“Onun oğlu ölməyib ki...”

Orxan Nadirov: “Hələ heç kim sevinməsin ki, İlhamə xanımın mirasını ələ keçirə bilib”



Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişən gündən onun mirası üstündə çəkişmələr davam edir. İlhamə Quliyevanın mirasının bacılarına qalması ilə bağlı dayısı oğlu Eldar İsmayılov açıqlama yayıb.
"Axşam.az”ın məlumatına görə, o bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən müğənninin mirası bacıları Gülbahar və İradə arasında bölünəcək.

E.İsmayılovun sözlərinə görə, İ.Quliyevanın oğlu kimi özünü təqdim edən Orxan Nadirovun övladlıq iddiası təmin olunmayıb.

Məsələ ilə bağlı O.Nadirovun vəkili Habil Vəliyev də açıqlama verib. O, baş tutan məhkəmədən xəbərsiz olduqlarını deyib: "Söhbət hansı məhkəmədən gedir xəbərimiz yoxdur. Biz Yasamal Rayon Məhkəməsində heç bir iddia qaldırmamışıq. Bizim işimizə Səbail rayonunda baxılır. Səbail Rayon Məhkəməsində birinci dərəcəli vərəsəlik iddiası qaldırmışıq. Ola bilsin ki, qarşı tərəf ikinci, üçüncü dərəcəli vərəsəlik iddiası qaldırıb. Səbail Rayon Məhkəməsi bizim prosesi qeyri-müəyyən vaxta qədər təxirə salıb. Bu hakimin qərarı idi. Yəni hələ dəqiq olan heç nə yoxdur”.

Mirasın Xalq artistinin bacıları arasında bölünməsi ilə bağlı suala isə H.Vəliyev gülərək "Onlar nə danışır, bizim xəbərimiz yoxdur” deyə cavab verib.

