Ölkəyə valyuta gələcək

Fındıq rəqabətyönümlü məhsuldur, onun xaricə ixracı iqtisadiyyatımıza faydalı olacaq



Livan Azərbaycandan fındıq idxal edən ölkələr siyahısına daxil olub. Bu barədə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov məlumat verib.
İ.Orucovun sözlərinə görə, hazırda məhsul 20-dən çox ölkəyə ixrac olunur: "2018-ci ildə fındıq daha çox Rusiyaya ixrac olunub. 

Bundan başqa, Avropa da Azərbaycan fındığının mühüm istehlakçısıdır. Gözlədiyimiz kimi, 2018-ci ildə fındıq istehsalı artsa da, türk lirəsinin dollara nisbətdə ucuzlaşması Azərbaycandan fındıq ixracının azalmasına səbəb oldu. Türkiyəli ixracatçılar tərəfindən fındığın daha aşağı qiymətlərlə təklif olunması, Azərbaycan məhsulunun rəqabətqabiliyyətliliyini azaltdı”.

Assosiasiya sədri bildirib ki, 2017-ci ilin son rübündə 14,5 min ton fındıq istehsal olunmuşdusa, 2018-ci ilin həmin dövründə ixracat həcmi 40 faizdən çox azalıb.

İqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə açıqlamasında xarici ölkəyə ixrac edilən hər məhsulun iqtisadiyyatımız üçün əhəmiyyətli rol oynadığını bildirib. İqtisadçının sözlərinə görə, 2015-ci ildən sonra Respublikamızda ixrac potensialının məhz qeyri-neft sektoru əsasında artırılması ölkə iqtisadiyyatının prioritet siyasətinə çevrilib: 

"Bu nöqteyi-nəzərdən istər fındıq, istər pambıq və başqa məhsulun Respublikadan ixrac olunaraq digər ölkələrdə iqtisadi dövriyyəyə cəlb olunması maraq dairəsindədir. Hər halda hansısa məhsulumuzun xarici ölkəyə ixracı prosesi gedirsə, bu, müsbət haldır. İxrac prosesi o deməkdir ki, ölkəyə valyuta gəlir. Maksimal şəkildə neft amilindən asılılığı zəiflədərək idxal-ixrac əməliyyatları arasında balansı tarazlaşdıraraq ölkə iqtisadiyyatını makroiqtisadi şəkildə inkişaf etdirməliyik. Eyni zamanda milli valyutamızın məzənnəsinin də sağlam şəkildə formalaşmasına şərait yaratmalıyıq. 

Buna görə də hər bir məhsulun ixracını yüksək qiymətləndirmək lazımdır. Ümumiyyətlə, fındıq rəqabət
yönümlü bir məhsuldur. Yəni bizim yaxın qonşularımız olan Türkiyə və Yunanıstan bu sahədə liderliyi əllərində saxlayırlar. Belə bir rəqabətyönümlü mühitdə biz Livana fındıq ixrac edə biliriksə, deməli, məhsulumuza tələbat var. Ona görə də bu məqam olduqca təqdirəlayiqdir”.

Yeganə Bayramova