"Üçüncü peykini orbitə buraxan Azərbaycan kosmik dövlətlər sırasına öz adını yazdırdı"
Bir müddət əvvəl Azərbaycanın üçüncü peyki - "Azerspace-2” uğurlu şəkildə orbitə buraxıldı. Mütəxəssislərə görə, süni peyklər strateji və təhlükəsizlik cəhətdən çox faydalıdır. Yeni telekommunikasiya peykinin orbitə qaldırılması Azərbaycanın imici, peyk ailəsində öz yerini möhkəmləndirməsi baxımından olduqca əhəmiyyətlidir. Milli kosmik infrastrukturun inkişafı dolayısı ilə digər sahələrin, bu sahə ilə əlaqəli kadrların hazırlanmasına, elmin və innovasiyaların inkişafına, beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərəcək. Ən mühüm məsələ isə peyklərin iqtisadi cəhətdən çox səmərəli olmasıdır.
"Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat” şirkətinə satılıb. Bu anlaşma maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.
Peykin əhəmiyyəti ilə bağlı "Şərq”ə danışan iqtisadçı-alim Fuad İbrahimov deyib ki, müasir dövrdə investisiya baxımından perspektivli və düşünülmüş, gələcəyi məlum olan iki sahə var. Onlardan biri və ən mühümü dövrün nanotexnologiyalarını və informasiya texnologiyalarını özündə birləşdirən peyklərin orbitə buraxılmasıdır.
İqtisadçının sözlərinə görə, peyklər informasiya texnologiyalarının inkişafına və dövrün tələblərinə cavab verən ən vacib sistemdir: "Qısa zamanda üçüncü peykini orbitə buraxan Azərbaycan kosmik dövlətlər sırasına öz adını yazdırdı. İnformasiya texnologiyaları sürətlə inkişaf edir. Vaxt var idi, hansısa ödənişi etmək üçün saatlarla növbədə dayanırdıq. Ancaq müasir texnologiyalardan istifadə edərək kreslomuzdan durmadan bütün işləri icra edə bilirik. İnsanlar bank hesablarını idarə edir. Valideynlər xaricdə təhsil alan və yaşayan övladları, qohumları ilə bir anda əlaqə saxlayırlar. Bunların hamısını insanlara bəxş edən və şaxələndirən məhz peyklərin fəaliyyətidir. Peyklərin orbitə buraxılması o deməkdir ki, bu sahədə inkişaf etməyən, peykləri olmayan ölkələr bizdən tezliklər alacaqlar. Bir çox ölkə Azərbaycanla iqtisadi dövriyəyə cəlb olunacaq. Bu sistemdən kifayət qədər gəlir əldə etmək mümkündür. Ona görə də peyk sahəsinə vəsait ayrılmasını alqışlamaq lazımdır”.
F.İbrahimov vurğulayıb ki, investisiyanın faydalı olduğu ikinci mühüm sahə kadrların və peşəkar mütəxəssislərin yetirşdirilməsidir:
"Bu iki istiqamət sərmayə qoymaq nöqteyi-nəzərindən ən perspektivli sahələr hesab olunur”.
İsmayıl