Onlar dələduzluq edən cinayətkardırlar

Jurnalist adından istifadə edib şantajla məşğul olanlar cəzalandırılmalıdırlar





... əvvəli ötən sayımızda

Azərbaycanda "reket” jurnalistlərə qarşı həyata keçirilən tədbirlər - hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, o cümlədən, Azərbaycan Mətbuat Şurası ilə peşəkar media orqanlarının əməkdaşlığı müsbət nəticələr verir.
Son dövrlər reketçilik fəaliyyəti ilə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb olunması qarşıya qoyulan fəaliyyətin effektivliyinə dəlalət edir. Nəticədə ayrı-ayrı vaxtlarda "jurnalistika" adı altında qeyri-qanuni fəaliyyət göstərmək, hədə-qorxu yolu ilə kimlərdənsə pul tələb etməyə çalışanların sayı getdikcə azalır. Lakin həyata keçirilən qarşısıalınma tədbirləri ilə "reket” jurnalistlərin fəaliyyətini tamamilə aradan qaldırmaq hələ ki, mümkün olmayıb.

Qarşıya qoyulan vəzifələrin ardıcıl, sistemli şəkildə həyata keçirilməsi, bu kimi halların qısa zaman ərzində aşkar olunması və təqsirkarların tutularaq istintaqa cəlb olunmasına imkan verir. Heç şübhəsiz, bu, həm də oxşar fəaliyyətlə məşğul olaraq, cəmiyyətdə bu kimi neqativ tendensiyaların yayılmasına zəmin yaradanlara xəbərdarlıq xarakteri daşıyır. Nəticədə reketçilik fəaliyyətini Azərbaycanda "leqallaşdırmağa" çalışanlar və ya ayrı-ayrı işbazların əlində əlaltıya çevrilənlər qeyri-qanuni əməllərini həyata keçirərkən bir daha düşünməyə imkan qazanırlar.

Bu fürsətdən doğru-düzgün nəticə çıxarmaq isə məsələnin bir başqa tərəfidir. Reallıq onu göstərir ki, cəmiyyətdə media orqanlarının fəaliyyətinin əsasları ilə bağlı kifayət qədər məlumatlılığın olmaması, bəzən reketlərin hədəf olaraq seçdiyi şəxslər tələyə düşür, bu kimi halların vaxtında müəyyənləşdirilməsi mümkün olmur və nəticədə "jurnalist" adı altında vətəndaşın külli miqdarda maddi vəsaitini mənimsəyən şəxslər müvəqqəti də olsa, cinayət məsuliyyətindən yayına bilirlər. Ona görə də "reket” jurnalistlərə qarşı mübarizədə daha effektiv nəticələrin əldə olunması üçün cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac var.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin fikrincə, "reket jurnalistikası" anlayışını bir qədər aydınlaşdırmağa ehtiyac var. Onun sözlərinə görə, bu cür məsələlərdə "reket" və jurnalist sözlərinin ard-arda yazılması məcburiyyətində qalmağımız acı təəssüf doğurur: 

"Reketdirsə, o artıq jurnalist deyil, faktiki olaraq dələduzluq, şantaj, böhtanla insanlardan pul qoparmağa çalışan, yaxud digər hansısa maddi tələb qoyan bir cinayət törədən adamdır. Sadəcə, onlar jurnalistikanın adından sui-istifadə edirlər. Əslində, digər peşələrdə də bu cür dələduzluq edən, peşə adından sui-istifadə edən dələduzlar var. Dəfələrlə xəbərlər tirajlamışıq, elə bu günlərdə də məlumat açıqlandı ki, bir neçə şəxs özünü saxta vəsiqələrlə hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək, vətəndaşları şantaj ediblər, soyublar. Eynilə də zaman-zaman jurnalistikanın adından istifadə edərək, belə cinayətlər törədən şəxslər var. Jurnalasitkanın adından belə cinayətlərin törədilməsi isə daha asandır, çünki Azərbaycanda sayt açmaq çətin iş deyil. Dələduzlar da bundan daha çox yararlanmağa çalışırlar”.

E.Məmmədlinin fikrincə, Azərbaycanda kimə gəldi sayt açmağa icazə verməmək lazımdır. Əgər şəxsin peşəkar jurnalistikaya aidiyyəti yoxdursa, məqsədi sayt açıb dələduzluq etməkdirsə, bunun qarşısının alınması üçün mexanizm yaradılmalıdır: 

"Məsələn, bir saytın fəaliyyətinə tam icazəni müəyyən sınaq müddətindən sonra vermək olar. Həmçinin də jurnal, qəzet və s. Media orqanının rəhbəri fəaliyyəti dövründə edilən xəbərdarlıqlardan nəticə çıxarmırsa, sağlam jurnalistika ilə məşğul olmursa, maksimum 3 xəbərdarlıqdan sonra onun barəsində hüquqi tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və ya məhkəməyə təqdimat verilməli və saytı da qapadılmalıdır, çünki məqsəd dələduzluqdur, jurnalistika deyil. Bir məqamı da vurğulamağı lazım bilirəm: Bu cür reketlərin arxasında bəzi hallarda hansısa bir məmur dayanması hallarına da rast gəlinir. Bu məsələlər də diqqətə alınmalıdır”.

