“Hərə öz marağını güdür. Bank gözləyir ki, hökumət edəcək. Hökumət strukturları da deyirlər ki, banklar yaxşı qazanır, getsin onlar güzəşt etsin”
“Neftin qiymətini unutmaq lazımdır”
Əli Məsimli: “Azərbaycanın ən böyük bəlası odur ki, hökumət strukturları “odu özünün, külü isə başqasının” qabağına çəkməklə məşğuldur”
“Hərə öz marağını güdür. Bank gözləyir ki, hökumət edəcək. Hökumət strukturları da deyirlər ki, banklar yaxşı qazanır, getsin onlar güzəşt etsin”
“Hərə öz marağını güdür. Bank gözləyir ki, hökumət edəcək. Hökumət strukturları da deyirlər ki, banklar yaxşı qazanır, getsin onlar güzəşt etsin”
"Niyə məhz, vətəndaş kəmərini sıxmalıdır? Monopolistlər, işbazlar və eyni zamanda korrupsionerlər də kəmərlərini sıxmalıdırlar”
Son zamanlar ölkə ictimaiyyətində manatın gələcək taleyi ilə bağlı müxtəlif iddialar dolaşır. Əksəriyyət milli valyutamızın növbəti dəfə ucuzlaşacağından narahatdır. Çünki artıq ekspertlər də bunu istisna etmirlər. Onlar mart ayının sonuna yaxın manatın növbəti devalvasiyasının qaçılmaz olduğunu bildirirlər. Bundan başqa, cəmiyyətdə neftin qiymətinin kəskin düşməsinə dair də fikirlər səsləndirilir. Səbəb isə İranın neft bazarındakı aktiv rolu ilə izah olunur. Eyni zamanda, son günlər paytaxt Bakıda kirayələrdə yaşayanların bölgələrə axını da ciddi müzakirə mövzusuna çevrilib.
Və məlum proses sosial evlər layihəsini növbəti dəfə gündəmə gətirib. Bütün bunları nəzərə alaraq Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-deputat Əli Məsimli ilə əlaqə saxladıq. O, "Şərq”ə müsahibəsində qeyd etdi ki, xalq evlərinin tikilməsinə artıq başlamaq lazımdır: "Ümumiyyətlə, biz nəsə deyəndə yalnız paytaxt Bakı ilə məhdudlaşdırırlar. Amma sosial evlər məsələsi bütövlükdə ölkəyə aiddir. Yəni bu, həm Bakıya, həm də regionlara şamil olunmalıdır. Hazırda insanlar regionlara qayıdırlar. İndi sosial evlər layihəsini gerçəkləşdirməklə, insanlara istifadə olunmayan ehtiyat torpaqlardan vermək olar. Onlara sosial ipotekanın şərtlərini yumşaltmaqla ipoteka da vermək mümkündür. Kimsə verilən torpaqdan yaxşı məhsul götürərsə, həmin adama dövlət qrant formasında yardım göstərməlidir. Düşünürəm ki, qaldırdığım sosial evlər məsələsinin gerçəkləşdirilməsi indi daha aktualdır.
- Manatın növbəti dəfə dəyərdən düşməsinə dair proqnozlar mövcuddur. Necə düşünürsünüz buna əsas varmı?
- Birinci o suala cavab vermək lazımdır ki, bu gün manatın məzənnəsi nədən asılıdır. Manatın məzənnəsinə həm xarici, həm də daxili amillər təsir göstərir. Həmin amillərə neftin qiyməti, geoplolitiq, geoiqtisadi, ABŞ-ın Mərkəzi Bankı rolunu oynayan Federal ehtiyat Sisteminin məzənnə siyasəti, Rusiyada rublun, Türkiyədə lirənin məzənnəsi, ölkədən pul axını, ölkəmizə valyuta gəlməsi, tədiyyə (ödəniş) balansının səviyyəsi, xarici ticarət, ümumi daxili məhsulun qalxıb, enməsi və s. məsələlər daxildir. Baxın, manatın məzənnəsinə təsir göstərən onlarla amillər mövcuddur. Manatın məzənnəsinə qısa müddətli təsirdən söhbət gedirsə, bu daha çox neftin qiyməti ilə bağlı olacaq. Neftin qiyməti bahalaşsa, manatın indiki məzənnəsi qalxmaqda davam edəcək. Yox əgər, neftin qiyməti indiki səviyyədən aşağı düşəcəksə, yəni 20-25 dollar olacaqsa və bu qiymət uzun müddət qalacaqsa, manatın ödəniş balansında ciddi problemlər yaranacaq. Bu da valyutamızın dəyərinə mənfi təsir göstərəcək. Manatın qiyməti dollara nisbətdə aşağı düşə bilər. Amma deyim ki, kabinetdə oturub manatın məzənnəsini proqnozlaşdırmaq mümkün deyil.
- Yaxın perspektivdə neftin qiyməti bahalaşa bilərmi?
- Məşhur məktubdakı kimi, "Bəlkə də qaytardılar”ı unutmaq lazımdır. Ola bilər ki, neftin qiyməti 40-50 dollar ətrafında olsun. Amma neftin qiymətini unutmaq lazımdır.
