Olland Fransanın vasitəçilik missiyasına zərbə vurdu

Ekspertlərin rəyinə görə, sərgilənən mövqe konkret separatizmə, işğala haqq qazandırmaq anlamına gəlir




Fransa Prezidenti Fransua Olland erməni diasporu ilə görüşdə bildirib ki, "Madrid prinsipləri” tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər. Ollandın bu cür açıqlama verməsi Azərbaycan ictimaiyyətinin və rəsmilərin ciddi etirazına səbəb olub. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa rəhbərləyinin açıq şəkildə ermənipərəst mövqe sərgiləməsi vasitəçilik missiyasına tamamilə ziddir.

"Olland Azərbaycana deyil, Fransaya problem yaradır”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Fransa Prezidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə səsləndirdiyi fikir qarşıdan gələn seçki kampaniyası ilə bağlıdır. S.Seyidovun sözlərinə görə, erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri ölkənin imicinə böyük zərbə vururlar: "Fransada prezident seçkiləri heç də Ollandın iştirakı ilə keçməyəcək. Ona görə təəssüflər olsun ki, Olland bu istiqamətdə çıxışlar edərək daha çox Fransanın özünə problem yaradır, nəinki Azərbaycana”. Deputat bildirib ki, Minsk Qrupunun həmsədr ölkələrindən yalnız Fransa yox, digərləri də obyektiv və düzgün mövqedə dayanmır: "Ancaq biz öz konkret mövqeyimizi ortaya qoymuşuq və bu istiqamətdə danışıqları davam etdirəcəyik”.

"Bu, Fransanın həmsədr kimi obyektivliyini şübhə altına qoyur”

Milli Məclisin üzvü Rövşən Rzayev də bildirib ki, Fransua Ollandın münaqişənin həlli ilə bağlı söylədikləri erməni lobbisinin təsiri altında sərgilənən mövqedir: "Beynəlxalq hüquq prinsiplərinin əsas məramı dövlətin ərazi bütövlüyünün pozulmamasıdır. Bu, birmənalıdır. Ollandın səsləndirdiyi fikir isə erməni lobbisinin təsiri altında deyilib və onların dəstəyini qazanmaq məsqədi daşıyır. Təəssüf edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Prezidenti bu cür qeyri-obyektiv mövqe ortalığa qoyur”. Deputat vurğulayıb ki, bu, eyni zamanda Fransanın Minsk Qrupunun həmsədri kimi obyektivliyini şübhə altına qoyur.

"Ollandın fikirləri Minsk Qrupunun missiyasını şübhə altına alır”

Siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, prezidentlik dövrü başa çatmaq üzrə olan Ollandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı belə bir mövqe ortaya qoyacağı gözlənilən idi: "Fransada böyük erməni diasporu fəaliyyət göstərir. Bu diasporun nümayəndələri ilə fransız siyasətçilərinin çoxunun əlaqələri var. Erməni diasporu həmin siyasətçilərin seçki kampaniyasında aktiv şəkildə iştirak edirlər. Bu, bəzən fransız siyasətçilərinin dövlətlərinin maraqlarından çox şəxsi və ya korporativ maraqlarından çıxış etməyə sövq edir. Bunun arxasında da əksər Avropa ölkələrində olduğu kimi islamafobiya, ksenofobiya faktorları dayanır. Təəssüf ki, multikultural ənənələri təbliğ edən və bu dəyərlər üzərində iştirak edən Azərbaycana qarşı bir çox hallarda bu münasibət sərgilənir”. E.Mirzəbəylinin fikrincə, yaranan vəziyyət sübut edir ki, hazırda Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik missiyası yerinə yetirməyə mənəvi haqqı yoxdur: "Birtərəfli qaydada sərgilənən mövqe konkret olaraq, separatizmə, işğala haqq qazandırmaq anlamına gəlir. Bu da nəinki Fransanın, bütövlükdə ATƏT-in Minsk Qrupunun missiyasını şübhə altına alır. Yürüdülən bu siyasətin təbii ki, hansısa formada perspektivi yoxdur. Azərbaycanın son dövrlərdə atdığı addımlar, ölkənin silahlı qüvvələrinin gündən-günə güclənməsi və öz torpaqlarının işğaldan azad edilməsi istiqamətində ciddi potensial ortaya qoyması Ermənistanı himayə edən dairələrin də açıq şəkildə ölkəmizə qarşı hücuma keçmələrinə zəmin yaradır. Bu baxımdan əslində Ollandın fikirlərindən hər hansı bir formada təəccüblənmədim. Bundan sonrakı prosesdə Fransanın vasitəçilik missiyasını icra etməsi inandırıcı görünmür”.

"Fransa Qarabağ məsələsinə ədalətli yanaşmır”

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, əgər Fransa Prezidenti problemin həllinə avantüristcəsinə yanaşırsa, onda bölgədə heç zaman sülh olmayacaq: 

"Biz Fransanın ermənipərəst olduğunu bilirdik. Amma bu qədər açıq formada, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə beynəlxalq hüquq normalarına sığmayan fikir söyləmək prezidentə yaraşan hərəkət deyil. Ollandın ermənilərin öz müqəddəratını təyin etmək hüququnun olması ilə bağlı dediyi fikirlər obyektivlikdən uzaqdır. Məgər Fransa Prezidenti bilmir ki, Dağlıq Qarabağ

Azərbaycanın tərkibində muxtar vilayət olub və müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsidir?! Olland "Qarabağ xalqı” ifadəsini işlədir. Əvvəla belə xalq yoxdur. Cəmi 30-40 minlik ermənini xalq səviyyəsinə qaldırmaq yersiz davranışdır. Fransada yarım milyondan çox erməni yaşayır. Əgər millətlərin öz müqəddəratını təyin etmək hüququna belə hörmət bəsləyirsinizsə, onda Fransada ermənilərə müstəqillik verin. Fransa bir daha sübut etdi ki, danışıqlar prosesində konstruktiv mövqe tutmayacaq. Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılırdı. Artıq bu görüşün də mənası qalmır. Görünür, hakimiyyətdən getməyə hazırlaşan Olland ölkəsindəki erməni diasporlarının rəğbətini qoruyub saxlamaq üçün saxta tezisləri səsləndirməyə davam edəcək”.

İsmayıl