Özəl KİV-lərdə işçilərin məzuniyyət problemi var
Amma media rəhbərləri bu problemi aradan qaldırdıqlarını deyirlər
İstirahət etmək insan həyatında vacib amillərdən biridir. Ağır iş rejimindən bir müddət də olsa yaxa qurtarmağın, stress atmağın ən yaxşı yolu dincəlməkdir. İstirahət insanın enerjisini bərpa edir və yaşama eşqini artırır. Artıq yayın ikinci ayını yaşayırıq. Bu vaxta qədər istirahət planı quranlar da olub, planlarını həyata keçirənlər də. Amma hələlik dincəlməyə macal tapmayanlar daha çoxdur. Çoxları istirahət etmək üçün yayın ən qızmar vaxtına - avqust ayına üstünlük verirlər. Təbii ki, hər kəsin arzusu ideal və az məsrəfli tətil keçirməkdir.
Psixoloqlar yaz və yay aylarının məzuniyyət üçün ən uyğun zaman olduğunu deyirlər. Qış boyu yığılmış yorğunluq yaz-yay aylarında psixoloji nasazlıqlara, yuxusuzluq və əsəbiliyə səbəb olur. Amerika alimləri isə ilin dörd fəslində məzuniyyətə çıxmağı məsləhət bilirlər.
(əvvəli ötən sayda)
Əcnəbi alimlərə görə, insan məzuniyyətdən o zaman zövq alır ki, istirahət ilin hər fəslində bir həftə müddətində olsun. Həkimlər də hesab edirlər ki, insan orqanizminin tam istirahəti üçün 4 həftəlik məzuniyyət mütləqdir. Dünyada ən uzun məzuniyyət sahibləri fransızlar, almanlar, ispanlardır. Bu xalqlar 50 gündən az istirahət etmirlər. Ən qısa məzuniyyət günləri isə ABŞ-da, Yaponiyada və Cənubi Koreyadadır. Onların istirahəti isə 10 gündür. Bütün peşələrdə olduğu kimi media sahəsində çalışan şəxslərin də il ərzində, xüsusən isti yay aylarında dincəlməsi olduqca vacibdir. Nəzərə alsaq ki, jurnalistlər həm fiziki, həm də zehni baxımdan daha gərgin iş rejiminə malikdirlər, o halda media nümayəndələrinin istirahəti daha zəruri hesab olunur. Amma media qurumlarının iş mexanizmi və mətbuatın digər problemləri jurnalistlərin normal istirahətinə mane olur. Jurnalistlər çox vaxt az müddətə və öz hesablarına məzuniyyətə çıxırlar ki, bu da müəyyən narazılıqlara səbəb olur. Əmək Məcəlləsinə görə, hər bir işçinin iş yerinin və vəzifəsinin saxlanılması şərtilə illik məzuniyyət hüququ var. Dövlət qurumlarında və bir sıra özəl strukturlarda qanunvericiliyin bu tələbinə əməl olunsa da, media sahəsində vəziyyət fərqlidir. Problemlərə baxmayaraq, redaksiyalar işçilərin istirahət hüququnu təmin etməyə çalışırlar. Ekspertlərə görə, mövcud problemi vahid sistemlə həll etmək o qədər də asan görünmür.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, jurnalistlərin istirahət hüququ digər peşə sahiblərinin istirahət hüququndan fərqlənməməlidir: "Hüquqi dövlətlərdə bu məsələlər Əmək Məcəlləsi ilə həll olunur. Bizim də çox mükəmməl əmək qanunvericiliyimiz var. Bu məcəllə əsasında jurnalistlər də iş stajlarına uyğun olaraq müəyyənləşdirilmiş müddətdə məzuniyyət hüququna malikdirlər. Səhv etmirəmsə, 1 illik iş stajı olanlar üçün bu müddət 30 gündən başlayır. Bizim bir çox rəsmi KİV-lərdə bu qaydalara əməl edilir. İşçilər iş stajlarına uyğun olaraq məzuniyyətə çıxa bilirlər. Özəl KİV-lərdə isə bu sahədə problemlər yaşanmaqdadır. Amma bu sektorda da yavaş-yavaş məsələlər tənzimlənir. Diqqət etsək görərik ki, qəzetlər, saytlar, informasiya agentlikləri yay aylarında işçilərini məzuniyyətə buraxırlar. İşçi qüvvəsi az olan KİV-lər məzuniyyətə gedən işçilərin boşluğunu kompensasiya etmək üçün
səhifələrini azaldırlar. "Kaspi” qəzetində də məzuniyyətlə bağlı məsələlər əmək qanunvericiliyinə uyğun həll edilir. Hesab edirəm ki, statusundan, maddi imkanlarından asılı olmayaraq bütün KİV-lər öz əməkdaşlarının məzuniyyət hüququnu təmin etməlidirlər. Hansı redaksiyada bu hüquq təmin olunmursa, müvafiq dövlət orqanları tərəfindən qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməlidir”.
