“Nəvələrini küçəyə atan nənəni qınayıram”

-Əgər ata da uşaqlarına qarşı laqeyd münasibət sərgiləyirsə, dövlət həmin uşaqların himayəsini öz üzərinə götürməlidir...
“Anaları onları atıb sevgilisi ilə qaçıb deyə, aqressiyasını uşaqlardan çıxmalı deyildi”

"Sığınacağın uşaqlarını anadan gizlətmək və ona göstərməmək kimi bir səlahiyyəti yoxdur”. Hər halda ana dinlənilməli və onun övladlarını hansı səbəbdən atıb getməsi öyrənilməlidir. Ancaq istənilən halda sığınacağın o uşaqlar üzərində heç bir haqqı yoxdur”.

Bu sözləri nənəsi tərəfindən atılan üç uşağın anasına verilməyəcəyi ilə bağlı xəbəri şərh edən vəkil İradə Cavadova deyib. Onun sözlərinə görə, valideynlik hüququndan məhrum edilməsi ancaq məhkəmə qərarı ilə mümkün olur. Əgər ortada ciddi mübahisə yaransa, tərəflər məhkəməyə müraciət etməli və məsələ icra hakimiyyətlərinin qəyyumluq şöbəsi tərəfindən araşdırılmalı və yekun rəy verilməlidir: "Əvvəla onu deyim ki, nənənin uşaqları küçəyə atmasını qınayıram.

 Onun bu addımı çox pis örnəkdir. Hər halda həmin uşaqlar onun doğmasıdır və o, nəvələrinə sahib çıxmalı idi. Anaları onları atıb sevgilisi ilə qaçıb deyə, aqressiyasını uşaqlardan çıxmalı deyildi. Onun bu addımı çox təəssüfləndiricidir. Bu cür hadisələrin son vaxtlar cəmiyyətdə narahatlıq doğuracaq qədər artması da məni çox təəssüfləndirir. Analar övladlarını, onların gələcəyini düşünmədən atıb gedirlər.

 Belə anlarda isə atalar öz uşaqlarına sahib çıxmalıdır. Əgər ata da uşaqlarına qarşı laqeyd münasibət sərgiləyirsə, dövlət həmin uşaqların himayəsini öz üzərinə götürməlidir. Sığınacaqlardan fərqli olaraq, dövlətin uşaqları valideynlərinə verməmək hüququ var. Əgər övladını atan valideyn bu əməlindən peşman olduğunu dilə gətirsə, övladına sahib çıxacağına dair bütün məsuliyyəti öz üzərinə götürsə, dövlət uşaqları ona verə bilər. Ancaq bunun üçün məhkəmənin qərarı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, qəyyumluq şöbələrinin rəyi olmalıdır”.

Qeyd edək ki, nənəsi tərəfindən atılan üç uşağın anası Xəyalə Kərimovanın Bakıda işləməsi ilə bağlı jurnalistləri məlumatlandıran Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli deyib ki, uşaqlar artıq sığınacaq mühitinə adaptasiya olunub. V.Akifli qeyd edib ki, indi çalışdıqları yeganə şey həmin ata və ananın valideynlik hüququndan məhrum edilməsidir: "Uşaqların anası tapılıb gəlsə və onları geri istəsə, qətiyyən ona verməyəcəyik. Biz istəyirik ki, ailə tipli uşaq mərkəzinə yerləşdirilsinlər. Ayrı düşməsinlər”.

Şəymən