"Azərbaycan təhsili bütün göstəricilərinə görə, dünya standartlarından geri qalır. Bunu mütləq qeyd etməliyik”.
Bunu "Sherg.az”a tarixçi-alim, təhsil eksperti Kamran Əsədov deyib.
Hesab edirəm ki, müasir dünyanın təhsil meridianında özünə yer tutmuş dünya standartlarına uyğun modern təhsil sisteminin yaradılması istiqamətində fəaliyyətlər davam etdirilməlidir:
"Düzdür, son illər ərzində respublikamızda təhsilin bütün pillələrində islahatyönümlü tədbirlər həyata keçirilir. Amma hələ də ciddi irəliləyiş hiss olunmur. Bunlara görə də hesab edirəm ki, ciddi islahatlara ehtiyac var. Ona görə ki, 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçirilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacib idi.

Bundan başqa, bəlkə də ən vacib nüans odur ki, Mikayıl Cabbarovun komandası nazirlik səviyyəsində rüşvətin, korrupsiyanın kökünü kəsmişdi. Yəni yüksək səviyyədə belə hallara rast gəlmək mümkün deyildi.
Düzdür, yerlərdə bu kimi hallarla bağlı mütəmadi məlumatlar gəlir. 5 ilə yaxın müddətdə bu komanda çoxsaylı müsbət işlər görüb. Məhz Ceyhun Bayramovun da bu yolu davam etdirəcəyini düşünürəm. Çünki nazir səlahiyyətlərini yerinə yetirdiyi 4 aydan çox müddətdə, bunu müşahidə etmək mümkündür. Qalmaqaldan uzaq, sadə, təmkinli, yeniliyə açıq şəxs kimi xarakterizə etdiyim yeni nazirin ölkə təhsilinin inkişafında yeni mərhələ başladacağına inanıram”.
Keçmiş nazirlik kollektivinin həll etmədiyi bir sıra məsələlərin olduğunu vurğulayan K.Əsədov bu problemləri sadalayıb:
"Birincisi, onların dövründə pedaqoji təhsil olmayan şəxslər hələdə direktor vəzifəsində qaldı. Hətta onların dövründə müsahibədən keçib təyin olunub. İkincisi, hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdi.
Xəstə öləndən sonra təcili yardım gələn kimi olurdu hər şey. Üçüncüsü, saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı işdən azad edilmədi. Dördüncü, ictimaiyyətə əlaqələr şöbəsi operativ şəkildə həyata keçirilməlidir. Beşincisi isə vətəndaşların müraciətlərinə baxılması qısa müddətdə həyata keçirilməlidir”.
Yeni nazirdən gözləntilərə gəlincə, ekspert ilk olaraq, şagirdlərin bütün siniflər üzrə ölkə ərazisində qəbulu və yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməli olduğunu vurğulayıb:
"Bağçalar da Təhsil Nazirliyinə birləşdirilməlidir. Ali məktəblər üçün islahatlar aparılmalıdır. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir. Həmçinin yuxarıda müsbət xarakterizə etdiyim məsələlər davam etdirilməlidir.
Bundan əlavə nazir, müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməlidirlər. Təhsil kabinetdən idarə olunmur. Təhsil haqında qanun yenidən işlənib hazırlanmalı və təhsilin idarə olunmasına yanaşma dəyişməli, məktəblərin özünü maliyyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır”.
Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov təhsildə islahatların dərinləşməsi və müsbət dinamikanın qorunub saxlanmasının əsas istiqamətlərdən biri olacağını deyib. Nazirin sözlərinə görə, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq bir sıra istiqamətlər üzrə yeni qanunvericilik aktları qəbul olunmaqdadır.
Aysel Aslan