“Onları hiddətləndirən məqam odur ki, Azərbaycan olmayan yerdə belə rəsmi Bakının maraqları müdafiə edilir”





Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına "rəhbərlik” etmək arzusundan vaz
keçmir. Düşmən ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan buna nail olmaq üçün
əllərindən gələni edəcəklərini deyib:
"Təşkilatın Baş katibinin Ermənistandan olmasında israrlıyıq”. Koçaryan xatırladıb ki, oktyabrda
İrəvanda keçirilən sammitdə Ermənistandan olan namizədlə bağlı konsensus əldə
olunmadığından qərarın qəbulu təxirə salınıb. Onun sözlərinə görə, bununla bağlı iclas
keçiriləcək və məsələ müzakirəyə çıxarılacaq: 

"Təkid edirik ki, rotasiya prinsipi işləsin. Həmin prinsipə əsasən, KTMT-nin növbəti Baş katibi Ermənistan namizədi olmalıdır”. Məlumat üçün bildirək ki, Baş katibin dəyişdirilməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılmaması Qazaxıstan Prezidentinin toplantıda iştirak etməməsi ilə bağlı olub. Əksər ekspertlərin fikrincə, Ermənistanın Rusiya nəzarətində olan təşkilata müvəqqəti sədrlik etməsi formal xarakter daşıyır və Dağlıq Qarabağ münaqişəsinə müdaxilə imkanı vermir. 

Bəs onda rəsmi İrəvanın quru "sədrliyə” can atmasının səbəbi nədir? 

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Siyasiİnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib ki, "nağara effekti” yaratmaq və mənasız diqqət çəkmək ermənilərin xarakteridir: "Savarş Koçaryan işğalıçılıq ideyasının ən aktiv daşıyıcısıdır. Yerli-yersiz hay-küy salmaq isə düşmənin köhnə vərdişidir. Heç vaxt ABŞ-ın yeni Prezidenti Donald Trampla əlaqələri olmayan ermənilər iddia edirlər ki, guya, Tramp onlarla yaxın münasibətdədir və ona görə də qondarma soyqırımı tanıyacaq. Bunların hamısı xülyadır”. Ekspert bildirib ki, əslində qurumun nizamnaməsinə görə, KTMT-yə Baş katiblik etmək növbəsi Ermənistandadır. Amma yuxarıda duranlar bu "haqqı” ermənilərə  verməyi uyğun görmürlər: "Qazaxıstan və Qırğızıstan prezidentləri İrəvan sammitində açıq şəkildə erməni rəhbərliyinə razı olmadıqlarını bildirdilər. Çünki onlar işğalçı dövlətin quruma başçılıq etməsini məqsədəuyğun görmürlər. Ermənistanı hiddətləndirən məqam odur ki,
Azərbaycan olmayan yerdə belə rəsmi Bakının maraqları müdafiə edilir. Düşmən tərəf isə hesab
edir ki, guya Azərbaycan tərəfi ermənilərin quruma rəhbərlik etməsinə mane olur, qarşısını alır.
Ona görə də nəyin bahasına olursa-olsun, təşkilatın başına keçməyə can atırlar. Yəni
Azərbaycana uduzmadıqlarını nümayiş etdirməyə çalışırlar”. 

M.Əhmədoğlunun sözlərinə görə,KTMT-nin tərkibində Rusiya daxil olmaqla Azərbaycanın mövqeyinə ciddi yanaşan dövlətlər var: 

"Hətta qurumda təmsil olunan Qazaxıstın və Belarus elə Azərbaycanın özü deməkdir. Son vaxtlar Qırğızıstan da açıq şəkildə Azərbaycanı müdafiə edir. Ona görə də Ermənistanın
təşkilatın başına keçməsi heç nəyi dəyişmir. Xatırladım ki, Avrasiya İqtisadi Birliyinin rəhbəri
Tiqran Sarkisyandır. Məgər bu qurum indiyə kimi Ermənistan üçün nəsə edə bilibmi? Əksinə,
Sarkisyanın rəhbərliyi dövründə qəbul edilən iqtisadi konsepsiyalar Ermənistanın əl-qolunu
bağlayıb. Düşmən ölkə acından ölür”.

İsmayıl