"İllərdir bu problem həm cəmiyyəti, həm də konkret, media camiəsini narahat edir. Xüsusilə, ciddi media "peket jurnalist" adlandırılan zümrənin "fəaliyyətindən" zərər çəkir. Çünki onlar hər yerdə özlərini media mənsubu kimi qələmə verirlər”.

Bunu "Şərq”ə açıqlamasında "Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib.
Onun sözlərinə görə, Azərbaycanın ciddi mediası haqqında anlayışı olmayan insanlar həmin "reketlər"in hərəkətini görüb bütövlükdə Azərbaycan mediasına onlara baxdıqları gözlə baxırlar. Bu barədə onlarla örnəklər var: "Bu baxımdan, inzibati qaydada görülən son tədbirləri alqışlamaqla yanaşı, hesab edirəm ki, bu işi koordinasiyalı şəkildə aparmaq lazımdır. Çünki yalnız müvafiq dövlət qurumları "reket jurnalistika" ilə mübarizədə irəlidə olanda, bunu müəyyən dairələr "mətbuata təzyiq" kimi qələmə verirlər. Yaxşı olardı ki, Mətbuat Şurası, tanınmış jurnalist təşkilatları və deyək ki, DTX, DİN, Prokurorluq və s. ortaq komissiya yaradılsın. Burada, aparılan birgə araşdırmaların nəticəsi olaraq həm inzibati, həm də ictimai tədbirlər həyata keçirilsin. Digər bir məsələ isə "reket jurnalistika"nın yaşamasına əsas "donor" kimi iştirak edən məmur ordusunun bu məsələyə yanaşmasıdır. Xüsusilə yerlərdə ciddi ve qeyri-ciddi medianı ayırd edə bilməyən məmurlar "reket jurnalistlər"in istənilən təhdidi qarşısında aciz qalırlar və onların tələblərini yerinə yetirirlər. Buna görə də, "reket jurnalistika" ilə kompleks şəkildə aparılması, onların hədəf seçdiyi insanlar arasında maarifləndirmə işləri də görülməlidir”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə "reket jurnalistikası”nın çox ciddi problem olduğunu deyib. Onun sözlərinə görə, bu problem müstəqil mediamız formalaşandan başımızın üstündən "damokl qılıncı” kimi asılıb. İllər keçir, media müəyyən transformasiyalara uğrayır, amma bu problem hələ də öz həllini tapmır: 

"Əvvəllər reket qəzetlər var idi. Hətta onların "qara siyahısı” da mövcud idi. İndi onların hamısı internet mediasına transformasiya olunublar. İnternet mediası yaranandan sonra bu problemin əhatə dairəsi daha da genişlənib. Əvvəllər qəzetləri qeydiyyatdan keçirmək üçün müəyyən qanunvericilik məsələlərindən irəli gələn nüanslar həllini tapmalı, qəzetlərin çapı üçün ilkin maddi qaynaq lazım idi. Dizayn, çap xərcləri və s. Amma internet mediada bunlara ehtiyac yoxdur. İstənilən adam axşam evində oturub özü üçün bir domen ala və beş-on dəqiqənin içərisində bir sayt aça, həmin saytın sahibi kimi jurnalist olaraq fəaliyyətə başlaya bilər. Yeni texnoloji imkanlar reket jurnalistikası ilə məşğul olanların da imkanlarını "genişləndirib”. Həmin adamlar da bu cür imkanlardan "bacarıqla” istifadə etməyə başlayıblar. Onların əhatə dairəsi, sayları da xeyli çoxalmağa başlayıb. Əvvəllər jurnalistikadan getmiş bir qrup şəxs bu işlə məşğul olurdusa, son illərdə pul qazanmaq istəyi olan, kriminal işlərə meyilli adamlar da bu sahəyə baş vururlar. Üstəlik, "çox uğurla” fəaliyyət göstərməkdədirlər. Yəni bu işi yaxşı gəlir, qazanc mənbəyinə çevirən adamlar var”.

