Parlament televiziyası yaxşı ideyadır, amma...
Ekspertlərin Milli Məclis kanalının açılması məsələsində fikirləri haçalandı
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu parlament televiziyasının yaradılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var: "Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlanmalıdır”.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə qəbul edilən qanun layihələrinə jurnalistlərin diqqət yetirmədiyini iddia edib. O hesab edir ki, Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları, müzakirə olunan məsələləri təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli hesab edir ki, Milli Məclisdə səsləndirilən təklif müzakirə olunmalıdır:
"Böyük dövlətlərin bir çoxlarında parlament televiziyaları var. Yəni, ərazisi, əhalisinin sayı çox olan ölkələrdə belə televiziyalar mövcuddur. Amma Azərbaycan kimi kiçik ölkələrdə dövlət və özəl televiziya kanallarının sayı kifayət qədərdir. Bizdə belə televiziya kanalının açılmasına ehtiyac görmürəm”.
N.Məhərrəmli deputatlara yeni televiziya kanalının əvəzinə mövcud kanallardan istifadə etməyi təklif edib: "Fikrimcə, mövcud televiziya kanallarının potensialından istifadə edib, Milli Məclisdə gedən məsələləri daha geniş işıqlandırmaq olar. Yəni büdcədən maliyyələşən kanallarda Milli Məclisə həsr edilən verilişlərin saatını daha da artırmaq olar. Bu kanallardan istifadə etmək daha məqsədəuyğun olardı. Çünki, yeni parlament kanalı açmaq özü dövlət büdcəsi üçün əlavə vəsait deməkdir. Azərbaycan kimi ölkədə, indiki dövrdə dövlət televiziyalarının bütün dünyada nisbətən azaldılması fonunda yeni büdcədən maliyyələşən kanalın açılması bir az doğru olmazdı. Ona görə də, mövcud kanallardan bu məsələ üçün vaxt sayını artırmaq olar. Bununla da Milli Məclisdə televiziya kanalları ilə bağlı səsləndirilən boşluğu doldurmaq olar”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da əksər ölkələrdə müvafiq telekanalların parlamentin iclaslarını canlı yayımladığını deyib.
Onun sözlərinə görə, Azərbaycanda da belə televiziyanı yaratmaq olar:
"Lakin baxmaq lazımdır ki, bu, indiki şəraitdə nə dərəcədə gərəklidir. Televiziya kanalının ərsəyə gəlməsi üçün texniki imkan olmalıdır. Təchizat məsələsi kifayət qədər çətin prosesdir. Müxtəlif kanallarda parlament xəbərləri barədə daha çox yayımlar ola bilər. Ayrıca, parlament televiziyasının yaradılması müəyyən vaxt tələb edir. Hər halda, parlament xəbərlərinin telekanallarda yayımlanması təklifi gündəmə gətirilib, müzakirə edilməlidir”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, Milli Məclisin iclaslarında səsləndirilən fikirlərin məqsədyönlü şəkildə təhrif olunaraq ictimaiyyətə təqdim edilməsi, bu kontekstdə bəzilərinin sensasiya axtarışı, yaxud hansısa korporativ maraqlardan çıxış edərək problemlərimizi açıq şəkildə dilə gətirən, həlli yollarını göstərən, qərəzsiz, dialoqa açıq, təşəbbüskar insanların gözdən salınmasına cəhd göstərilməsi parlament televiziyası ideyasının aktuallığını bir daha gündəmə gətirir. O bildirib ki, işi ilə əlaqədar olaraq Milli Məclisin iclaslarından sonra orada səsləndirilən bütün fikirlərlə tanış olur:
"Ayrı-ayrı internet resurslarında Milli Məclisin iclaslarında səslənən fikirlər, müzakirə olunan məsələlərlə bağlı yayımlanan materialları müqayisə etmək imkanım olur. Milli Məclisin iclaslarından hazırlanan reportajların böyük əksəriyyəti qüsurlu olur. Bunu əks iddiada bulunan istənilən şəxsə açıq debatda sübut edə bilərəm. Millət vəkilləri adətən öz çıxışlarını müzakirəyə çıxarılan qanunlar ətrafında qururlar. Qanun layihələri isə öncədən bütün millət vəkillərinə paylanılır. Bildiyim qədər, media nümayəndələri də istədikləri vaxt bu sənədləri əldə edə bilirlər. Deməli, bu və ya digər qanun layihəsi ilə bağlı çıxış edən millət vəkili sənədlə digər həmkarlarının tanış olduğunu nəzərə alaraq, konkret müddəalar üzrə konkret təklif və ya iradla çıxış edir. Onun təklif və iradları parlamentin rəhbərliyi, qanun layihəsini hazırlayan qrupun üzvləri və təbii ki, millət vəkilləri üçün aydın olur. Amma layihə ilə tanış olmağa ərinən və marığda dayanan ovçu kimi havadan "söz tutmağa” gəlmiş bəzi KİV təmsilçiləri söhbətin nədən getdiyini başa düşmürlər və təbii ki, bu halda müzakirə olunan məsələ ilə bağlı öz təsəvvürlərinə, yaxud təmsil etdikləri media qurumunun informasiya maraqlarına uyğun gələn məlumat hazırlayırlar”.
