Ohanyanı Qərb də danışdıra bilər

Proseslər göstərir ki, Qarabağ münaqişəsinin həllini Rusiya ilə yanaşı, ABŞ da istəmir
“Ermənistan Azərbaycana qarşı növbəti təxribatın hazırlanmasına köklənib”


Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Baze-2016” Ümumermənistan Gənclər Təşəbbüsü toplantısının iştirakçıları ilə görüşdə bir sıra açıqlamalar verib. O, Qarabağla bağlı güzəşt olmayacağını bildirib.

Bu arada qeyd edək ki, qazaxıstanlı politoloq Aydos Sarım da Dağlıq Qarabağ münaqişəsindən yazıb. O bildirib ki, Bakı və İrəvan Qarabağ məsələsinin həllində çətin ki, hər hansı razılığa gələ bilə. Çünki bu cür razılaşma tamamilə başqa səviyyədə siyasi iradə və məsuliyyət tələb edir. Ekspertin sözlərinə görə, Rusiya bu münaqişənin həllində maraqlı deyil.

Vəziyyəti dəyərləndirən siyasi elmlər doktoru Cümşüd Nuriyev "Şərq”ə söyləyib ki, son zamanlar erməni saytlarında Amerikaya sevginin yaranması, ABŞ-ın Ermənistandakı səfirinin bu ölkə müxalifəti ilə görüşməsi, Metyu Brayzanın Rusiyanın 2 rayonumuzun qaytarılması məsələsini gündəmə gətirməsi kimi məsələlərin hamısı göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini Rusiya ilə yanaşı, ABŞ da istəmir: "Bunların hər ikisinin də ayrı-ayrı maraqları var. Ohanyan 366-cı diviziyada müavin idi. O, Xocalı soyqırımını törədən adamdır. Ohanyan aprel savaşı zamanı belə açıqlamalar verə bilmirdi. Deməli, Ermənistan Azərbaycana qarşı növbəti təxribatın hazırlanmasına köklənib. O təxribatın nədən ibarət olacağını deyə bilmərəm. Hər halda yaxın bir ay ərzində ermənilər atəşkəsi pozub, aranı qarışdırmağa çalışacaqlar. Hazırda Azərbaycanda da gülənçilər Azərbaycanda fəallaşmaq istəyirlər. Bilirlər ki, bir aydan sonra onların kartları açılacaq, maskaları cırılacaq. Bu mənada onlar aranı qarışdırmağa çalışırlar. Ermənistan da bundan yararlanmağa çalışır. Ona görə də, Ohanyan belə açıqlamalar verir. Görünür, Ermənistanın nəyəsə ümidi var. Onlara "dil” verən mövcuddur. Vladimir Putin açıqlama verdi ki, hər iki tərəf güzəştə getməlidir. Düzdü, bu da ikiüzlü bəyanatdır. Ohanyan isə bəyan edir ki, heç bir güzəştdən söhbət gedə bilməz. Bu radikallıq Qərbdən gələn məsələdir. Ermənilər üçün kimlə işlədiklərinin fərqi yoxdur. Onların əsas hədəfi odur ki, münaqişə ilə bağlı status-kvo saxlanılsın. Təəssüflər ki, hələ bu istəklərinə nail olurlar. Ohanyanın belə danışmasında qeyri-adi bir məsələ görmürəm”.

Ayyət Əhməd