vəsait ola bilsin ki, Dövlət Neft Fonduna yığılsın və oradan transfer edilsin. Büdcəyə yenidən baxılsa belə, burada qanuna zidd heç nə yoxdur”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehdiyev isə hesab edir ki, neftin qiymətinin 50 dollara yaxınlaşması və bu həddi aşmasının indiki halda nə qədər davam edəcəyini söyləmək tezdir. "Neftin qiymətinin qalxması daha çox Nigeriyada baş verən son hadisələr və bazarda müəyyən qədər neftə tələbin artması fonunda baş verən proseslərlə bağlıdır. Neft bazarı da buna sakit yanaşmayacaq. Ayrı-ayrı ölkələrdə istehsalın artması baş verə bilər. Artan tələbatı qarşılamaq üçün hasilatın artması baş verə bilər”.

Ekspertin qənaətincə, bundan sonrakı proseslər önəmli olacaq: "Neftin qiyməti qalxdıqca, ən azından Amerikanın dövriyyəyə şist nefti buraxmaq imkanları genişlənir. Əlavə buruqların ortaya çıxması yaranır, əlavə bazarlara neft daxil ola bilər. Bu da neftin qiymətinin çox yüksəyə qalxmayacağını söyləməyə əsas verir”.

A.Mehdiyev düşünür ki, indiki halda büdcədə hər hansı dəyişikliklərin edilməsi haqqında danışmaq vaxtından tez atılan bir addımdır: "Bütün hallarda neftin qiyməti uzun müddət 50 dollardan yuxarı olarsa, ilin son rübündə bu məsələyə baxıla bilər”.

Ayyət Əhməd