"O qadının qolu sınıq vəziyyətdə işə çıxarılması işəgötürənin məsuliyyətinə daxildir"

Sahib Məmmədov:“Həmin qadına əmək qabiliyyətinin müvəqqəti pozulmasına görə, arayış verilməli idi. Həmin qadın müvəqqəti istirahət edə bilərdi"
"Kommunal xidmət sahəsində çalışan qadının bir qolu sınıq vəziyyətdə işə çıxarılması işəgötürənin məsuliyyətinə daxildir. Amma sosial şəbəkədə qadının fotolarının yayılması bir qədər ajiotaj yaratmaq üçün atılan addım idi”.
Bunu "Sherg.az”a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. 
Onun sözlərinə görə, həmin qadın pensiyası ilə dolana bilmir, gücü çatıb işləyirsə, ona heç kimin etiraz etməyə haqqı yoxdur:
"Mən Bakı şəhər Kommunal Təsərrüfat İdarəsinin küçələrin təmizlənməsində texnika əvəzinə işçi qüvvəsindən istifadə etməsinə də pis baxmıram. Çünki işçi qüvvəsi çox olan ölkələrdə texnikadansa, əl əməyinə üstünlük verirlər. Texnikaya çəkilən xərc də, əl əməyindən istifadə də bahalıdır.
Yaşlı qadın sonradan açıqlama verib ki, iş günü olmadığı halda öz istəyilə işə yollanıb. Ola bilər, vəziyyət dediyi kimidir. İstəməyib ki, öz sahəsinə başqa biri gəlsin və s. Burada əsas məsələ odur ki, həmin qadının şəklini çəkib, paylaşmaq düzgün deyil. Məsələn, mən həmin qadını görsə idim, şəklini çəkib yaymaq əvəzinə, ona kömək edərdim. Qadının mənafeyi bu məsələdə daha çox önəm kəsb edir”.
S.Məmmədov söyləyib ki, aidiyyəti qurumlar bu cür məsələlərdə məsuliyyət nümayiş etdirirlər:
"Həmin qadına əmək qabiliyyətinin müvəqqəti pozulmasına görə, arayış verilməli idi. Həmin qadın müvəqqəti istirahət edə bilərdi. O öz istəyi ilə işə gəlibsə, bu böyüdülməli problem deyil. Qeyd etdiyimiz məsələdən daha vacib problemlər var”.
Qeyd edək ki, sosial şəbəkələrdə şəkli yayılan Bakıda qolu sarğılı küçə süpürən qadın barədə bəzi məlumatlar üzə çıxıb. 1941-ci il təvəllüdlü, Alaverdova Nelya 10 ilə yaxındır ki, küçə süpürür. Sözügedən qadın mətbuata açıqlamasında qolu sınıq olduğu halda işə özü istəyərək getdiyini söyləyib. O bildirib ki, sosial şəbəkələrdə fotosunun yayılmasından narahatdır.
Aysel Aslan