Onların uşaqlığını əlindən almayın!
Aşura mərasiminə qatılan körpələrin taleyi cəmiyyətdə fikir ayrılığı yaratdı
İslam dünyasının ən faciəli günü kimi qeyd olunan Aşura ilə əlaqədar ölkə məscidlərində, ibadət yerlərində matəm mərasimləri təşkil edilib. Bu mərasimlər zamanı dinimizin qayda-qanunlarına riayət olunmasına çağırışlar edilib. İddia edilib ki, son illərdə Azərbaycanda Aşura mərasimləri ilə bağlı artıq örnək alınacaq nümunələr formalaşıb. Bəs, onda Aşura mərasimlərində uşaqların nə işi var!? Dini mərasimlər bu yaşımda məndə vahiməli hisslər oyadır, valideynlər 5-6 yaşlı uşaqlarına bu qorxunu necə rəva bilir? Bir halda ki, azyaşlı uşaqların bu cür tədbirlərə cəlb olunması yolverilməzdir, niyə Aşura rituallarına azyaşlı uşaqların aparılması və onların kütləvi ağlaşma, qantökmə, zəncir vurma ayinlərinə qatılmağa məcbur edilməsi kimi ciddi qanun pozuntularının qarşısı alınmır?
Məgər bu dini ritualların azyaşlıların psixikasına hansı mənfi təsir göstərdiyini təxmin etmək o qədərmi çətindir?
Hər nə qədər aidiyyəti qurumlar Aşura mərasimlərinə valideynlərin azyaşlı uşaqlarla qatılması faktlarını inkar etsə də, hər il olduğu kimi, Aşura günü məscidlərə körpə uşaqların gətirilməsi bu il də müşahidə olundu.
Ən azından qeydə alınan foto-faktlar belə deməyə əsas verir. 4-10 yaşlı uşaqlar əllərinə bayraq alıb, ritual yerinə yetirir, hətta, körpələrin geyimlərinə diqqət edəndə qara çadranın əyinlərinə biçilərək hazırlanması nəzərə çarpır.
Bəlkə də, yaxınlaşıb o uşaqlara Aşura haqqında sual versən, hamısını cavabsız qoyacaq, məlumatsız olduqlarını deyəcəklər. Olması gərəkən də bu deyilmi? Yaşıdları cizgi filmi izləyən saatlarda o uşaqlar ağlayıb, şivən qoparıb dizinə döyən böyüklərinin "tökdüyünü yığır”. Hansı təfəkkür sahibi olasan ki, övladına "sinənə vur” deyə tərbiyə edəsən!
Qeyd edək ki, bu məsələ sosial şəbəkələrdə də ciddi müzakirə mövzusu olub. Buna haqq qazandıranlar da var, tənqid edənlər də. Lakin müşahidələr onu deməyə əsas verir ki, azyaşlı uşaqların dini təbliğat vasitəsinə çevrilməsini həzm edə bilməyənlər daha çoxdur.
Uşaqların Aşura mərasimində iştirakına ürək ağrısı ilə toxunan Qan Turalı fotolardan birini paylaşaraq özünün feysbuk səhifəsində narahatlığını bu cür ifadə edib:
"Bu dünyada heç bir şey sənin əllərindən müqəddəs deyil, balaca. Amma əllərindən uşaqlığını alıblar. Axı o çox balacadı. Əllərinə baxın siz. Ağzındakı əmziyə. Etməyin belə. Qoyun, uşaqlığını yaşasın. Böyüyəndə lap zəncir vursun. İndi o uşaqdı. Körpədi”.
Yazarın bu fikirlərinə rəy bildirən istifadəçilər isə azyaşlıların bu cür mərasimlərə aparılmasından qorxmayın deyib. Aşura tədbirinin insanlara mənəvi rahatlıq verdiyini iddia edən istifadəçiyə görə, uşaqlara xeyir-şər fəlsəfəsini öyrədir!