- Dollarla götürülən kreditlərlə bağlı yaranmış problem hələ də qalmaqdadır. Bunun tənzimlənməsinə dair hansısa təkliflər vermisinizmi?
- Bəli, vermişəm. Azərbaycanın ən böyük bəlası odur ki, hökumət strukturları "odu özünün külü isə başqasının” qabağına çəkməklə məşğuldur. Hərə öz marağını güdür. Bank gözləyir ki, hökumət edəcək. Hökumət strukturları da deyirlər ki, banklar yaxşı qazanır, getsin onlar güzəşt etsin. Belə yanaşma başdan ayağa yanlışdır. Belə ağır vəziyyətlərdə yüklərin bölüşdürülməsi nəzəriyyəsindən istifadə edilməlidir. Devalvasiya nəticəsində büdcəyə əlavə vəsait daxil olursa, deməli ağırlığın bir hissəsini hökumət üzərinə götürməlidir. Bir hissəsini illərdir çox yüksək faizlərlə gəlir götürən banklar ödəməlidir. Bir qismini də Mərkəzi Bank (MB) kompensasiya etməlidir. Çox cüzi qismini isə əhali verməlidir. Beləliklə də, həmin risklər MB, banklar, hökumət strukturları və əhali arasında ədalətli bölünməlidir. 5 min dollara qədər olan kreditləri köhnə məzənnə ilə qaytarmaq üçün 2 milyon dollar pul lazımdır. Dediyim üsulla gedilsə, heç kimə ciddi ağırlıq düşməz. 5 mindən yuxarı məbləği isə ya zamanı uzatmaqla, ya faiz dərəcələrini aşağı salmaqla, ya da bir müddət faiz almamaqla yoluna qoymaq olar. Bu vasitələrə prosesləri xeyli dərəcədə yumşaltmaq olar.
- Manatın uzlaşmasından sonra ölkədə ciddi bahalaşma qeydə alındı və hökumət bahalaşmadan daha az zərərlə çıxmaq üçün insanları qənaət rejiminə səslədi. Bunu necə dəyərləndirirsiniz?
- Qənaət rejiminə birmənalı deyil, kompleks yanaşıram. Niyə yalnız vətəndaş qənaət etməlidir? Niyə məhz, vətəndaş kəmərini sıxmalıdır? Monopolistlər, işbazlar və eyni zamanda korrupsionerlər də kəmərlərini sıxmalıdırlar. Belə olarsa, qənaət rejimindən müsbət nəticə çıxarmaq olar. Bütün ağırlığı xalqın üstünə atmaq doğru deyil. Bu, ədalətsiz və çox perspektivsiz yoldur.
Böhrandan sui-istifadə edib süni qiymət artımına gedənlər də oldu. Məsələn, çörəyin qiymətini bir neçə dəfə süni şəkildə qaldırıblar, dövlət başçısının tapşırığından sonra endiriblər. Bu, nədən irəli gəlir?
- Həmişə çörəyin qiymətində manipulyasiyalar olur. Çörək elə məhsuldur ki, onun bahalaşması az təminatlı ailələrə ciddi ziyan vurur. Eyni zamanda, bunun psixoloji təsiri də mövcuddur. Elə xalqlar var ki, məsələn, hansısa bir şkaf alanda deyir ki, bu şkafa 15 şüşə araq ala bilərdim. Amma Azərbaycanda deyirlər ki, həmin şkafa verdiyim pula 3 ay ailəmə çörək alardım. Çörəyin qiyməti qalxan kimi psixoloji cəhətdən digər məhsulların da qiyməti qalxır. Ona görə də hökumət çörəyin qiymətini ədalətli səviyyədə saxlamaq üçün tədbirlər görür. Həmin tədbirlərdən biri də ƏDV-nin aradan qaldırılmasıdır. Bu, doğrudan da çörəyin bahalaşmasının qarşısını aldı. Düzgün addım idi. Amma bəziləri yenə də süni olaraq qiymətləri artırır. Hər məhsulda 1 qəpik süni qiymət artımı ümumi Azərbaycan ailəsinin illik büdcəsinə 170- 180 milyon manat zərbə vurur. Ona görə də süni qiymət artımının qarşısı alınmalıdır. Amma bu işi bilənlər hesab etməlidir ki, nahaq yerə hansısa sahibkarı süni qiymət artımı adı altında boğmasınlar.
- Həmkarınız Hadı Rəcəblinin "sosial yardım əvəzinə qoyun versinlər” təklifini necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, Hadı müəllimi tənqid etməyə ehtiyac yoxdur. O, 2-3 aydan bir çox maraqlı təkliflər irəli sürüb, əhvalımızı yüksəldir. Böhranlı vəziyyətdə əhval-ruhiyyəmizin qaldırılması da lazımdır. Tənqidə ehtiyac yoxdur. Sadəcə, kefimizin qaldırılması kontekstindən yanaşmaq lazımdır.
Ayyət Əhməd