Nüşabə Sadıqlı Qubad İbadoğlunun görüş təklifinə təpki göstərdi
“Qubad bəy deyir ki, o, müzakirələri qapalı şəraitdə aparmaq istəmir. Məgər ADR sədri danışıqların açıq havada olmasını istəyir?!”
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu Müsavat Partiyasının rəhbəri Arif Hacılıya və eks-başqan İsa Qəmbərə birgə müzakirə aparmaqla bağlı təklif göndərib. Partiyanın ideoloji-siyasi xəttinə zidd mövqe tutanların qurumdan kənarlaşdırılmasını qınayan Q.İbadoğlu bu yanaşmaya son verilməsini tələb edib.
ADR sədri yanvarın 31-də M.Ə.Rəsulzadənin doğum günü münasibətilə Novxanıda keçiriləcək anım tədbirindən sonra partiyanın qərargahında problemləri müzakirə etməyin ən məqsədəuyğun zaman olduğunu vurğulayıb: "Əsas məsələlərdən biri Ənvər Əhmədin partiyadan çıxarılmasıdır. Amma təkcə, bu yox, partiyadaxili demokratiya məsələsi ətrafında da fikir mübadiləsi aparılmasının tərəfdarıyam. Tədbirə sosial şəbəkə vasitəsilə Arif Hacılını, İsa Qəmbəri və digər müsavatçıları da dəvət etmişəm. Mən istənilən halda müzakirələrin bağlı qapılar arxasında deyil, açıq və geniş formada aparılmasının tərəfdarıyam. İstənilən problemin həlli müzakirələrdən keçir. Bu müzakirə partiyadaxili demokratiya üçün çox əhəmiyyətlidir. Düşünürəm ki, təklif normal qiymətləndiriləcək”. Q.İbadoğlunun sözlərinə görə, birgə müzakirələrə qarşı çıxanlar açıq debatları arzulamayan və eyni zamanda arqumenti olmayan şəxslərdir.
ADR sədrinin birgə müzakirə təklifinə münasibət bildirən Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıqlı "Şərq”ə verdiyi açıqlamada deyib ki, qurum masaarxası danışıqların və birgə müzakirələrin tərəfdarıdır. Amma məsələ burasındadır ki, müzakirələrdən hər zaman boyun qaçıran elə narazıların özləridir: "Qubad bəydən öncə müzakirə təklifi partiya rəhbəri Arif Hacılı tərəfindən irəli sürülüb. Sədr dəfələrlə Q.İbadoğlunu, ümumiyyətlə, bütün narazı şəxsləri dəvət edərək onları dinləməyə hazır olduğunu bəyan edib. Amma çox təəssüflər olsun ki, narazılar başqanın təklifini min cür bəhanələrlə geri çeviriblər. Gah deyiblər vaxtımız yoxdur, gah da başqa bəhanələr gətiriblər. İndi şəxsən məndə belə bir sual yaranır. Niyə görə məhz Rəsulzadənin doğum günündə, yəni bir bayram günündə partiyanın qərargahına yığışaraq qurumdan qovulanların məsələsini müzakirə etmək istəyirlər. Axı bu, hansı məqsədlə edilir?”.
N.Sadıqlı bildirib ki, Müsavatın Nizamnaməsinə görə, partiyadan qovulan şəxs qərarın haqsız olduğunu düşünürsə, qurumun Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət edə bilər. Qərarın haqlı və haqsız olduğuna bu komissiya rəy verir: "Əgər müzakirə təklifi edənlərin məqsədi həqiqətən də problemləri, ziddiyyətləri çözməkdirsə, onda mənasız şərtlər irəli sürülməməlidir. Qubad bəy deyir ki, o, müzakirələri qapalı şəraitdə aparmaq istəmir. Məgər ADR sədri danışıqların açıq havada olmasını istəyir?! Hamı bir otağa yığılacaq və ixtilaflı məsələləri müzakirə edəcək. Burada problem yaradacaq heç nə yoxdur. Qubad bəy istədiyi gün öz tərəfdarları ilə birlikdə Müsavat rəhbərinin yanına gələrək təkliflərini, iradlarını səsləndirə bilər. Narazılar hansı məsələləri, necə istəyirlərsə, o cür də müzakirə edərik”.
Başqan müavininin sözlərinə görə, Müsavat Partiyası qətiyyən problemlərin çözülməsindən boyun qaçırmır. Sadəcə olaraq müzakirələrin formasını qəbul etmir. "Müsavat heç kimin diktəsi və təkidi ilə məsələləri həll etmir. Əgər məqsəd problemlərin həllidirsə, o halda günündən və yerindən asılı olmayaraq, narazılar partiyaya gəlməlidirlər. Ancaq görünür, onlar məsələləri bu formada deyil, daha çox diktə şəklində həll etmək istəyirlər”.
İsmayıl