“Onlar dillərini yalnız iki il işlədə bildilər”

“Tatarlara ancaq acıya bilərik, əlimizdən başqa heç nə gəlmir”





Tatarıstan Ağsaqqallar Şurası Rusiya Dumasının spikeri Vyaçeslav Volodinə məktubla müraciət ediblər. Ziyalılar tatar dilinin Rusiyanın ikinci dövlət dili olmasını istəyiblər. Buna səbəb isə Moskvanın bir müddət əvvəl tatar dilinin Tatarıstan məktəblərində məcburi tədrisini qadağan etməsi olub. Moskva hökuməti isə türk dilinə status verməkdən imtina edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib ki, Kremldə tatar dilinin ikinci dövlət dili olması müzakirə edilmir. Məsələ ilə bağlı "Şərq”ə danışan tanınmış türkoloq-alim, professor Firudin Cəlilov deyib ki, Rusiyanın imperiya siyasəti bütün türk xalqları üçün böyük bir bəlaya çevrilib: 

"Biz o dövrü yaşamışıq. 1930-cu və 1950-60-cı illərdə Azərbaycanda bütün sənədlər rus dilində yazılırdı. Amma imperiya daxilindəki digər türk respublikalarından fərqli olaraq Azərbaycanın vəziyyəti bir qədər babat idi. Çünki Azərbaycanda güclü ziyalı ordusu yetişmişdi. Məhz o səbəbdən dilimizi həddindən artıq sıxışdıra bilmədilər və dövlət dili səviyyəsinə qaldırmağa məcbur oldular. Bununla paralel olaraq öz dilimizdə məktəblərimiz, universitetlərimiz yaradıldı. Lakin digər türk respublikalarında şərait başqa cür formalaşdı. 

Bütün bunları nəzərə alanda Tatarıstanın bugünkü vəziyyətinə ancaq acımaq olar. Xatırladım ki, biz latın əlifbasına keçəndə ortaq türk əlifbasını qəbul etdik. Bizimlə yanaşı, tatarlar da qəbul etdi. Amma tatarlar həmin dili iki il işlətdikdən sonra imperiya qadağa qoydu. Hətta onlara öz dillərini saxlayaraq, əlifbanı dəyişməyə belə icazə vermədilər. Birbaşa rus dili ilə yazıb-oxumağı tələb etdilər. Əlbəttə, bu cür davranış rus imperiyasının türk dilinə olan münasibətdir”.

Alim bildirib ki, tatar ziyalılarının bunu parlamentdə gündəmə gətirməsi müsbət haldır: 

"Tatar Prezidenti də dəfələrlə vurğulayıb ki, orta məktəblərdə tatar dilini qadağan etmək yox, əksinə, məcburi etmək lazımdır. Çünki tatar uşaqları öz ana dillərini öyrənməlidir. Lakin Kreml hələlik "burcudur” və prosesi gecikdirməyə çalışır. Ancaq bu gecikmənin nə ilə nəticələnəcəyi bəlli deyil. Biz isə bu vəziyyətə sadəcə acıya bilərik, əlimizdən başqa heç nə gəlmir”.

İsmayıl