Baş redaktorun sözlərinə görə, beləliklə də problemin əhatə dairəsi getdikcə böyüyür və ciddiləşir:

"Müstəqilliyin ilk illərində bu məsələ bir qədər kölgədə qalıb. Çox diqqət yetirilməyib. Mətbuat Şurasının yaradılmasından sonra bu sahəyə diqqət artırılmağa başlayıb. Mətbuat Şurasının daxilində "reket jurnalistika" ilə mübarizə komissiyası yaradılıb. Sonra bu komissiyaya hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olundu. Son illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu prosesə müdaxilə etməyə başlayıb. Bu cür saytlar bloklanır. Ümumilikdə, görülən tədbirlər tam olaraq xeyir verirmi, xeyr. Problemin əhatə dairəsi böyüdüyündən daha ciddi, daha sərt, daha kompleks tədbirlərin görülməsinə ehtiyac var. Hazırda "reket jurnalistika" ilə kriminal ünsürlər, keçmiş məhkumlar məşğul olur. Əvvəlki illərdə olduğu kimi jurnalistlər bu işə o qədər də meyilli deyil. Bu işi biznes şəbəkəsinə çevirənlər də var. Misal üçün, adamlar var ki, 18-20 saytı idarə edir. Sonuncu həbs olunan İkram Rəhimovun adına 8 sayt var. Bu barədə Mətbuat Şurası məlumat yayıb. Hələ bu, müəyyənləşdiriləndir. Yəni problemin əhatə dairəsi kifayət qədər böyükdür. Əvvəl Mətbuat Şurasının "qara siyahı”sı var idi. Həmin "qara siyahı”ya uyğun olaraq dövlət orqanları, ictimaiyyət nümayəndələri KİV-lər arasında seçim aparmaq imkanlarına malik idilər. İndi ara qarışıb, məhzəb itib. Həmin "qara siyahı” ilə də nəyisə müəyyənləşdirmək çox çətindir”.
İlham Quliyevin fikrincə, problemin aradan qaldırılması üçün hüquq-mühafizə orqanları, Mətbuat Şurası və ictimaiyyət birgə mübarizə aparmalıdır. Sərt, konkret tədbirlər görülməlidir: "Reket fəaliyyəti ilə məşğul olan "media qrupları”nın içərisində mərkəzləşmiş şəkildə iş görən dəstələr mövcuddur. İlk növbədə həmin dəstələri zərərsizləşdirmək lazımdır. O dəstələrin böyük əksəriyyətinin jurnalistikaya, mediaya heç bir aidiyyəti yoxdur. Onların konkret əməlləri üzə çıxarılmalıdır. Həmçinin əməlləri hüquq müstəvisində qiymətləndirilməlidir. Həmin şəxslər cəzalandırılmalıdırlar. Başqaları da görməlidir ki, bu cür fəaliyyətlə məşğul olmağın sonu nə ilə nəticələnə bilər. Digərləri də bu yoldan çəkinməlidir. İndiki halda biz Mətbuat Şurasının səlahiyyətləri çərçivəsində ictimai qınaq müstəvisində məsələnin həllinə çalışamalıyıq. Amma reallıq göstərir ki, bu cür tədbirlər effekt vermir. Deməli, mübarizə tədbirlərini yeni müstəviyə çıxarmağa ehtiyac var. Cəza sərhədləri müəyyənləşdirilməlidir”.

"Reket jurnalistika”nın məhvə məhkum olduğunu vurğulayan Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə bəyan edib ki, mətbu ictimaiyyət "reket jurnalistika"ya qarşı amansız olmalıdır:   

"Reket” jurnalistlər mətbuatın üz qarasıdır. "Reket" jurnalistlərin kökünü kəsmək üçün bütün vicdanlı qələm adamları səfərbər olmalıdır. Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı apardığı mübarizəni alqışlayıram. Şura yarandığı gündən mətbu sferanın saflaşması uğrunda mübarizə aparıb. Mübarizə bu gün də davam edir. Odur ki, indiki həssas məqamda Mətbuat Şurasını meydanda tək qoymaq olmaz. Qurumun rəhbərliyinə qarşı atılan böhtanlara hamılıqla cavab verməliyik. MŞ həmişə müstəqil mətbuatı, azad fikri müdafiə edib.

Dəfələrlə şahidi olmuşam ki, Əflatun Amaşov jurnalistləri ayrı-ayrı məmurların, əlində ciddi maliyyə resursları olan iş adamlarının hücumundan qoruyub. Bununla paralel olaraq, "reket" jurnalistlərə münasibətdə prinsipial mövqe sərgiləyib. Bu isə qarşı tərəfi qıcıqlandırıb, onların şər-böhtan kampaniyasına başlamasına səbəb olub. Əsas odur ki, Azərbaycan cəmiyyəti ayıqdır, ağı qaradan seçməyi bacarır. Bu baxımdan Azərbaycan Mətbuat Şurasına olan hücumları enerji itkisi hesab edirəm. Bu cür cəhdlər nəticəsiz qalacaq”.

Şəymən

(Davamı olacaq...)