Monitorinqin nəticələri göstərir ki, saytlarda vəziyyət daha dözülməzdir
O qədər səhvlər var ki...
Hamı operativ xəbər dalınca qaçır, dil normaları kobud pozulur
Monitorinqin nəticələri göstərir ki, saytlarda vəziyyət daha dözülməzdir
Monitorinqin nəticələri göstərir ki, saytlarda vəziyyət daha dözülməzdir
Kütləvi informasiya vasitələrinin dilindən narazılıq edilir. Ziyalılarımız, dilçilər istər televiziyaların, istərsə də, mətbuat və elektron KİV-lərdə Azərbaycan ədəbi dil normalarının tez-tez pozulduğundan narahatlıqlarını ifadə edirlər. Haqsız da sayılmazlar.
Azərbaycan dili bu ölkənin hər bir vətəndaşının qorumalı olduğu atributlardan biridir. Necə ki, dövlətimizin, dövlətçiliyimizin, tarixi kökləri olan ənənələrimizin, mədəniyyətimizin keşiyində dayanmaq hər birimizin vətəndaşlıq borcudur, eləcə də dilimiz mütləq qorunmalı, yad kəlmələrin təsiri ilə assimilyasiyaya uğramasına yol verilməməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən danışıb. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını bildirib. Vurğulanıb ki, xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürü olan dil həm də milli dövlətçiliyin rəmzidir və bu baxımdan onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur.
Dilçilik İnstitutunun "çiyinlərinə” düşən yük
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Bu proqram Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açır.
Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında aparıcı rol təbii ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutuna məxsusdur. Məhz Dilçilik İnstitutu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını həyata keçirir.
Dil nöqsanlarının aradan qaldırılması istiqamətində müxtəlif məsələlərlə yanaşı, KİV-lərdə və elektron mediada dil normalarının pozulmasının qarşısının alınması, ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi bu vəzifələr sırasına daxildir.
Vəzifələrin icrası istiqamətində görülən işlərdən biri də ölkə KİV-lərində ədəbi dil normalarının pozulması ilə bağlı monitorinqlərin aparılmasıdır. Monitorinqlər mətbuat orqanları, televiziyalar, informasiya saytları ilə bağlı keçirilir. Dilçilik İnstitutu ölkədə fəaliyyətdə olan elektron saytlarla bağlı 2016-cı ildən başlayaraq artıq 2 monitorinq həyata keçirib. Hələlik sonuncu monitorinqin nəticələri bu yaxınlarda açıqlanıb.
Saytların monitorinqi ilə bağlı "Şərq”ə məlumat verən Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov qeyd etdi ki, monitorinqlərə 20-dən artıq sayt cəlb olunub.
Leksik, üslubi, qrammatik pozuntular
Ş.Məmmədov bildirdi ki, müşahidə edilən dil qüsurları ilə bağlı "Qaynar xətt”ə müraciətlər də daxil olur. Saytlarda dilin inkişafına təsir göstərəcək ciddi proseslər müşahidə edilir. Saytlar publisistik üslubun yazılı kütləvi nitq forması olduğu üçün danışıq dilinə çox yaxındır. Saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir:
- Məsələn, "Bakıda avtomobil bazarında qiymətlər oynayır”, "Firuzə İbadovanın boşanan qızı hicaba keçdi” və s. Bu cür xəbər başlıqları adətən danışıq dilinin təsiri ilə yaranır.
Monitorinqə cəlb etdiyimiz saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir.
Saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar olduğu kimi, mətnlərin dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir.
Saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə də rast gəlirik. Məsələn, "L.Əkbərova onlara 100 min manatdan çox pul "atıb”.
Monitorinqə cəlb etdiyimiz APA, Lent.az, AZƏRTAC, Axar.az, Moderator.az, Müsavat.com, Trend.az, Teleqraf.az, Modern.az, Bakupost.az, Arqument.az, Qaynarinfo.az, Milli.az, Qafqazinfo.az İlkxəbər.org, Turkustan.info, Azpress.az, Azxəbər.com, Reaksiya.az, Aydınlıq.az, Cebhe.Info, Minval.info, Report.az və digər saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir.
Fonetik normanın pozulması halları əksər saytlarda müşahidə olunur:
" Şəhərdə gəzərkən ehtiyatlı olun”, "Rusiya açıqladı: 200 tonluq balistik raket...” "...borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib”, "...Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalınla görüş keçirilib”və s. Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur. Adətən mətnlər ciddi şəkildə redaktə olunmadan yayımlanır. Məsələn, bir cümlədə eyni mürəkkəb adın iki formada yazılışı da bunu göstərir: " Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib”. Ümumiyyətlə, saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar mövcuddur. Burada yazılışı fərqli formalarda olan elə terminlərə də rast gəlirik ki, onlar Orfoqrafiya lüğətində (2013) yoxdur. Məsələn: "Kim kimi döyəcək: jurnalist bloqqeri , yoxsa bloqqer jurnalisti?”
Saytların dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir. Məsələn, " Teleqraf.az qafqazinfo-ya istinadən xəbər verir ki, belə ki, 1 şagird 700 bal, qalan 7 şagird isə 600-dən yuxarı nəticə göstərib”, "Tədbir iştirakçılarına təqdim olunan Azərbaycandan təşrif buyurmuş "Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli tədbir iştirakçılarını salamlayaraq...”, "Paşinyandan Qarabağla bağlı İNANILMAZ ADDIM: müharibə çağırışı rəsmən TƏTİKLƏNDİ ", "ABŞ-ın Havay adalarında 3 mayda fəaliyyətə keçən Kilauea vulkanı 23 gündür lava püskürməyə davam edir” və s.
Cümlədə söz sırasının dəyişməsi nəticəsində qrammatik normanın pozulduğu hallar da mövcuddur. Bu cür norma pozuntuları daha çox danışıq dilinin təsiri ilə baş verir: "Sumqayıtda yaşlı qadına səhv iynə vurdular -ÖLDÜ”, "Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb”. Dildə səhv iynə ifadəsi yoxdur.
Saytlarda müşahidə olunan norma pozuntularından biri də cümlədə durğu işarələrinin düzgün qoyulmamasıdır: "Axı, hazırda Azərbaycanda əhalinin gəlirləri ilə xərcləri uyğun deyil”, "Amma bir məsələ var ki, kainat durmadan genişlənə bilməz. Çünki , onu genişlənməyə sövq edən qüvvə hər şeyi genişləndirməli idi”, " Halbuki, kim nə bilir ki, insanda nələr var ? " və s. Qaydaya görə bu köməkçi nitq hissələrindən (axı, çünki, halbuki) sonra vergül qoyulmur.
Monitorinqlər davamlı olacaq
Ş.Məmmədov qeyd etdi ki, saytların dili ilə bağlı monitorinqlərin nəticələrinin açıqlanması o demək deyil ki, müşahidələrə son qoyulub:
- Monitorinqlər davamlı olacaq. Saytların dili ilə bağlı indiyədək 2 monitorinq aparılıb, nəticələr ictimaiyyətə açıqlandığı kimi, monitorinqlərə cəlb olunmuş saytların rəhbərlərinə, redaktorlara da bildirilib. Biz sayt rəhbərlərini mətbuat konfransına dəvət etmişik. Hamını da monitorinqin nəticələri ilə bağlı məlumatlandırmışıq. Nəticələri təqdim etmişik. Bildirim ki, nəticələr bəyənilib. Etiraz edən olmayıb. Göstərilən nöqsanlarla, dil qüsurları, ədəbi dil normalarının pozulması halları ilə razılaşıblar.
Bu da əlbəttə ki, bizi sevindirir. Nəticə etibarilə hamımızın məqsədi eynidir; Azərbaycan ədəbi dilini qorumaq, mühafizə etmək, gələcək nəsillərə ana dilimizi saf şəkildə çatdırmaq. Elektron saytların dil qüsurlarına yol verməsi səbəbsiz deyil. Xəbər saytlarında operativlik, xəbəri tez çatdırmaq əsas şərtlərdən biridir. Belə görünür ki, xəbərin yayılma sürəti dil normalarının mühafizəsinə mənfi təsir göstərir. Xəbər ardınca qaçıldıqda dil normalarına riayət etmək istər-istəməz çətinləşir. Bu da müasir xəbərçiliyin reallığıdır. Amma mətbuatın televiziyaların nöqsanlarını, qüsurlarını düzəltmək imkanı var. Mətbuat çapa gedənədək jurnalistlər, redaktorlar tərəfindən oxunur. Mətndə rast gəlinən dil qüsurları, qrammatik normaların pozulması hallarını düzəltmək olur.
Televiziyalarda həmçinin proqramlar, çıxışlar əvvəlcə lentə alındığından yol verilmiş dil qüsurlarını müəyyənləşdirib səhvləri tapmaq və düzəltmək çətin olmamalıdır. Hətta canlı yayımlanan proqramlarda da dil qüsurları olarsa, rejissorların köməyi ilə müdaxilə etmək imkanları olur. Dilçilik İnstitutu televiziyalarda rast gəlinən ədəbi dil normaları pozuntuları ilə bağlı aparılan monitorinqlərin nəticələrini payızda açıqlayacaq.
Ş.Məmmədov qeyd etdi ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə mütəmadi monitorinqlər keçirilir. Dilçilik İnstitutu təkcə KİV-lərlə bağlı deyil, eyni zamanda müğənnilərin danışıq dili ilə bağlı da monitorinqlər aparır. "Musiqi ifaçılarının nitqində ədəbi dil normalarının pozulması” mövzusunda aparılmış monitorinqin nəticələri də ictimaiyyətə açıqlanacaq. "Biz hər zaman bildiririk ki, monitorinqlərin aparılmasında məqsəd hansısa KİV-i qınamaq deyil. Dil qüsurlarını aşkarlamaqda məqsədimiz yalnız Azərbaycan ədəbi dil normalarının qorunmasıdır”.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb