Bu gün repressiya araşdırmaçısı Sərxan Carçı "Şərq" qəzeti redaksiyasının nəzdində ötən il yaradılan Milli Mətbuat Tarixi Muzeyinə bu ilin 15 sentyabrında əlavə olunan "Nuru Paşa Odası”nı ziyarət edib.
"Sherg.az" xəbər verir ki, qəzetin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı Odada yer alan sənədlər və eksponatlar barədə qonağımıza ətraflı məlumat verdi. Görüləş işləri yüksək dəyərləndirən S.Çarçı redaksiyamıza əli boş gəlmədiyini söylədi.
Və o, "Qafqaz İslam Ordusu şəhidlərinə ithaf etdiyi və təqdimatı Nuru Paşanın məzarı önündə keçirilən "Cümhuriyyət Xilaskarları ƏMANƏT MƏZARLAR" adlı yeni işıq üzü görmüş kitabını "Nuru Paşa Odası"na hədiyyə etdi.
Fürsəti fövtə verməyən araşdımaçı müəllifi olduğu və sayca ikinci əsəri olan bu kitab barədə ətraflı məlumat verdi:
"Var gücümüzlə çalışdıq ki, kitabı 15 sentyabr tarixinə qədər dərc etdirə bilək və istəyimizə nail olduq. Bu mənada kitabda tənqidə açıq məqamların olması da istisna edilmir. Onu da oxucular bağışlasın. Çünki kitabı 15 sentyabra qədər çatdırmaq istəyirdik. Kitabın təqdimatını da adına və mövzusuna uyğun olaraq məhz 15 sentyabrda-zəfərin 100 illiyi günü ordu komandanı Nuru Paşanın məzarı önündə keçirdik. Bakıdan "Türk şəhidliyi" Xiyabanından bir övuc torpaq götürüb Nuru Paşanın məzarı üzərinə səpdik, onun böyük ruhu qarşısında kiçik bir vəfa borcumuzu yerinə yetirdik. Təqdimata 30-dan artıq insan toplaşmışdı. Möhtəşəm və yaddaqalan çıxışlar oldu. Bəyənilən, təntənəli bir təqdimat baş tutdu. Onu da deyim ki, kitabın sonluğunu Mehmet Akif Ərsoyun "İstiqlal Marşı"ndan uyğun bir bəndlə tamamladıq. Nə gözəl ki, M.A.Ərsoyun da məzarı həmin qəbiristanlıqda idi. Təqdimatımızı M.A.Ərsoyun məzarının ziyarəti ilə yekunlaşdırdıq. İndi isə Nuru Paşanın məzarı önündə olmuş bir kitabı "Nuru Paşa Odası"na hədiyyə edirəm".
S.Carçı kitabın ərsəyə gəlməsi və onun Türkiyəyə səfər edib orada təqdimat keçirməsi üçün maddi və mənəvi dəstək göstərənlərə minnətdarlıq ifadə edib: "Maliyyə yardımı üçün məxsusi olaraq "London Azərbaycan Evi"nin sədri Ali Təkin Atalara təşəkkür edirəm. Ali bəy ömrüm boyu yaddaşımdan silinməyəcək, həyatımda yaxşı mənada izlər qoyacaq, bir işin reallaşması üçün yardım əlini uzatdı".
Sonda, A.Aşırlı bu ziyarət, hədiyyə, eyni zamanda görülən iş və çəkilən əziyyətə verilən qiymət üçün qonağımıza təşəkkürlərini bildirdi.
Ayyət Əhməd