İlhamə Quliyevanın oğlu Orxan Nadirov "Şərq”ə açıqlama verdi: "Mən inanın ki, bu söz-söhbətdən o qədər yorulmuşam ki? Anam sağ olanda bu gün özlərini qohum hesab edənlər bizim evə gəlib-getmirdilər. İndi hamı anamın yaxın qohumu olub. Yasamal məhkəməsinə mən müraciət etməmişəm. Onlar deyir ki, Orxan məhkəməni uduzdu. Orxan Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi ki, məhkəməni uduzsun? Mənim bu məhkəmədən xəbərim yoxdusa, necə uduza bilərəm? Mənim nə İradə xala ilə, nə də digəri ilə münasibətim pis olmayıb. Anam sağ olanda da heç vaxt onlarla tez-tez ünsiyyətim olmayıb. 40-dan sonra da mən onların heç birinə zəng vurmamışam. Axı anam sağ olanda da mən onlarla elə hər gün görüşüb, evlərinə gedən olmamışam. Sadəcə, həmişə hörmətlərini saxlamışam. İradə xala ilə münasibətim bu gün də pis deyil. Mənə maraqlı olan bilirsiz nədi? Niyə mənim anam sağ olanda onlar özlərinin iddiası, mirasa sahib olacaqlarını dilə gətirməyiblər. Mən onun oğlu deyiləmsə onlar niyə bunu anamın yanında demirdilər? Anam mənə toy edəndə, ölkənin ən nüfuzlu ictimai xadimləri, məmurları gəlib məni təbrik edirdilər. Qonaqlar İlhamə Quliyevanın oğlunun toyuna gəlmişdilər, yəni mənim Orxanın toyuna. O necə olur ki, dövlət tərəfindən mən onun oğlu kimi qəbul olunuram, amma məni qohumlarım İlhamə xanımın oğlu kimi qəbul etmirlər? Niyə dünənə qədər, anam sağ olanda heç kim demirdi ki, biz Orxanı sənin oğlun kimi qəbul etmirik? Anam mənə həmişə diqqət və qayğı ilə yanaşıb. Bilmirəm kim nə fikirləşir. Amma mənim üçün anamın yoxluğu böyük dərd olub. Orucluq bayramında qəbir üstə məndən başqa heç kim getməmişdi. Əgər bu qədər onun yaxınları, doğmaları idilərsə gedib bayram gününün yasinini oxutdurub, 5 dənə qərənfil qoyardılar qəbir üstə. 5 qərənfil üçün 5 manat pul lazım idi, 5 manat da yasin oxutmağa ciblərindən pul çıxardı. Bunu edəydilər. Mən övlad olaraq anamın ruhuna hörmət edirəm deyə, bəzən susuram. Ayıbdı. Əgər bu qədər bacı dərdi çəkən idilərsə, qəbir üstə gedib onun qara bayramında anamı yad edəydilər. Mən yaşda onlardan kiçiyəm deyə, ayıb bilib susuram. Amma məni danışmağa məcbur edirlər. Qəbir üstə gedəndə müğənni Ülvi Qılınc İlhamə xanımın ziyarətinə gəlmişdi. Mən orda İlhamə xanımın yaxınlarını görə bilmədim. Miras davası edənlər bir dəfə görən İlhamə xanımın ruhuna xoş olsun deyə ona yasin oxutmağı düşünüblər görən? Mən anamı itirəndən bilirdim ki, onun mirasına sahib olmaq istəyənlər çox olacaq. Amma yenə də övladı olaraq susdum ki, ayıbdı. Məni miras davası çəkənlər oğlu kimi qəbul etməsələr də, amma köhnə qonşularımız bu gün də məni oğlu kimi tanıyıb, qəbul edirlər. Gedin İlhamə xanımla Tükəzban xanımın yaşadığı köhnə məhəlləmizə, soruşun, görün məni necə tanıyırlar, necə qəbul edirlər. Çünki mən körpə yaşlarımdan İlhamə xanımın yanında böyümüşəm, o mənə körpə yaşımdan analıq edib, mən də ona övlad olmuşam. Elə sizin aparıcılığınızla olan verilişdə ilk dəfə o oğlum Ruslanı efirdə tamaşaçılara təqdim edəndə də bildirdi ki, Ruslan mənim nəvəmdi. Bu sözlərin faktiki video lentləri qalır. İlhamə xanım məni doğma övladı kimi qəbul etmişdi, mənim balamı da nəvəsi hesab edirdi. O nəvəsinin üzünü görəndə bütün əsəbi sakitləşirdi. Bilirsiz, bu məsələlər bir az insandan həssaslıq tələb edir. Mən bioloji İlhamə xanımın övladı olmaya bilərəm, amma o mənim anam idi. Çünki məni o böyüdüb, qayğımı çəkib, o mənə analıq edib. Mən bunu necə yadımdan çıxara bilərəm, necə unuda bilərəm. Adam gözünü açandan ölən gününə qədər bir insana ana, daha dəqiq desəm "Mama” deyibsə, bunu yaddaşından necə silə bilər? Məni insan kimi başa düşən nə dediyimi anlaya bilər. Şərt o deyil ki, dünyaya övlad gətirəsən. O hələ heç kimə analıq adını daşımağa haqq vermir. Ana o insana deyilir ki, böyütdüyü uşağa sahib çıxsın, ona valideyn kimi qayğı göstərsin, ana nəvazişindən əskik qoymasın. İlhamə xanım mənə ana olaraq bütün sevgisini verib. Mən bunu necə unudum? Unutsam, Allah mənə qənim olar. Mənim səhvim də olanda yaxşı günümdə də, pis günümdə də valideyn kimi, ana kimi mənə dəstək olub. O məni bu yaşa çatdıran qadındı. Başa düşürsüz? O mənim anamdı. Uşaq evindən övlad götürən ana, ana sayılmır ki? Onda onun böyütdüyü övlad kimə ana desin? Bu nə qədər ədalətli görünür? İlhamə xanım məni övladlığa götürüb, məni böyüdüb, mənim qayğımı çəkib, məni oxudub, mənə toy edib. O mənə ana olub. İndi sizcə mənim ona ana deməyə haqqım çatmır? Məni böyüdən anaya mən nə deyim? Mən anamın övladı olaraq danışmaq haqqını özümdə tapmışam. İlhamə xanım rəhmətə gedəndə dövlət rəsmiləri də onu son mənzilə yola salanlar da mənə, yəni oğluna başsağlığı verirdilər. Miras davası çəkənlər arada anamın qəbri üstə gedib heç olmasa ondan halallıq istəsinlər. Onun ikinci dərəcəli qohumları miras davası çəkir. Mən İlhamə xanımın hamının qarşısına çıxartdığı övladı, oğluyam. Heç kim də indidən sevinməsin. Hələ məhkəmə bitməyiğb, mən də heç bir məhkəmə prosesində uduzmamışam. Nə tez sevinməyə başlayıblar? Onlar sən demə oturub anamın ölümünü gözləyirdilər ki, İlhamə xanım ölsün, mirasını əldə etsinlər. Bu gün onların məqsədi açıq-aydın görünür. İnanın anam sağ olsaydı, onların nitqini qurudardı. Onun yanında səsləri çıxmırdı, indi hamı danışmağı bacarır. Yenə deyirəm, məhkəmə prosesi hələ bitməyib. Bizim məhkəmə işimiz hələ davam edir. Mənə böhtan atanlar da qanun qarşısında cavab verəcək. Məni şərləyənlər də. Anamın ölümünə səbəb olan həmin Mehriban da qanunla cəzasını çəkəcək.

İlhamə xanımın ölümündən sonra da məhkəmə davam edir. Ona görə də indidən heç kim sevinməsin ki, İlhamə xanımın mirasın ələ keçirə bildi. Onun oğlu ölməyib ki, anamın mirasını dağıtsınlar”.

Tahirə