O ənənə bütün təhsil ocaqlarında bərpa olunmalıdır

Səhər dərslərinin başlanmasına 10 dəqiqə qalmış məktəbin qarşısında kollektiv şəkildə uşaqlar müəyyən idman hərəkətləri etsələr yaxşı olardı
İdman hərəkətləri uşaqların bədənini gumrahlaşdırır, zehni yorğunluğu aradan qaldırır, qan dövranını normallaşdırır


Çində məktəblərin birində dövlət tərəfindən gündəlik təmrinlər üzrə təsdiqlənmiş proqramın tələblərini rədd edərək şagirdlərlə birlikdə rəqs edən direktorun videogörüntüləri ortaya çıxıb. Sosial şəbəkə izləyiciləri direktorun işdən qovulacağı ilə bağlı ehtimallardan narahatlıqlarını ifadə ediblər.
Kadrlardan görünür ki, Şansi əyalətinin Linyi rayonunda yerləşən məktəbin 40 yaşlı direktoru Çjan Penfey uşaqlarla birlikdə rəqs edir. Həmkarları da onunla birlikdə rəqs hərəkətlərini təkrar edirlər.
Adi gimnastikanın nə şagirdlərin, nə də müəllimlərin xoşuna gəldiyini iddia edən direktora görə, üstəlik, gimnastika zamanı uşaqlar vaxtın çoxunu hərəkətsiz keçirirlər. Ona görə də direktor şəxsən özü uşaqlara rəqs dərsləri keçib və onlarla birlikdə özü də rəqsə qoşulub.

Yəqin ki, bu addımı bizim orta məktəb direktorlarından hansısa atmış olsa, hadisə ətrafında daha çox hay-küy yaranar, bəlkə də o, vəzifədən azad edilərdi. Halbuki, istənilən halda məqsəd uşaqların sağlamlığına və ruh yüksəkliyinin qaldırılmasına yönəlib, seçdiyi üsul bir az fərqli olsa da…
Qeyd edək ki, uşaqları səhər idmanına öyrətmək fiziki hərəkətlər dayaq-hərəkət sisteminin düzgün inkişaf etməsinə, uşaqlarda tez-tez rast gəlinən skoliozun qarşısının alınmasına kömək edir, xəstəliklərə qarşı orqanizmin davamiyyətini artırır. Məktəb dövründə edilən idman uşağın bütün həyatı boyu möhkəm immunitetinin bünövrəsini qoyur. 

Fiziki hərəkətlərlə müntəzəm məşğul olan şagirdlər fiziki cəhətdən möhkəm və sağlam olur, müəyyən bir işi daha tez və keyfiyyətlə yerinə yetirirlər.

Əvvəllər respublikanın bütün orta ümumtəhsil məktəblərində hər gün məktəbin səhər toplantısında şagirdlər Dövlət Himnini oxuduqdan sonra səhər gimnastikası ilə məşğul olub, məktəbə daxil olurdular. Səhər idmanı şagirdlərin gümrahlığını təmin edib, narahatlığının və gərginliyinin aradan qalxmasına səbəb olub, dərslərin qavranılmasında da öz müsbət nəticəsini göstərirdi. Bu iş məktəbin fiziki tərbiyə müəllimlərinin rəhbərliyi altında təşkil olunurdu. Ancaq son illərdə bu ənənə unudulub. Əksər məktəblərdə səhər və yaxud dərsəqədər gimnastikanın əsl mahiyyəti lazımınca qiymətləndirilmir. O, günün tələbləri baxımından lazımi səviyyədə təşkil olunmur.

Şagirdlərin dərs yükünün artması, kurrikulum sisteminin qəlizliyi, problemli dərsliklər müəllimləri, şagirdləri o qədər yorur ki, nə səhər gimnastikası, nə də fiziki hərəkətlər yada düşür.

Bunun bir səbəbi də müəllimlərimizin səhər gimnastikasına lazımi əhəmiyyət verməməsidirsə, digər səbəbi isə həmin işə məktəb rəhbərlərinin, xalq təhsil işçilərinin zəif nəzarət etməsində, xüsusən müəllimlərin onun səmərəli təşkilindən çətinlik çəkməsindədir.

