Oğru uşaqlar...

Övladları evdən oğurluq edən valideynlərə psixoloqlar məsləhət verir
“Biz uşaqlarımızı bir fərd kimi qarşımıza qoymalı və onunla böyük bir adam kimi danışmalı, oğurluğun cinayət olduğunu ona izah etməliyik”


Bakıda qadının evindən oğurlanan qızıllar tapılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 20-də Səbail rayon ərazisindəki evlərdən birindən oğurlanan 1000 manat dəyərində qızıl əşyaları aşkarlanıb. Araşdırmalar zamanı qızılların ev sahibəsinin qızı tərəfindən oğurlanması müəyyən edilib. Qeyd edək ki, bu, ilk deyil. Uşaqların öz evindən oğurluq etməsi ilə bağlı xəbərləri tez-tez oxuyuruq. Hətta gündəlik həyatımızda da bu cür hadisələrlə rastlaşırıq.

Bəs, uşaqları evdən oğurluq etməyə nə vadar edir? Maddi ehtiyac, yoxsa macəraçılıq, diqqəti cəlb etmək istəyi?

Uşaqların evdən oğurluq etməsinin müxtəlif səbəbləri olduğunu deyən psixoloq Azad İsazadənin sözlərinə görə, yeniyetməlik dövründə olan uşaqlar törətdikləri əmələ görə obyektiv qiymət vermirlər və heç bir məsuliyyət hiss eləmirlər. "Onlar üçün 100 manatla 1000 manat arasında elə böyük bir fərq yoxdur. Həm də ki, uşaqlar evdən icazəsiz götürdükləri pulu oğurluq kimi qəbul etmirlər: "Bu pul mənə lazımdır və istifadə edirəm”.

Ona görə də belə anlarda valideynlərin üzərinə çox böyük yük düşür. Onlar övladları ilə kifayət qədər açıq olmalı və hər məsələni müzakirə etməlidir ki, uşaq düzgün maariflənə bilsin. Uşaqlara valideyn nəzarətindən əlavə diqqət də göstərilməlidir. Dediyim kimi, uşaqlar oğurluq eləsə belə bunun günah olduğunu düşünmür. Əgər valideynlər uşaqlarına qarşı diqqətli olsalar, onlardakı bu dəyişikliyi görüb qarşısını ala bilərlər. Yaxşı olar ki, valideynlər öz uşaqlarına daha çox vaxt ayırsınlar. Bəzən sadəcə diqqətsizlik və sevgisizlik də uşaqları oğurluğa vadar edir”.

Psixoloqun sözlərinə görə, valideynlər kiçik yaşlarından uşaqlara oğurluğun pis hərəkət olduğunu ona başa salmalı və özləri də maksimum dərəcədə övladlarına nümunəvi örnək olmalıdırlar:

"Məktəbə gedən uşaqların psixologiyası elədir ki, onlar impulsiv hərəkət edirlər. Bizim valideynlər isə çox vaxt çıxış yolunu əsəbiləşməkdə, küsməkdə, aqressiv davranışlar göstərməkdə görürlər. Lakin məsələni sevgiylə, övladınıza dəyər verməklə, ona "özününkü” və "başqasınkı” məfhumlarını başa salmaqla həll etmək məqsədəuyğundur”.

Psixoloq Gülnarə Əliyevanın sözlərinə görə, uşaqların öz evindən oğurluq etməsinin səbəblərini öyrənmək üçün onların yaşını müəyyən etmək mütləqdir: "1-3 yaş arası uşaqlarda oğurluq hallarının ümumiyyətlə müşahidə olunmadığını nəzərə alsaq, deyə bilərəm ki, bu vərdiş onlarda artıq 3 yaşdan sonrakı dövr ərzində yaranır. Adətən 3-6 yaş arasındakı uşaqlar dostlarında görüb, bəyəndikləri oyuncaqlara sahib olmaq üçün bu hərəkətə yol verirlər. Bəzən də hansısa dostuna acıq vermək üçün onun olan bir oyuncağı və ya başqa əşyanı oğurlayırlar. Bu yaş kateqoriyasına aid olan uşaqlar gördükləri oyuncaqları, əşyaları götürməyə çəkinməz, özününkü hesab edərlər”.
Bu yaşda uşaqlara "oğru” deməyin düzgün olmadığını vurğulayan psixoloq hesab edir ki, oğurluğu vərdiş halını almış 10 yaşından yuxarı uşaqlara aid etmək daha doğru olar:

