Ölkədə xırda əskinas qıtlığı yaranıb

Vüqar Bayramov:"Son illərə qədər iri məbləğli əskinaslara tələb yüksək olsa da, indi xırda pullara tələb artıb. Mərkəzi Bank xırda əskinasların optimal payının müəyyənləşdirilməsi həyata keçirməlidir"
"Xırda pul, xüsusilə kağız pulların qıtlığı son vaxtlar çox müşahidə olunan problemlərdən biridir”.
Bunu "Sherg.az”a iqtisadçı, ekspert Vüqar Bayramov deyib. O bildirib ki, mağazalarda xırda əskinasların tapılmaması həm onların istifadəsinə, həm də xidmət sahələrinin fəaliyyətinə mənfi təsir göstərir:
"Bu baxımdan problemin həlli vacibdir. Səbəb tək dövriyyədə xırda əskinasların sayının az olması ilə bağlıdır. Son illərə qədər iri məbləğli əskinaslara tələb yüksək olsa da, indi xırda pullara tələb artıb. Buna görə, Mərkəzi Bank xırda əskinasların optimal payının müəyyənləşdirilməsi və mövcud tələbə uyğunlaşdırılmasını həyata keçirməlidir. Təəssüf ki, problemin aradan qaldırılması üçün real addımlar atılmır.
Mərkəzi Bank tərəfindən iri əskinasların bir qisminin dövriyyədən çıxarılması və ya ona uyğun xırda əskinaslarının payının artırılmasını həyata keçirə bilər. Məsələn, hər 100 manatın dövriyyədən çıxarılması fonunda Mərkəzi Bank xırda əskinasları dövriyyəyə buraxar. Bununla pulun ümumi dövriyyəsi dəyişməsə də əskinasların sayı dəyişə bilər, xırda əskinaslara olan tələbat ödənərsə, problem həll olunar”.
Aysel Aslan