Bəzi partiyalar bloka üstünlük verir, bəziləri isə deputat yarışına tək qatılmaq istəyir
Müxalifət düşərgəsi parlament seçkilərinə birlik halında qatılmağı qarşıya məqsəd qoyub. Hələlik hansısa nəticə olmasa da, ayrı-ayrı partiya liderlərinin verdiyi açıqlamalar bunu deməyə əsas verir. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də müxalifət partiyalarının seçkilərə blok şəklində qatılacağını deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların rəhbərləri səviyyəsində görüşlər keçirilir. Təbii ki, seçkilərə təkbaşına gedən siyasi partiyalar da var. Ümumiyyətlə, bu istiqamətdə fikirlər birmənalı deyil. Müsavat Partiyası başqanının müavini Elman Fəttah parlament seçkilərində blok şəklində iştirak etmək məsələsinin gündəlikdə olmadığını bildirib: "Müsavat 2015-ci ilin parlament seçkilərində iştirak haqda qərar verib. Seçkilərdə blok şəklində iştirak etmək fikrimiz yoxdur. Ancaq seçki qanunvericiliyindəki islahatlar, seçki müşahidəsinin təşkili yönündə real siyasi qüvvələrlə funksional əməkdaşlıq məsələsinə çalışacağıq”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə isə açıqlamasında bildirib ki, AMİP qarşıdan gələn parlament seçkilərində iştirak edəcək, ancaq hələlik seçkilərə tək və ya hansısa partiya ilə birgə getmək barədə yekun qərar qəbul edilməyib. Onun sözlərinə görə, hazırda bəzi siyasi təşkilatlarla danışıqlar aparılır: "2010-cu ildə müxalifət partiyalarına müraciət etdik, ancaq əfsuslar olsun ki, siyasi müxalifət düşərgəsində qruplaşma düzgün getmir. Prezident seçkiləri öncəsi də müxalifət olaraq vahid cəbhədən çıxış edə bilmədik. Y.Bağırzadə qeyd edib ki, müxalifət seçkilərə blok şəklində getsə, daha yaxşı olar: "İstərdik ki, blok şəklində gedək, ancaq siyasi partiyalar arasında təmərküzləşmə getmir, bloklar özünü doğrultmur. Son vaxtlar siyasi partiyalar arasında sağçılıq, solçuluq meyilləri özünü daha çox büruzə verir. Misal üçün, biz mərkəzçi partiyayıq, əlbəttə, istəyərik ki, mərkəzçi partiyalarla bir yerdə seçkiyə gedək. Müəyyən təkliflər var, amma hələlik konkret qərar yoxdur”. Sədrin sözlərinə görə, əvvəllər sağçılarla sol düşüncəli partiyalar birləşdilər, lakin bu, öz effektini vermədi: "Sağçıların arasında da fikir ayrılıqları var. Bəziləri seçki yoluna, bəziləri isə mitinqlərə üstünlük verirlər. Müxalifət partiyalarının baxışlarında fərqlər mövcud olduğuna görə seçkilərə tək getmək siyasi partiyalar üçün daha asan olur”.
ADP sədri Sərdar Cəlaloğlu isə parlament seçkilərində blok yaratmağı düşünənlərdəndir. Partiya sədri bildirib ki, müəyyən siyasi qüvvələrin parlament seçkilərində birgə, blok şəklində iştirakı haqda artıq razılığa gəlinib: "Bəzi partiyalar rəhbər orqanlarında müzakirə aparmalıdır, müzakirələrin yekunundan asılı olaraq bu barədə qərar verəcəyik. Müsavat Partiyası istisna olmaqla, Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan 10 partiya blokda təmsil olunmağa ilkin razılıq verib”. ADP sədri seçkilərdə "Qarabağ” blokunun tərkibində iştirak etməmələrinə də aydınlıq gətirib: "Qarabağ” siyasi blokdur. Biz bu blokda Ümid Partiyası ilə əməkdaşlığımızı davam etdiririk. Əgər seçki bloku yaranacaqsa, yalnız seçki dönəmində fəaliyyət göstərəcək. Yəni müvəqqəti olacaq. Seçkilərdən sonra fəaliyyətini dayandıracaq”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan hazırda hər hansı bloka qoşulmaq niyyəti olmadığını deyib: "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi ilə müəyyən məsləhətləşmələrimiz olub və biz öz fikrimizi onlara çatdırmışıq. Fəaliyyətlərində uğurlar diləyirik”. ALP sədrinin fikrincə, müxalifət partiyaları öz aralarında razılığa gəlsinlər və müxalifətin bir seçki dairəsindən iki namizədi olmasın: "Hər bir partiya razılaşdırılmış qaydada
ayrı-ayrılıqda və yaxud bir neçə blok şəklində iştirak edə bilər. Əsas odur ki, hər bir seçki dairəsindən müxalifətin bir namizədi olsun”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli təmsil etdiyi partiyanın parlament seçkilərinə blok şəklində gedib-getməyəcəyini indidən deməyə çətinlik çəkib: "Belə məsələlər seçkilərə qısa müddət qalmış həll olunur. Amma bütün hallarda qərar partiyanın seçkili orqanları tərəfindən verilir. İndiki halda seçkilərdə blok şəklində iştirakla bağlı hər hansı qərar yoxdur”.
İsmayıl