Orxan BP-də ilk azərbaycanlı vitse-prezident olacaq

İlham Şaban: “Bu xarici şirkətdə 87 faizə yaxın personal yerli mütəxəssislərdir”




BP-də azərbaycanlı vitse-prezident təyin olunub. Şirkətin hazırda "Çıraq” və "Dərinsulu Günəşli” sahəsi üzrə əməliyyatlar meneceri olan Orxan Quliyev bu il iyunun 15-dən etibarən BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti təyin olunur.

Qurumdan verilən məlumata görə, bu yeni vəzifədə Orxan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla regional əməliyyat risklərinə müstəqil baxış və risklərə qarşı baryerlərin gücünü təsdiq edən əminlik fəaliyyətinin icrasına cavabdeh olacaq. Həmin vəzifədə O.Quliyev BP-də 37 illik xidmətdən sonra təqaüdə çıxan indiki vitse-prezident Robert Uottu əvəz edəcək ki, bu da şirkətin kadrların milliləşdirilməsi planına uyğundur. BP-də çalışdığı 20 ildən artıq bir müddət ərzində O.Quliyev Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar və iri layihələr sahəsində təcrübə qazanıb.

Təyinatı müsbət dəyərləndirən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban "Şərq”ə söyləyib ki, bu xarici şirkətdə 87 faizə yaxın personal yerli mütəxəssislərdir: "Təbii ki, bu yaxşı göstəricidir. Ancaq bundan da yaxşı nəticə göstərə bilərdik. BP-də artıq 5-ci təyinatdır. Orxan BP-də ilk azərbaycanlı vitse-prezident olacaq. İstənilən sahədə 10 il çalışan insan o sahənin incəliklərini öyrənir. Amma deyim ki, biz hələ illər öncə dünyanın müxtəlif universitetlərində yerli kadrların təhsilini təmin etməli idik. Bunu dünya təcrübəsi göstərir. Baxın, Sinqapur ilk pullarını təhsil sahəsinə qoydu. Nəticədə külli miqdarda qazanc əldə edirlər. Ancaq bizdə bu proses 2006-cı ildən başladı. Arada 11 il boşluq yarandı”.

Ayyət Əhməd