Özəlləşdirməni Maliyyə Nazirliyi apara bilməz

Əliməmməd Nuriyev “Azadlıq” qəzetinin yazdıqlarını əsassız hesab edir


Ölkə başçısı İlham Əliyevin dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərmanı ilə əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun səlahiyyətlərinə əl qoyulduğu barədə iddialar yayılıb. Fərmana əsasən dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçiriləcək.

"Azadlıq” qəzetinə istinadən əldə etdiyimiz məlumata görə, Kərəm Həsənovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi maliyyə naziri Samir Şərifova keçəcək. Daha doğrusu, özəlləşdirmə prosesini faktiki olaraq maliyyə nazirinin nəzarətində olan Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. Bildirilir ki, özəlləşdirməyə çıxarılacaq əmlakların, müəssisələrin qiymətləndirilməsi məhz bu quruma həvalə ediləcək.

Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev isə hesab edir ki, dövlət əmlakının özəlləşdirilməsi prosesini Maliyyə bazarlarına Nəzarət Palatasının həyata keçirməsi ilə bağlı yayılan iddialar absurddur. Bu məsələnin Palatanın səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur. Qurum tamamilə fərqli funksiyaları icra edir: "Əmlakın özəlləşdirilməsi ilə bağlı məsələlərin həmin palataya verilməsi iddiasını ortaya atanlar bu fikirlərini əsaslandırmalıdırlar. Amma mən belə bir ehtimalı inandırıcı hesab etmədiyim üçün bir anlaşılmazlıq olduğunu güman edirəm”.

Fond prezidentinin sözlərinə görə, dövlət əmlakının özəlləşdirilməsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının funksiyaları ilə bir yaxınlığı olsaydı belə, bu səlahiyyətin onlara verilməsi real olmayacaqdı. Çünki bu sahə yenə də əmlak məsələləri üzrə dövlət xidmətinin nəzarətindədir: "Prezident İlham Əliyevin dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərmanında dövlət əmlakının özəlləşdirilməsi əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun səlahiyyətlərinin azaldılması məsələsi qeyd olunmayıb. Əmlakın özəlləşdirilməsi əvvəllər olduğu kimi yenə də Komitənin nəzarətindədir. Sadəcə olaraq Komitə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı edilən müraciətləri Prezidentə təqdim edəcək və daha sonra özəlləşdirilmə həyata keçiriləcək. Qısası, təşkilati və texniki işlər yenə də əmlak məsələləri üzrə dövlət Xidmətinə məxsusdur. Fərmanda da qeyd olunub ki, dövlət əmlakının özəlləşdirilməsi ölkə iqtisadiyyatının rəqabətli olması ilə yanaşı, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, habelə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına səbəb olub. Hazırda dünyada gedən iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, dövlət əmlakının idarə edilməsi sahəsində qarşıda duran yeni vəzifələrin yerinə yetirilməsini və bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir.

Nazirlər Kabineti də 2 ay müddətində "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir”.

Ə.Nuriyev hesab edir ki, burada söhbət özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyərləri əsasında formalaşdırılmasının nəzərə alınmasından gedir: "Bugünə qədərki qiymətləndirmə modeli tamam fərqli idi. Amma fərmanla müəyyən olunub ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır. Bu da təbii bir haldır. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə olunan vəsaitlər dövlət büdcəsinə daxil olmalıdır. Bu mənada dəyişikliklərin aparılan iqtisadi islahatların ruhundan qaynaqlandığını da demək olar”.

Fərmanda qeyd olunan hər 3 maddədə Əmlak məsələləri üzrə dövlət xidmətinin adının yer aldığını vurğulayan Ə.Nuriyev deyib ki, söhbət dövlət əmlakının daha səmərəli idarə olunmasından gedir, hansısa qurumun səlahiyyətlərinin əlindən alınmasından yox.

Şəymən