Öcalan kitab yazdı, azadlığa çıxmaq istəyir

Ekspertlər güman edir ki, onun hökumətlə bazarlığa getməsi də istisna deyil



Hazırda məhkum həyatı yaşayan PKK lideri Abdulla Öcalan özünün "Kürd Problemi və Demokratik Millət Həlli” kitabında milli dövlətçilik iddialarından imtina etdiyini yazıb.

"Mənim üçün İmralı həbsxanası kürd faktını, münaqişəni qavramaq və həll imkanlarını qurmaq baxımından tam bir həqiqət meydanına çevrildi” deyən PKK lideri öz kitabında qadın-kişi münasibətlərindən, din və təriqətlərdən, millət-dövlət və digər bir çox məsələlərdən söz açıb. Öcalan zindandan çıxma ehtimalını da ilk dəfə dilə gətirib və çıxarsa harada, necə yaşayacağına dair ipucu verib.

"Çıxsam, harada, yaşayaram?”

"Adadakı həyatımla bağlı olaraq verilən suallardan biri "Zindandan çıxandan sonra harada və necə yaşayacağam”dır. Mən xəyalpərəst şəxsiyyət deyiləm. İnqilabi realizm deyilən bir həyat tərzinin sahibi olduğum çox yaxşı bilinməlidir”.

"İmralının iqlimi sərt "

"Hələ uşaqlıq dövrümdə kəndin alimlərindən sayılan biri hal və hərəkətlərimi müşahidə edərkən belə bir cümlə söyləmişdi: "Yerində otur, səndə civə var”. Məlum olduğu kimi, civə çox axıcı bir elementdir, mən də məhz elə hərəkətli birisiydim. Mifoloji tanrıları düşünsəydilər, İmralı qayalarına bağlamaq qədər ağır bir cəza ağıllarına belə gəlmirdi. İmralı tarixdə dövlətin yüksək rəsmilərinə verilən cəzaların edam edildiyi bir ada olmaqla məşhurdur. İqlim, həm çox rütubətlidir, həm də çox sərtdir. Qapalı otaq da buna əlavə olunanda təsir daha da artır. Həmçinin yaşlanma prosesinin başlanğıcında adaya gəldim. Uzun müddət Xüsusi Qüvvələr
Komandanlığının nəzarətində saxlanmışam. Son iki ildir ki, Ədliyyə Nazirliyinin nəzarətindəyəm”.

"Milli Dövlətdən imtina etdim"

"Mənim üçün İmralı həbsxanası kürd faktını, münaqişəni qavramaq və həll imkanlarını qurmaq baxımından tam bir həqiqət meydanına çevrildi. Xüsusilə milli dövlətçilikdən imtina etmək mənim üçün çox vacib idi. Bu anlayış mənim üçün uzun müddət heç vaxt dəyişdirilməsi mümkün olmayan bir fikir idi”.
PKK liderinin qeydlərini şərh edən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev isə hesab edir ki, Öcalanın bu bəyanatı azadlığa çıxmaq üçün bir vasitə olar bilər: "Öcalanın düşüncələrinin nə dərəcədə səmimi olduğunu görmək üçün həmin kitabı detalları ilə oxumaq lazımdır. Kürdlərin milli dövlətçilik ideyalarından imtinası o qədər də inandırıcı gəlmədiyi üçün Öcalanın qeydlərində müəyyən məqsədlər ola bilər. Çox güman ki, kürd lideri gələcəkdə azad olma ehtimalını qaldırmaq üçün bu cür addım atıb. Onun hökumətlə bazarlığa getməsi də istisna deyil. Yəni danışıqlar prosesində hökumətin xeyrinə fikir formalaşdırmaq üçün Öcalan belə bir əsər yazmış olar. Bunun əvəzində isə hökumət onu azadlığa buraxacaq.

Amma onun səmimiyyətinə inanıb azadlığa buraxmaq da doğru yanaşma deyil. Çünki Öcalanın azadlığa çıxdıqdan sonra yenidən kürd milli dövlətçiliyi uğrunda mübarizəyə başlamayacağı bəlli deyil. O, istənilən an fikrini dəyişə bilər. Adətən siyasilər fikirlərini tez-tez dəyişirlər. Odur ki, hakimiyyət Öcalanla razılığa gedib, azadlığa buraxması düzgün deyil”.

Şəymən