"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov bildirib ki, peşəsindən asılı olmayaraq, hər kəsin məzuniyyətə çıxmaq, istirahət etmək ən təbii haqqıdır: "Jurnalist olsun, yaxud olmasın, fərq etməz, hamı dincəlməlidir. Bu hüquq qanunla da tənzimlənir. Sırf mətbuat işçilərinə gəlincə isə Azərbaycanda ən problemli məsələlərdən biri işçilərlə əmək müqaviləsinin imzalanmamasıdır. Bunun obyektiv və subyektiv səbəbləri var. Lakin heç bir halda haqq qazandırılacaq bir hal deyil. Bizim redaksiyada 6 ay işlədikdən sonra hər bir əməkdaşımız 21 günlük məzuniyyətə buraxılır. Bəzən olur ki, bunu iki yerə bölməli oluruq. Səbəbi də odur ki, işçi heyətimiz çox da böyük deyil. Məzuniyyət müddətində mütləq şəkildə əməkhaqqı ödənilir, hətta imkanımız daxilində avans da götürə bilirlər. Əgər hansısa redaksiyada rəhbərlik əməkdaşlarına məzuniyyət vermirsə, bunu çox pis qarşılayıram. Çünki jurnalistlik yaradıcı peşədir. Yaradıcı insanlar istirahət etməsələr, daha az yararlı olarlar. Jurnalist öz hüququnu hamıdan yaxşı bilməli və öz hüququnu müdafiə etməyi bacarmalıdır”.
"Yeniçağ.az” saytının baş redaktoru Aqil Ələsgər bu məsələnin jurnalistlərin ən ağrılı yeri olduğunu deyib: "Hesab edirəm ki, hər bir vergi ödəyicisi olan mətbu orqanın Respublika Həmkarlar Konfederasiyasının xidmətlərindən yararlanmaq haqqı olmalıdır. Bunun hüquqi mexanizmi artıq müvafiq media təşkilatlarının üzərinə düşür. İstirahət hər bir insanın haqqıdır. Bizdə belə təsəvvür formalaşıb ki, jurnalistin istirahət hüququ olmamalıdır. Bu artıq bizim həyatımıza da sirayət edib. Məsələn, harasa istirahətə gedəndə belə bəzən rahat ola bilmirik, internetdən əl çəkmirik. Bu da gördüyümüz işin psixologiyamıza təsiridir. Düşünürəm ki, xüsusilə, yay aylarında hər bir qələm sahibi ən az 15 gün beynini rahat buraxmalıdır ki, sağlam düşünə bilsin. Bu gün media sahəsində çalışanların əksəriyyətinin səhhətindəki problem ondan qaynaqlanır ki, beyin dincəlmir və gərəkli-gərəksiz informasiyalarla yüklənir. Bunun da tək çıxış yolu həftədə minimum bir gün, ildə də ən az 15 gün dincəlməkdir”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov deyib ki, bu problem əmək müqaviləsi vasitəsi ilə həll olunur: "Jurnalistlərin istirahəti ilə bağlı mütləq şəkildə aidiyyəti qurumlar nəzarəti həyata keçirməlidirlər. Hər kəsin haqqıdır ki, ildə ən azı 21 gün istirahət etsin. Səhv etmirəmsə, qanunvericiliklə ya 21 gün dalbadal istirahət etməlisən, ya da bu müddəti iki yerə bölürsən, yəni 10 və ya 11 günə. Əslində bu müddəti 3 həftəyə bölmək mümkün olsaydı, daha səmərəli olardı. Ola bilər hansısa media qurumlarında məzuniyyətlə bağlı problemlər olsun. Mən bunu kollektivin az olması və biri-birini əvəz etməyə imkanların olmaması ilə izah edərdim”.
