Neftin qiyməti yenə 25 dollara düşə bilər

Oqtay Haqverdiyev də hesab edir ki, yaxın illərdə neftin qiyməti 90 dollara qalxmayacaq



Son günlər neftin qiymətində ciddi dəyişikliklər baş verir. Ötən həftəyə qədər bu məhsulun qiyməti yüksələn xətt üzrə inkişaf etsə də, hazırda ucuzlaşmaqda davam edir. Şübhəsiz ki, qiymətlərin dayanıqlı olmaması müxtəlif proqnozlara yol açır. Bəzi ekspertlər bu ilin sonuna qədər neftin 50, 60 dollar ətrafında dəyişəcəyini iddia edir.

Bununla yanaşı, qiymətlərin 25 dollara qədər enəcəyini söyləyənlər də var. Məsələn, bu günlərdə "The Daily Telegraph” qəzetinin tanınmış neft yazarı Ambrose Evans-Pritchard qeyd edib ki, ucuzlaşma təhlükəsi neftin başından sovuşmayıb və bu məhsulun bir bareli 25 dollar həddinədək düşə bilər. Müəllifin qənaətincə, ucuzlaşmaya səbəb hazırda Səudiyyə Ərəbistanının düşdüyü vəziyyətdir. Bundan başqa, "Bank of America”dan Francisco Blanch "The Telegraph” qəzetinə bildirib ki, rialın dollar sancağından açılması bu ilin "qara hadisələrindən” biri olacaq. Bu proses baş verərsə, neftin bir bareli 25 dollar olacaq.

Vəziyyəti şərh edən tanınmış iqtisadçı Oqtay Haqverdiyev "Şərq”ə söyləyib ki, neftin qiymətinin tənzimlənməsi Azərbaycanın əlində deyil. Ekspertin sözlərinə görə, dünya neft bazarında nə baş verirsə, biz onu qəbul edirik: "Düzdü, neftin qiymətinə dair beynəlxalq ekspertlər müxtəlif proqnozlar verirlər. Qiymətlərin 25 dollara düşəcəyini iddia edənlər də var. Amma əksəriyyət bu ilin axırına qədər neftin qiymətinin 50 dollar ətrafında dəyişəcəyini bildirir. Hətta ola bilər ki, 60 dollara da çatsın. Amma yaxın illərdə neftin 80-90 və 100 dollar olması gözlənilmir. Çünki neft hasilatı getdikcə artır. Yəni hazırda təklif tələbdən çoxdur. Ona görə də neftin qiyməti birdən-birə bahalaşa bilməz”.

Ekspertin fikrincə, Azərbaycan neftinin 50 dollara çatması və ya 50 dollara çatması büdcəmizə böyük köməkdi: "Neftin qiyməti heç zaman 25 dollara düşməyib, əksinə, qalxıb. Bu da sosial layihələrin davam etdirilməsinə imkan yaradır”.

O.Haqverdiyev diqqətə çatdırıb ki, manat daha dirçəlməyəcək: "Bunu yadınızdan çıxardın. Manat heç zaman dollardan baha olmayacaq. Neftin qiyməti 100 dollar da olsa, yenə də manat dirçəlməyəcək. Valyutamızın real qiyməti gec-tez öz yerini tutmalıdır. 2-3 il əvvəl demişəm və indi yenə də bildirirəm ki, hər bir valyutanın öz tutumluluğu var. Bizim manatın tutumluluğu neft və qazdan asılıdır. Dolların tutumunun arxasında isə nəhəng iqtisadiyyat durur. Baxın, manatın 1 il süni şəkildə saxlanılması üçün 1 milyard və ya 1 milyard yarım dollar xərclənirdi. Bizdə də manatı 5 il süni şəkildə saxladılar. Buna da milyardlar xərcləndi. Yəni böyük məbləğdə pullar havaya sovruldu ki, manat stabil qalsın. Əlbəttə, manat çoxdan buraxılmalı idi ki, yavaş-yavaş gəlib öz qiymətinə çatsın. Bu proses tədricən aparılmalı idi. Manat 5, 10 və 20 qəpik azala-azala getməli idi və bu gedişlə 3-4 ilə öz yerinə çatacaqdı. Amma bizdə manat birdən-birə buraxıldı. Milli valyutamız ilk olaraq 35 faiz, ikinci devalvasiyada isə 50 faiz ucuzlaşdı. Bu da cəmiyyətdə, insanlarda çaşqınlıq yaratdı. Ucuzlaşma tədricən getməli idi ki, cəmiyyətdə ajiotaj yaranmasın və devalvasiya insanlara psixoloji təsir göstərməsin”.

Ekspert hesab edir ki, 1 dollarla müqayisədə manatın real qiyməti 3-5 manata bərabər olmalıdır: "Devalvasiyalardan əvvəl 1 manat 1 dollardan baha idi. Belə olmalı deyildi. Elmə əsaslanan iqtisadiyyatda milli valyutalar buraxılmalıdır. Onun qiyməti valyuta bazarındakı tələb və təklif prinsipi ilə müəyyən olunmalıdır”.

Ayyət Əhməd