Oğru elə bağırdı ki... - Mxitaryan Bakıya gəlmirsə, heç gəlməsin!

Azərbaycanın dünyadakı mövqeyi bir erməninin davranışından asılı deyil
.
"Ermənistan "Arsenal”ın erməni əsilli oyunçusu Henrik Mxitaryandan öz təxribatçı məqsədləri üçün istifadə edir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva erməni tərəfinin əsassız ittihamlarına münasibət bildirərkən deyib. XİN sözçüsü bildirib ki, Azərbaycan tərəfi erməni futbolçunun, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağını vurğulayıb: "Azərbaycanın idmanla siyasəti eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm. Bakı ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir. Paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər. Lakin Ermənistan XİN-in Mxitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir”. 
L.Abdullayevanın sözlərinə görə, bu addım Ermənistanın xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi:
"Əfsuslar olsun ki, bu addım Ermənistanın Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi. 
Yaşananlar nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdür ki, Azərbaycanın işğal etdiyi ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir”.
AFFA Mxitaryan məsələsinə münasibət bildirib
Azərbaycan Futbol Federasiyası Assosiasiyası "Arsenal” klubunun erməni futbolçusunu Azərbaycana gətirməməsinə münasibət bildirib. Qurum erməni futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş və əsaslandırılmamış qərarın onları təəssüfləndirdiyini bəyan edib: "Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib. Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.
"Burada təbii ki, maraqlı olan ilk qüvvə Ermənistandır”
Məsələni "Şərq”ə şərh edən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, bəzi beynəlxalq dairələr tərəfindən Bakıda keçiriləcək final oyunu ətrafında düşünülmüş və sistemli şəkildə qara piar aparılır. Burada təbii ki, maraqlı olan ilk qüvvə Ermənistandır: 
"Ermənilər bizim torpaqları işğal ediblər və istənilən fürsətdən istifadə edərək Azərbaycanı "vəhşi” obrazda göstərib, işğala əsas qazandırmağa çalışırlar. Guya bu yolla sübut edəcəklər ki, Azərbaycanda tolerantlıq, dözümlülük yoxdur, qeyri millətlərə və dinlərə qarşı aqressiya var. Odur ki, erməni əsilli hansısa oyunçunun "Arsenal”ın tərkibində Bakıya gəlməməsini bilərəkdən şişirdirlər. Əslində Bakıda dəfələrlə beynəlxalq əhəmiyyətli idman yarışları, elmi konfranslar keçirilib və həmin yarışlarda kifayət qədər erməni əsilli insanlar iştirak ediblər. Fikrimcə, burada diqqət çəkən əsas məsələ Ermənistanın özünü necə aparması deyil, digər Avropa ölkələri və qurumlarının tutduqları mövqedir. Onlar özlərini elə aparırlar ki, sanki vətəndaşları, idmançıları Bakıda heç vaxt olmayıblar. Bu günə qədər heç bir xarici vətəndaşa qarşı Bakıda, Azərbaycanın digər şəhər və bölgələrində zorakılıq olmayıb. Xalq olaraq tolerant və qonaqpərvərik”.
"Mxitaryan hansısa səbəbdən gəlmirsə, heç gəlməsin”
T.Abbaslı düşünür ki, bir sıra Qərb dövlətləri əllərinə düşmüş "imkandan” istifadə edərək Azərbaycan hökumətindən öz maraqlarına uyğun hansısa güzəştlər əldə etmək istəyirlər: "Əgər Mxitaryanın özü gəlmək istəmirsə, ya da "Arsenal” klubu onu heyətin tərkibində gətirmək istəmirsə, burada Azərbaycanın nə günahı ola bilər? Əgər idmançı gələrsə və ona qarşı səhlənkarlıq ucbatından hansısa zorakılıq edilərsə, o zaman nələrsə deyilə bilər. 
Mən ümumiyyətlə bu məsələdə ölkəmizin və vətəndaşlarımızın narahat olmasının tərəfdarı deyiləm. Biz ölkə olaraq qərarlarımızı vermək və bu qərarların arxasında durmağı bacarmalıyıq. Mxitaryan hansısa səbəbdən gəlmirsə, heç gəlməsin. Azərbaycanın dünyadakı mövqeyi bir Mxitaryanın davranışından asılı deyil və asılı da olmamalıdır. Biz müxalif yönümlü AĞ Partiya olaraq bu məsələdə Azərbaycanın maraqlarını və mövqeyini hər şeydən üstün tuturuq. Bizə qarşı təşkil olunan təzyiqlərdə Vətənimizin yanındayıq”.
"Azərbaycanda etnik xalqlar, o cümlədən minlərlə erməni yaşayır”
Politoloq Zaur Məmmədov da hesab edir ki, Ermənistan XİN-in və erməni ekspertlərin Azərbaycanla bağlı ittihamlarının hamısı cəfəngiyyatdır. Politoloqun sözlərinə görə, ermənilər indiyə qədər Bakıda keçirilən onlarla beynəlxalq yarışlarda iştirak ediblər:
 "Hətta I Olimpiya Oyunlarında Prezident İlham Əliyev tərəfindən erməni idmançı təltif edilib. Yəni hansısa erməni idmançının, o cümlədən futbolçu Mxitaryanın Azərbaycana gəlişində heç bir problem ola bilməz. Əgər Mxitaryan Bakıya gəlməyibsə, ya da gəlmək istəməyibsə, bu, artıq onun öz problemidir. 
Ümumiyyətlə, bu məsələni xarici KİV-lərdə tirajlamağa heç bir ehtiyac yoxdur. Azərbaycan hər zaman tolerantlığı, multikultural dəyərləri ilə seçilib. Azərbaycanda çoxlu sayda etnik xalqlar, o cümlədən minlərlə erməni yaşayır. Nə sovet vaxtı, nə də müstəqillik illərində Azərbaycan vətəndaşı olan ermənilərə təzyiq olub. Lakin ermənilər onlara yaradılmış fürsətdən sui-istifadə edərək Azərbaycana qarşı informasiya müharibəsi həyata keçiriblər”.
"Azərbaycan dünyanın idman, mədəniyyət və siyasi arenasında sözünü deyən ölkədir”
Siyasi şərhçinin sözlərinə görə, Ermənistana rəhbərlik edən şəxslərin populist çıxışları təxribat törətməyə xidmət edir: "Məqsəd getdikcə aşağı düşən reytinqlərini qoruyub saxlamaq və sosial problemlər içərisində batan ermənilərin başını qatmaqdır. Erməni hökumətləri bilməlidir ki, münaqişənin uzadılması, erməni xalqında Azərbaycan millətinə qarşı nifrət hissinin gücləndirilməsi sonda Ermənistanın özünə ziyan vuracaq. 
Bu gün Azərbaycan dünyanın idman, mədəniyyət və siyasi arenasında öz sözünü deyən mühüm ölkədir. Ölkəmiz beynəlxalq tolerantlıq və multikulturalizm platformasına, dialoq mərkəzinə çevrilib. Bütün dünya bunu görür və qiymətləndirir. Ölkəmizdə yaşayan etnik xalqlar da hər zaman bu üstünlüyü gündəmə gətirirlər və heç vaxt ayrıseçkiliklə rastlaşmadıqlarını bəyan edirlər”.
İsmayıl