Halbuki, bədən tərbiyəsi və idmanın mühüm tərkib hissəsi olan səhər gimnastikası şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafında böyük əhəmiyyətə malikdir. Mütəxəssislər şagirdlərin fiziki tərbiyəsinə, müxtəlif növ gimnastika hərəkətlərinə xüsusi əhəmiyyət verir və onları hər vasitə ilə müntəzəm surətdə həyata keçirməyi tövsiyə edirlər.

 Səhər gimnastikası şagirdlərin yuxu zamanı orqanizmdə yaranmış passiv vəziyyəti tədricən aradan qaldırır və onları tədris gün rejimində görüləcək tədbirlərə – fiziki və zehni əməyə hazırlayır. Sinir sisteminin funksiyasının normal yerinə yetirilməsinə zəmin yaradır. O, 6-8 hərəkətdən ibarət olub, 10-12 dəqiqə müddətində 4-6 dəfə təkrar edilməklə icra olunur. Dərsəqədər səhər gimnastikası kompleks hərəkətləri əsasən qol, ayaq, gövdə üçün hərəkətlərdən ibarət olur. Həmin gimnastika hərəkətləri daha çox əzələ qruplarına təsir göstərməli və şagirdlərin fiziki hazırlığına, inkişafına və sağlamlığına uyğun olmalıdır. Xüsusən qollar yuxarı, irəli, yanlara, əllər boyun arxasında, başda, baş üzərində olmaqla hərəkətlər icra olunmalıdır. Həmçinin, əllər müxtəlif vəziyyətlərdə barmaq və biləklər üçün hərəkətlər, ayaqların bükülüb-açılması ilə hərəkətlərdən də istifadə etmək olar. Bundan əlavə, dairəvi hərəkətləri, əyilmələri, dönmələr, əl, qıç, gövdə və başın bir-birilə uyğunlaşması ilə hərəkətlərin əlaqədar şəkildə yerinə yetirilməsi zəruri və daha əlverişlidir.

Təhsil eksperti Kamran Əsədov da "Şərq”ə açıqlamasında səhər gimnastikasının şagirdlərdə şən əhval-ruhiyyənin, özünə inam hissinin yaranmasına, yüksək estetik zövqün formalaşmasına xidmət etdiyini bildirib:

 "Şagirdlərin böyük əksəriyyəti səhər saatlarında dərsə getdikləri üçün onların evdə idman etmək imkanları olmur, ona görə də hər səhər dərslərinin başlanmasına 10 dəqiqə qalmış hava şəraiti uyğun olsa, məktəbin qarşısında kollektiv şəkildə uşaqlar müəyyən idman hərəkətləri etsələr yaxşı olardı. Düzdür, bu zaman çox idman hərəkətləri etmək tövsiyə olunmur, uşaqlar tərləyə, onlara soyuq ola bilər”.

Bakı şəhərində apardığı müşahidələrə əsasən K.Əsədov bir sıra orta məktəblərdə səhər saatlarında şagirdlərin gimnastik hərəkətlər etdiyini deyib. Onun sözlərinə görə, Xətai rayon 245 saylı orta məktəbdə bu, mütəmadı hal alıb və daimi olaraq təşkil edilir. Şagirdlər özləri böyük sevinclə bu prosesdə iştirak etmək üçün gəlirlər: "Məktəblərdə səhər saatlarında gimnastik hərəkətlərin edilməsi uşaqların bədənini gumrahlaşdırır, zehni yorğunluğu aradan qaldırır, qan dövranını normallaşdırır, fiziki qüsurların aradan qalxmasına şərait yaradır.

"Azərbaycan Respublikası təhsil haqqında" qanunda da nəzərdə tutulur ki, orta məktəblər təkcə bilik və bacarıqları yüksək səviyyədə olan şagirdlər yetişdirmir, eyni zamanda fiziki baxımdan da sağlam vətəndaş yetişdirməlidir”.

Şəymən