"Atv.az” saytının baş redaktoru Əziz Əlibəyli də hesab edir ki, istirahət mütləq verilməlidir. Xüsusilə, media sahəsində çalışanlar dincəlməlidir: "Hər gün ağır iş rejimi, insanı sarsıdan xəbərləri mənbədən almaq, onun stressini paylaşmaq bizim payımıza düşür. Hələ üstəlik, indiki medianın sürəti və onlaynlaşması o qədər beyin sürəti və hərəkət çevikliyi tələb edir ki, istirahət qaçılmaz hala gəlir. Hansı redaksiya müxbirinin haqqına girib, istirahət vermirsə, onun işinin keyfiyyət əmsalının da göstəricisi olmaz. Bizim "Atv.az”da 21 günlük məzuniyyət var. Kampaniya hesabına bu məzuniyyət çox normal tərzdə təşkil olunur. Yaxşı olar ki, digər media qurumları da işçisinin qayğısına qalsın, öz hesabına məzuniyyətə göndərməsin. Əmək Məcəlləsinin müvafiq maddələrinə əməl edilsin”.
"Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı bildirib ki, media işçiləri də bütün başqa sahələrdə olduğu kimi, 21 günlük istirahət hüququndan yararlanmalıdırlar: "Bildiyimə görə, bütün ciddi media qurumlarında bu qaydaya riayət edilir. Bizə gəlincə, qəzetdə əməkdaşlar 21 gün istirahət edirlər. Şəxsən mən 15 gün yay tətilinə çıxıram, bir həftə də payızda və ya qışda istirahət edirəm. Arada 3-5 günlük xarici səfərlər də olur, bunları da məzuniyyət günlərinin üstünə yükləsək, az qala ildə bir ay redaksiyadan kənarda, noutbukdan uzaqda oluram”.
Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə isə deyib ki, medianın maddi baxımdan özünü tənzimləyə bilməməsi bu sahədə çalışanların bir sıra sosial problemlərinin yaranmasına gətirib çıxarıb: "Bu, daha çox jurnalistlərin sosial hüquqlarının pozulduğu halda güvənəcəyi bir qurumun olmamasında özünü göstərir. Necə deyərlər, problem üstə problem gəlir. Jurnalistlərimizin illik istirahət hüquqlarının təmin olunmaması da başlıca çatışmazlıqdır. Bunun da ən böyük səbəbi redaksiyalarda həmkarlar ittifaqının olmamasıdır. Əslində müstəqil həmkarlar ittifaqlarını yaratmaq heç də çətin deyil. Amma bu qurumu yaşatmaq sual altında qalacaq. Çünki jurnalistlərin belə bir institutu ayağa qaldırıb işlək edəcək əmək haqları çatmır. Ona üzvlük haqları ödəmək imkanları da yoxdur. Demək, məsələyə hansı tərəfdən yanaşsaq, yenə də hər şey gəlir dayanır redaksiyanın və ən əsası jurnalistlərin "cib”inə. Məsələni kökündən həll etməyin yolu həmkarlar ittifaqının yaradılmasıdır”.
