“ABŞ-ı Qarabağ münaqişəsinin ədalətli həlli maraqlandırmır”
“Həmsədrlər 20 ildən artıqdır ki, böyük məbləğdə əməkhaqqı alır, dəbdəbəli otellərdə dadlı Qafqaz xörəkləri yeyir və kefi kök yaşayırlar. Axı onlar niyə bu problemin çözümünü istəsinlər ki?
Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, Pyer Andryu və İqor Popovla görüşüb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də toplantıya qatılıb. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və həmsədrlərin qarşıdan gələn dövr üçün nəzərdə tutulmuş fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ermənistanın təxribatçı əməllərinə diqqət çəkərək bunların danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü bildirib. Münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha vurğulayan E.Məmmədyarov ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb. Son vaxtlar təmas xəttində atəşkəsin pozulmasından və itkilərdən dərin narahatlıq hissi keçirdiklərini bildirən həmsədrlər yaxın vaxtlarda Ermənistanın xarici işlər naziri ilə görüşəcəklərini də bəyan ediblər. Görüşdən sonra isə növbəti dəfə tərəflərə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı bəyanat verilib.
Həmsədrlərlə görüşü şərh edən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bunun növbətçi bir görüş olduğunu deyib və siyasi nöqteyi-nəzərdən heç bir əhəmiyyət daşımadığını bildirib: "Əslində ortada həlli mümkün olmayan problem yoxdur. İşğal faktı və təcavüzkar ortadadır. Amma bütün reallıqların ortada olmasına baxmayaraq, beynəlxalq hüquqa uyğun heç bir davranış sərgilənmir. Biz tələb edirik ki, işğalçı Ermənistana öz yeri göstərilsin və beynəlxalq hüququn normalarına uyğun davranması tələb olunsun. Əgər bunlar edilmirsə, həmsədrlərin görüşü sadəcə siyasi komediyadır”.
Politoloqun sözlərinə görə, cəbhənin təmas xəttində monitorinq aparan qruplar həqiqətin ortaya çıxmasında, münaqişənin həll olunmasında maraqlı deyillər: "Həmsədrlər 20 ildən artıqdır ki, böyük məbləğdə əməkhaqqı alır, dəbdəbəli otellərdə dadlı Qafqaz xörəkləri yeyir və kefi kök yaşayırlar. Axı onlar niyə bu problemin çözümünü istəsinlər ki? Kim öz çörəyinə "barmaq” edər?”.
Rusiya işğalçı rejimə təsir etmək istəmir, çünki Dağlıq Qarabağ münaqişəsini özü yaradıb. Məqsəd isə Cənubi Qafqaz ölkələrini təsir altında saxlamaq mexanizmidir. Kreml yaxşı bilir ki, münaqişə həll olunarsa, Azərbaycan və Ermənistan Qərbə inteqrasiyaya meyl edə bilər. Eyni zamanda Fransa da münaqişənin həllini istəmir. Çünki bu ölkədə erməni lobbisi çox güclüdür. Burada sadəcə ABŞ faktoru qalır. Düzdür, ABŞ münaqişənin həllini istəyir, amma problem ondadır ki, Vaşinqton sadəcə problemin həllini istəyir, ədalətli həlli amerikalıları maraqlandırmır. Onlar Azərbaycanın da qarşılıqlı güzəştlərə getməyini tələb edirlər. Belə şəraitdə münaqişə necə həll oluna bilər”.
N.Miri bildirib ki, artıq bütün dünya Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini gözəl bilir: "Azərbaycan Prezidentinin son Almaniya səfərində baş nazir Merkel də birmənalı olaraq Dağlıq Qarabağ cəbhəsində gərginliyi alovlandıran dövlətin Rusiya olduğunu etiraf etdi. Rusiya indiki şəraitdə Qərbin geosiyasi maraqlarını vurmaqla hədələyir və Ukraynada bəzi şəhərləri ələ keçirməklə Krıma quru yolu salmağa çalışır. Əlbəttə, bu proseslər Qərbin Moskvaya qarşı sanksiyalarını sərtləşdirə bilər ki, bu da dalana dirənən Rusiyanın Dağlıq Qarabağda yenidən münaqişəni alovlandırması ilə nəticələnə bilər”.
İsmayıl