"Ordu ilə bağlı məlumatın 1 saat gec və ya tez verilməsi prosesə təsir edir" - Vüqar Rəhimzadə





"Ordu ilə bağlı istənilən mövzuda diqqətli olmaq lazımdır. Rəsmən təsdiq edilməmiş məlumatı yaymaq düzgün deyil”.

Bu barədə "Sherg.az”a mətbuatda Azərbaycan Silahlı Qüvvələri və şəhid xəbərləri ilə bağlı məlumatların yayılmasından danışarkən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

Baş yazar vurğulayıb ki, kiminsə subyektiv fikrinə, baxışlarına əsaslanan formada ordu haqqında informasiyaların yayılmasının əleyhinədir:

"Rəsmi məlumatların mətbuatda səsləndirilməsi daha məqsədəuyğundur. Amma təbii ki, Müdafiə Nazirliyinin özü və aidiyyəti qurumları operativ olmalı, lazımi məqamda lazımi məlumatı yaymalıdır. Elə məqamlar var ki, məlumatın 1 saat gec və ya tez verilməsi də prosesə təsir edir. Amma istənilən halda ordu ilə bağlı sayt və qəzetlərdə fərdi yanaşmanın deyil, rəsmi məlumatın verilməsi daha məqsədəuyğundur”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Ziyafət Əsgərov mətbuatın və QHT-lərin Silahlı Qüvvələr üzərində nəzarətinə, məhdudiyyətin aradan qaldırılmasına edilən etirazlara münasibət bildirib. Z. Əsgərov deyib ki, mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil.

Aysel Aslan