"Lent.az”ın əməkdaşı Səbuhi Məmmədli bildirib ki, onun çalışdığı media holdinqdə məzuniyyət adlı problem olmayıb: "Əmək qanunvericiliyinə görə hər bir əməkdaş məzuniyyətə çıxır. Düzdür, hər yerdə olduğu kimi hamımız məzuniyyət hüququndan ancaq yay fəslində istifadə edirik. Redaksiyaların öz prinsipi məsələsi isə bir qədər fərqli yanaşmadır. Məsələ ondadır ki, jurnalistlərin məzuniyyəti qanunvericilikdən daha çox həmin media orqanının rəhbərliyindən asılıdır. Bizim iş prinsipi yanlış olaraq belə qurulub - müxbir 365 gün işləməlidir. Əlbəttə, bu yanaşma yanlışdır. O ki qaldı məzuniyyətimizin bizi qane etməyinə, təbii ki, qane edir. Çünki bir həftə, on gün istirahət etmək üçün kifayətdir. Bu sarıdan problem yoxdur”.
Tanınmış jurnalist Kənan Rövşənoğlu deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən media işçilərinin məzuniyyət hüququ var: "Mətbuat ağır iş rejimi hesab olunduğu üçün burada çalışanların istirahəti labüddür. Bildiyim qədəri ilə yerli mediada bu və ya digər şəkildə məzuniyyətlər verilir. Bizim redaksiyada xüsusən yay aylarında işçilər məzuniyyət götürə bilirlər. Amma məncə əsas problem məzuniyyətdən çox, onu necə keçirməklə bağlıdır. Ölkədə digər sahələrdə olduğu kimi media nümayəndələrinə də həmkarlar ittifaqının xətti ilə "putyovkalar” verilməlidir. Bu məsələ həllini tapmalıdır. Çünki mətbuatda gəlirlər bəllidir və xüsusən də sıravi işçilərin xaricdə, eləcə də ölkə daxilindəki kurortlarda dincəlməsi mümkün deyil. Buna görə də jurnalistlərin digər qurumlar kimi Həmkarlar İttifaqları xəttilə dincəlməsi təmin olunmalıdır. Hər halda hökumət qurumları bununla bağlı bir yol fikirləşə bilər”.
"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə bildirib ki, media elə bir sahədir ki, burada istəsən də hansısa istirahətdən söz açmaq mümkün deyil: "Jurnalist gəzintiyə gedəndə də informasiya axtarır və yayır. Amma buna baxmayaraq, jurnalistlərin əmək hüquqları Hüquqi Məcəllə ilə tənzimlənir. Müxbirlərin hər bir işçi kimi məzuniyyət hüququ var. Məncə, işəgötürənlər jurnalistlərə bir ay məzuniyyət versələr normal olar. Onsuz da o bir ay ərzində həmin jurnalistlər harada olsalar, oradan nəsə xəbər verəcəklər. Qoy bir ay da istirahət edə-edə işləsinlər. Jurnalistlərin buna haqqı var”.
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib ki, bizdə adətən yay tətilləri uzunmüddətli olmur: "Maksimum bir həftə tətil imkanı olur. Ona görə də şərait yaradırıq ki, növbəlilik prinsipi ilə deyil, kimə hansı zaman uyğundursa, o zaman tətilini keçirə bilsin. Bəzən bir əməkdaş yay mövsümündə 1-2 günlük də əlavə tətilə çıxa bilir. İstənilən halda müxbirlərə dincəlmək imkanı yaratmaq lazımdır”.
Modern.az saytının baş redaktoru Əfqan Qafarlı da bildirib ki, saytın əməkdaşları məzuniyyətə öz aralarında razılaşaraq növbə ilə çıxırlar: "Bu prosesə ötən həftədən başlanılıb. Avqustun sonunadək də davam edəcək. İşçilərimizə 15 gün dincəlmək vaxtı verilir”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb