Çimərlik faciəsi bəzən insanların öz səhvlərinin ucbatından yaşanır
"İnana bilmirəm ki, dəniz qardaşımı udub apardı...” Ürək dağlayan bu yanğılı sözlər tanınmış ifaçı, "Qarabağ bülbülü” Tacir Şahmalıoğluna mənsubdu. Məlumdur ki, ifaçının qardaşı Mahir Allahverdiyev bir neçə gün öncə Novxanı çimərliyində batıb. Verilən məlumatlara görə, Mahir skuterlə dənizə açılıb, lakin skuter aşıb. Mahirin əynində xilasedici jiletin olmadığı bildirilir. Onun batmasına səbəb kimi də məhz bu göstərilir.
Son günlərin qızmar istisi çimərliklərə insan axınını artırıb. Bu da dənizdə boğulmaların və batmaların sayını çoxaldır. Baxmayaraq ki, son bir neçə gündə hava küləkli deyil, amma dənizdə boğulma halları yenə baş verir. Mütəxəssislər bunun səbəbini çimərlik qaydalarına riayət etməməkdə görür. Çimərlik mövsümü ilə bağlı digər diqqətçəkən məqam isə bir çox insanın dənizdə üzləşdiyi təhlükə və ya faciədən sonra dənizdən birdəfəlik üz çevirməsi, psixi gərginliyə düşməsidir.
Bu kimi hallarla bağlı psixoloq Elnur Rüstəmova müraciət etdik.
Psixoloq "Şərq”ə açıqlamasında fobiyaların bir növünün də su fobiyası olduğunu dedi:
- Bəzi insanlar hündürlükdən qorxur, eyvana çıxmaqdan belə ehtiyat edirlər, bəziləri taxta üzərində yeriyə bilmir. Qaranlıqdan qorxan adamlar var. Eləcə də, sudan, dənizdən qorxan insanlar da var. Bəzən insan hələ uşaq yaşlarında dənizdə üzləşdiyi hansısa təhlükə səbəbindən böyüyəndə də dənizdən çəkinir. Ona elə gəlir ki, dənizə - çimərliyə getsə, nəsə bir bədbəxt hadisə baş verəcək. Hətta dəniz sakit olduqda, heç bir dalğa olmadığı halda da dənizə girməkdən çəkinirlər. Bu insanlarda artıq su fobiyası formalaşmış olur. Axar sulardan da uzaq durmağa çalışırlar. Fikir vermisinizsə, kiçik yaşlı uşaqlar dənizdən daha çox qorxur. Ola bilər ki, bu, körpə vaxtı çimizdirilərkən uşağın diskomfort hiss etməsi ilə bağlıdır. Uşağın ağzına, boğazına su
gedir, gözləri acışır və uşaq bunu "unutmur”. Ona elə gəlir ki, çimərlikdə də eyni halla üzləşəcək. Gərək valideynlər uşaqları dənizdə çimməyə alışdırsın.
Psixoloq qeyd etdi ki, dənizdən çəkinməyin kökündə bəzən də fərdi xüsusiyyətlər dayanır:
- Elə insanlar var, müxtəlif komplekslərə malikdirlər. Əgər bir insan dənizə getmirsə, demək, nəsə bir psixoloji problemi var, depressiyaya düşüb. İsti havada onları evdən çıxarıb gəzintiyə aparmaq belə mümkün olmur. Bütün günü evdə kondisionerin altında əyləşirlər, amma açıq havaya çıxmaq istəmirlər. Bu isə getdikcə insanların cəmiyyətdən, ictimaiyyətdən təcrid olunmasına gətirib çıxarır. Hətta ürək-damar, diabet, mədə-bağırsaq pozğunluğu kimi xəstəliklərə də səbəb olur.
E.Rüstəmov çimərlikdə təhlükə ilə üzləşmiş insanlara psixoloji yardım göstərilməsinin vacib olduğunu da dedi:
- Çimərlikdə üzləşdiyi təhlükə və ya faciələrlə bağlı psixoloqlara müraciət edənlər var. Məhz psixoloji yardım sayəsində bu insanlar gərginlikdən xilas ola bilirlər. Dənizdən küsmüş bir çox insan var ki, lazımi psixoloji yardım aldıqdan sonra, dənizlə "barışıblar”. İnsanlara psixoloji yardım, yaxın ətrafının, dostlarının mənəvi dəstəyi vacibdir. Faciə ilə üzləşmiş insanların ilk növbədə psixoloji durumları qaydaya salınmalıdır.
E.Rüstəmov çimərliyə gedənlərə məsləhət də verdi:
- Çimərlikdə faciəli halların baş verməsi, çox zaman insanın özündən asılı olur. Biz dəfələrlə bildirmişik ki, çimərlikdə spirtli içki qəbul etmək yolverilməzdir. Dənizdə çimməyin öz qaydaları, incə məqamları var. Gərək bunlara riayət edilsin. Spirtli içkidən uzaq durmaq, mədəni çox doldurmamaq, ağır, yağlı yeməklərdən çəkinmək, çimərlikdə olarkən günəş şüaları altında qalmamaq, üzə bilmədiyi halda dənizə baş vurmaq, dalğalı dənizdə üzməmək... bunlar hamısı diqqət edilməli qaydalardır. Son illər bilirsiniz ki, müxtəlif əyləncə vasitələri var. Skuter də onlardan biridir. İnsanlar səhvən belə zənn edir ki, motorlu vasitədir, ayağını basan kimi özü hərəkət edəcək. Amma bir insan onu düzgün idarə etməyi bilmirsə, istifadə etməməlidir. Çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Bizim insanımız qəribədir. Xilasedici qışqırır ki, o tərəfə üzmək olmaz, yasaqdır, bilə-bilə qadağan olunmuş əraziyə tərəf üzür. Hətta xilasedicilərə qarşı kobudluq da edirlər ki, harda istəyirəm, orda da üzərəm. Nəticə də bəzən çox faciəli olur.
Məlahət Rzayeva