Sözsüz, insanlara uşaq yaşlarından dini dəyərlərə hörmət olunmasını aşılamaq qəbahət deyil, hətta vacibdir, amma yolu da bu deyil, əziz valideynlər!
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə açıqlamasında məsələnin çox ciddi olduğunu deyib: "Bu, çox böyük təhlükədir. O dərəcədə böyük təhlükədir ki, birbaşa Konstitusiyaya qarşı yönəlib. Ağzında əmzik olan körpələr qara çadraya bürünüb. Bunu qəbul edən kütlə sabah ölkədə şəriət cəmiyyətinin qurulmasını tələb edəcək. Şəriət dövlətinin qurulması konstitusion quruluşun dəyişməsi deməkdir. Yəni, İranda quruluş necədirsə, bizdə də o cür olacaq. Təhlükənin bir tərəfi də bəzi insanların ildə bir-iki dəfə üzə çıxmasıdır. Dünən küçədə qarşılaşdığımız adam sabah əlində zəncir sinə vurursa, qan tökürsə, müəyyən kəlmələri deyirsə, bu, gec partlayan minaya bənzəyir. Amma bir gün sakit görünən bomba bir gün mütləq partlayacaq. Bu məsələ ilə bağlı təhlükəsizliyimiz yaxşı aparılmır. Əlbəttə, bunu doğuran səbəblər ədalətsizlikdir. Çünki belə hallar insanları çox vaxt dinə meyilləndirir. Dində isə bu cür insanları radikal cərəyanlara, terrora sürükləyirlər. Ona görə də ağzı əmzikli körpələrin qara çadraya bürünərək cəmiyyətə atılması mövcud təhlükənin şaxələnmiş formasıdır”.
Ekspert deyib ki, bu cür məsələlərdə məsuliyyət daşıyan qurumlar ayıq-sayıq olmalıdırlar: "Bu məsələdə Dini Qurumlar üzrə Dövlət Komitəsi maarifləndirici iş aparmalıdır. Paralel şəkildə isə inzibati işlər görülməlidir. Təkcə maarifləndirmə ilə iş bitmir. Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də din siyasətə qarışanda çox kiçilir. Halbuki, din insanların ürəyində olmalıdır. Radikallığa qarşı isə Dövlət Təhlükəsizliyi Xidməti mübarizə aparmalıdır. Bütövlükdə isə dövlətin bununla bağlı fundamental siyasəti olmalıdır. Bu elə məsələdir ki, heç cür geri çəkilmək olmaz. Fikir vermisinizsə, dindarlar bir şey olmamış çarşabı ortaya atırlar. Haqsızlığa, ədalətsizliyə qarşı mübarizə yoxdur. Amma bir hadisə olan kimi "ölərik, çadranı əldən vermərik” deyirlər. Halbuki, çadra gerilikdən başqa bir şey deyil. Bu cür məsələlərə sıradan hal kimi yanaşmaq olmaz”. (modern.az)
Şərqşünas-alim Seyid Camal Əzimbəyli isə uşaqların Aşura tədbirlərinə aparılmasında qəbahətli bir şey olmadığını düşünür. Azərbaycanın dünyəvi ölkə olmasına rəğmən dini birlik və bərabərliyə, multikultural dəyərlərə, mənsəblərarası dini görüşlərə dözümlülük nümayiş edildiyini hər zaman qürur hissi ilə qeyd etdiyini vurğulayan şərqşünas deyib ki, bunun da birbaşa təminatçısı Azərbaycan dövlətidir:
Amma bütün bunlara rəğmən, bir qrup insanlar statuslarından sui-istifadə edərək mənsəblərarası münasibətlərin qızışdırılmasına yönəlik addımlar atır, tribunalardan gərginlik yaradacaq çağırışlar edirlər. Bəlkə də dövlətə dəstək olmaq istəyirlər, amma fərqinə varmadan da belə olsa, təfriqənin, dini parçalanmanın bünövrəsini qoyurlar”.
Zaman-zaman Azərbaycanda əhli-beyt sevgisinin istismara uğradığını təəssüflə qeyd edən S.C.Əzimbəyli kiçik yaşlı uşaqların dini duyğularının istismarını da yolverilməz hesab edir. Onun sözlərinə görə, bununla paralel olaraq, Aşura tədbirində iştirak edən uşaqların sabah Suriyada, İraqda döyüşəcək potensial muzdlular olduğunu iddia edənlərə qarşı da münasibətim çox pisdir.
Unutmamalıyıq ki, İmam Hüseyndən dərs alan minlərlə Vətən övladları məmləkətimizin bütövlüyü uğrunda qəhrəmancasına Şəhidlik mərtəbəsinə yüksəliblər.Onların bu mövqeyi Vətənin bütövlüyü, bayrağı uğrunda canından keçən, qəhrəmancasına şəhid olan Mübariz İbrahimov, Fərid Əhmədov, Fred Asif, Raquf Orucov kimi onlarla, yüzlərlə döyüşçülərimizin ruhuna qarşı hörmətsizlikdir. Azərbaycanın mənəvi dəyərlərinin bir parçasına çevrilən Aşura məktəbindən dərs alan bu qəhrəmanların hər biri, Vətənin və dövlətin varlığı uğrunda şəhadət kəfəni geyinərək şəhidlik zirvəsinə ucalmanı aşılayacaq miraslardır. Onlar isə Vətəni və dövləti sevməyi, onun yolunda son damla qanına qədər döyüşməyi Aşura məktəbindən öyrəniblər. Elə bilirəm ki, onların qəhrəmanlıq səlnaməsi hər birimizə örnək olmalıdır.
Aşurada zəncir vurmağa və azyaşlıların da bu cür əməllərə cəlb olunmasına qarşı olduğunu qeyd edən şərqşünas deyib ki, Aşurada iştirak edən uşaqları Suriyada qanunsuz silahlı qruplaşmalara qoşulan gənclərlə eyniləşdirənlər yad təsirləri Azərbaycana gətirmək istəyən qüvvələrdir: "İstər İran, istər Səudiyyə Ərəbistanı, istərsə də qardaş Türkiyədən olsun, Azərbaycana "camaat” anlayışı gətirmək istəyənlər ölkəmizdə dini bərabərliyi pozub, mənsəblərarası qarşıdurma yaratmaq istəyənlərdir. Zənnimcə, 3-4 yaşlı uşaqların valideynləri ilə birlikdə Aşura mərasimlərinə qatılmasına normal yanaşmaq lazımdır.
Əgər həmin tədbirdə qançıxarma aksiyası, zəncir vurma, başlarını-gözlərini yarmaq kimi xoşagəlməz rituallar yoxdursa, narahat olmağa da dəyməz. Aşurada Nizami Gəncəvinin, Məhəmməd Füzulinin qəzəlləri, Abbas Səhətin şeirləri mərsiyyə üslubunda oxunur, insanlara Vətəni, bayrağı, dini sevmək aşılanır. Bir daha təkrar edim ki, məqsədim azyaşlıların Aşurada baş yarmaq, qançıxarmaq, zəncir vurmaq kimi rituallara tamaşa etməsini təqdir etmək deyil. Uşaqların dərk etmədən ora aparılmasının mən də əleyhinəyəm. Amma bizim ölkəmizdə Aşura tədbirləri o səviyyədə qeyd olunmur. Müqəddəs dinimizə ləkə gətirən, əslində islama heç bir aidiyyəti olmayan təkfirçi milli dönüklərə zərrə qədər də olsa belə, Aşura günündə fürsət verəcək əməllərə yol verməmək hər birimiz üçün şərəf işi olmalıdır! Aşura məktəbindən dərs alan uşaqlar isə ölkəmizdə dinlər və təriqətlərarası münasibətləri qızışdırmaq istəyən, zərərli qüvvələrin dediyi kimi, Suriyada, İraqda yox, Dağlıq Qarabağda torpaq, bayraq uğrunda döyüşəcək potensial mücahidlərdir. Bunu unutmayaq!”
Şəymən