Onlar heç vaxt ölməyəcək

Bu vətənin minlərlə Süleyman kimi şəhidi varPərvanə Abdullayeva, Qazax rayon Daş Salahlı kənd 2 saylı orta məktəbin müəllimi
Əziz oxucum, bir ana və müəllim kimi, məni bu kiçik məqaləni yazmağa sövq edən doğma vətənimə, ayaq basdığım torpağıma, müqəddəs, məğrur və ölməz şəhidlərimizə olan sonsuz sevgimdir. 1988-ci ildə yurdumuzun səmasını qara buludlar aldı. Mənfur, qaniçən erməni separatçıları minbir hiylə işlədərək doğma torpaqlarımıza hücum etdilər. Azərbaycanımızın 20 faizi işğal olundu.
Ata-babalarımız, analarımız, qız-gəlinlərimiz əsir götürüldü. Doğma yurd-yuvamız talan olundu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə başımıza Xocalı kimi tarixdə misli görünməmiş bir faciə gəldi. Qarabağ müharibəsi başlayanda digər bölgələrimizin ərənləri ilə yanaşı Qazax rayon Daş Salahlı kəndinin mərd, igid və vətənsevər oğulları silaha sarılıb, vətəni müdafiəyə qalxdılar. Kəndimizin cəsur oğullarından 11-i şəhid oldu.
Şəhid - Bu ad qarşısında baş əyirəm
Bu şəhidlərimizin adı əbədiləşdirildi. Kəndimizdəki hər iki orta məktəb - bir nömrəli orta təhsil müəssisəsi şəhid Araz Əmilovun, iki nömrəli tam orta məktəb isə şəhid Şahin Cəbiyevin adını daşıyır. Kəndin mərkəzi küçəsinə isə şəhid Fidat Məmmədovun adı verilib. O ağırlı-acılı günlər yenə davam edir. Nə vaxta qədər ki vətən yağı düşmən tapdağı altındadır, vətən oğluna rahatlıq yoxdur. Bu ilin mart ayının 2-də kəndimizdə acı bir xəbər yayıldı. Daş Salahlı kəndi yenə şəhid verdi. Bu bizim 19 yaşlı balamız Süleymanov Süleyman Elçin oğludur. Süleyman öz şirin canını vətən torpağı uğrunda sipər edib, şəhidlik zirvəsinə ucaldı. Onun bu igidliyi, qəhrəmanlığı vətəninə və xalqına xidmətin bariz nümunəsidir. Şəhid balamızı son mənzilə yola salmağa minlərlə insan axın eləmişdi. Onun dəfn mərasimində böyük bir izdiham yaşandı. Bu izdihamda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da iştirak edirdi. Şəhidin dəfnində şəhidlə bağlı fikirlərini bildirməsi üçün ona söz verilsə də, icra başçısı bunu edə bilmədi. O, şəhidimizə olan münasibətini göz yaşı ilə ifadə etdi. 
Mən də həmin xəbəri eşidəndə bir Azərbaycan vətəndaşı və bir ana kimi göz yaşlarımı saxlaya bilmədim. 
Amma bir təskinlik tapıb, fəxr etdim. Fəxr etdim ki, Süleyman kimi mərd və vətənpərvər igidimiz var. Bu cür qəhrəmanlarımız yüzlərlə, minlərlədir. Süleyman Azərbaycan bayrağını öz qanı ilə vətən göylərinə çəkdi. Ey şəhid atası, şəhid anası, başını dik tut! Heç vaxt sınma, əyilmə! Şəhidlərimiz heç vaxt ölməyəcək. Onlar xalqımızın qəlbində əbədi olaraq yaşayacaq və unudulmayacaq. Biz sizinlə fəxr edirik, əziz şəhidlərimiz. Əmin olun ki, doğma torpaqlarımız Ali Baş Komandan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində düşmən tapdağından azad olunacaq. Üçrəngli bayrağmız vətən torpağında dalğalancaq və onda şəhidlərimizin ruhu rahatlıq tapacaq. Əmin olun ki, o gün çox yaxındadır.