"Məktəb yaşlı uşaqların etdiyi hər hansı bir oğurluq isə artıq həyəcan siqnalıdır və bundan narahat olmağa dəyər. Yaşı 6-dan böyük olan uşaqların etdiyi oğurluq hadisəsi artıq məqsədli hesab olunur. Burada isə əsas məsuliyyət ailələrin üzərinə düşür. Valideynlər kiçik yaşlarından uşaqlara oğurluğun pis hərəkət olduğunu ona başa salmalı və özləri də maksimum dərəcədə övladlarına nümunəvi örnək olmalıdırlar. Məktəbə gedən uşaqların psixologiyası elədir ki, onlar impulsiv hərəkət edirlər. Bizim valideynlər isə çox vaxt çıxış yolunu əsəbiləşməkdə, küsməkdə, aqressiv davranışlar göstərməkdə görürlər. Lakin məsələni sevgiylə, övladınıza dəyər verməklə, ona "özününkü” və "başqasınkı” məfhumlarını başa salmaqla həll etmək məqsədəuyğundur.

Ona görə də "oğurluq edəndə adamın əlini kəsirlər”, "Allah səni kor edəcək” kimi hədələrlə uşaqları qorxutmaq lazım deyil. Biz uşaqlarımızı bir fərd kimi qarşımıza qoymalı və onunla böyük bir adam kimi danışmalı, oğurluğun cinayət olduğunu ona izah etməliyik. Yaxud da uşaqları inandıra bilərik ki, sən kiminsə pulunu və ya hansısa bir əşyasını oğurlasan, o özünü pis hiss edəcək kimi empatiyalardan da istifadə etmək olar. Uşaqlara bir şey istədiyində icazə almaq vərdişi aşılanmalıdır. Uşaqlara harasa gedərkən özünü aparmaq qaydaları başa salınmalıdır. Ən qorxunc oğurluq isə yeniyetməlik dövründə baş verir. Bu artıq birmənalı cinayətdir. Onlar öz həmyaşıdları arasında öz mövqelərini sübut etmək, yaxud da özünün kimlərdənsə üstün olduğunu göstərmək üçün bu addımı atırlar. Hətta mərcləşib evdən oğurluq edən uşaqlar da var. Ən pisi də odur ki, azyaşlılardan fərqli olaraq yeniyetməlik çağında olan uşaqlar qrup halında da oğurluq edə bilirlər”.
Konkret hadisəyə gəldikdə isə psixoloq deyib ki, evdən 1000 manat dəyərində qızıl əşyaları oğurlayan uşağın bu addımı atdığını ilkin mərhələdə onun hərəkətlərindən və etdiyi xərcləmələrdən də hiss etmək olardı.
Yaxşı olar ki, valideynlər öz uşaqlarına daha çox vaxt ayırsınlar. Bəzən sadəcə diqqətsizlik və sevgisizlik də uşaqları oğurluğa vadar edir: "Uşaqlar diqqət çəkmək üçün oğurluq edə bilərlər. Ailədə kifayət qədər qayğı görməyən, daim danlanan, təhqir olunan uşaqlarda oğurluğa meyillilik görülməkdədir. Onlar bu yolla valideynin diqqətini özlərinə çəkməyə çalışırlar. Çünki onlar oğurluq edən zaman valideyn bütün məşğuliyyətini atır və onunla maraqlanır. Bəzi vaxtlar hətta tənbehin belə uşaq üçün əhəmiyyəti olmur. Onun üçün əsas odur ki, valideynin diqqətini özünə cəlb etməyi bacarıb”.

Şəymən