"O erməni gəlməsə, tədbir baş tutmayacaq"

Millət vəkili Koçaryanın Bakıya gəlişinə etiraz etdi



Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında təmsil olunacaq. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın sözlərinə görə, rəsmi Yerevanı iclasda Xarici İşlər Nazirliyinin (XİN) Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qeyd etdiyi kimi, QDİƏT XİNŞ-nin Bakıda keçiriləcək iclasında iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, kənd təsərrüfatı da daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin Şurasının iclası bu gün keçiriləcək.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov hər zaman olduğu kimi, bu dəfə də erməni təmsilçilərin Azərbaycana gəlməsinin yolverilməz olduğunu deyib. "O erməni diplomatdan soruşmaq lazımdır ki, Bakıya hansı məqsədlə gəlir? QDİƏT-in iclasında erməni iştirak etməsə, tədbir baş tutmayacaq?

Beynəlxalq tədbir çərçivəsində belə olsa ermənilərin Azərbaycana ayaq basmasını qəbul etmirəm. Mən bu cür səfərlərin tamamilə əleyhinəyəm. Adı nə olursa olsun, bu məsələyə əqidə ilə yanaşıram. Bu gün ermənilər torpaqlarımızı işğal altında saxlayırlarsa, Ermənistanla müharibə vəziyyətindəyiksə, onlar düşməndirlərsə, XİN rəsmilərinin, deputatlarının ölkəmizdə nə işi var?”.

Azərbaycanlılara qarşı soyqırım törədənlərin Bakıya gəlişinin doğru olmadığını vurğulayan E.Məmmədov bir millət vəkili, məcburi köçkün və Xocalı soyqırımını yaşamış sadə bir vətəndaş olaraq ermənilərin Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirakına qarşı olduğunu deyib. Düşmən torpağımı işğal altında saxlayır. Mənə qarşı soyqırım törədib, düşmənçilik edir. Bütün bunlar azmış kimi beynəlxalq qonaq adı altnda keçib yuxarı başda oturmasına göz yumuruq. Axı erməninin mənim torpağımda nə işi var?”.

Şəymən