E.Mirzəbəylinin sözlərinə görə, nəticədə yanlış adamlar yanlış yerə hədəfə alınır, ölkənin ali qanunvericilik orqanının nüfuzdan salınmasına cəhd göstərilir:
"Bu problem yeni deyil, illərdir ki, bizimlə yanaşı "yaşayır”. Bundan öncə də parlamentdə təmsil olunan jurnalistlər üçün davamlı məşğələlərin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdim. Düşünürəm ki, onlar qanunlarla işləməyi öyrənməlidirlər. Dünyanın hər yerində parlamentdə təmsil olunan jurnalistlər qanun yaradıcılığı ilə bağlı ən müfəssəl bilgilərə malik olurlar. Parlament jurnalistikası ayrıca sahədir və bəlkə də ixtisasdır. Bu işə ciddi yanaşmaq lazımdır. Əks təqdirdə fəsadları çox ağır ola bilər. Ola bilsin ki, ayrıca parlament televiziyasının yaradılması və fəaliyyət göstərməsi böyük vəsait tələb edir. Amma bunu fəaliyyətdə olan telekanalların birinin bazasında gerçəkləşdirmək olar. Bu gün qanunvericiliklə bağlı maarifləndirmə işinin aparılmasına böyük ehtiyac var. Əgər bu gün ölkədə şəffaflığın təmin edilməsi istiqamətində addımlar atılırsa, islahatlar aparılırsa, bu islahatların mahiyyəti barədə də cəmiyyətə məlumat verilməlidir, marifləndirmə işi həyata keçirilməlidir. Cəmiyyətin iştirakı olmadan heç bir islahat uğur qazana bilməz”.
APA TV-nin Xəbər müdiri Cavid İsmayıl parlament televiziyasının yaradılması ideyasının yaxşı təklif olduğunu deyib:
"Bəzi ölkələrdə parlament televiziyası fəaliyyət göstərir. Amma ölkələrdə qaynar parlament fəaliyyəti mövcuddur. Təəssüf ki, Azərbaycan Milli Məclisində, məsələn, Türkiyə Böyük Millət Məclisində olduğu kimi fəallıq hiss olunmur. Çünki deputatlarımızın əksəriyyəti danışmağı sevən adamlar deyil. Bu səbəbdən bir çox deputatları nə xalq tanıyır, nə də seçiciləri. Bəziləri danışdıqda isə ölkədə mənəvi-psixoloji vəziyyət gərginləşir. Ona görə düşünürəm ki, parlament televiziyasının yaradılmasına hələlik ehtiyac yoxdur”.
"Bakipost.az” saytının baş redaktoru Elçin Zahiroğlu isə hesab edir ki, ölkədə kütləvi informasiya vasitələrinin, xüsusilə televiziyaların sayı nə qədər çox olsa o qədər yaxşıdır:
"Sahəvi kanalların, internet portallarının daha çox effekt verdiyi bir vaxtda Milli Məclisin öz televiziyasının olması, əlbəttə müsbət hal olardı. Lakin bu kanalın yaradılması və izləyici toplaması vaxt və xeyli vəsait tələb edən işdir. Qəbul olunmuş qanunların şərhi, əhalinin başa düşdüyü bir dildə çatdırılması üçün bir tribuna vacibdi.
Bu təkliflə çıxış edən deputat Hikmət Babaoğlu da məhz bu məqamı qeyd edib. Amma indiki halda bu layihəni tamaşaçısı çox olan televiziyalarda da həyata keçirmək olar. Və məncə bu, daha çox effekt verər.
Doğrudan da Milli Məclisdə qəbul olunan layihələrin mahiyyəti insanlara qaranlıq qalır. Qanunların dilinin çox qəlizliyi və onların demək olar ki, ictimailəşməməsi ciddi problemdir. Bizim qəbul olunan qanunlarımız az qala Quran ayələri, Yasin surələri kimi oxunur - hamı qulaq asır, amma heç kim başa düşmür. Ona görə də bunların izahı, mahiyyətinin açılması üçün ayrıca televiziyanın və yaxud da verilişlərin olması çox vacibdir”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də dünyanın əksər ölkələrində bu praktikadan istifadə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bir sıra ölkələrdə parlamentlərin gündəlik fəaliyyətini işıqlandıran xüsusi telekanallar olur: "Əlbəttə, ayrı-ayrı KİV-lər də orada iştirak edib istədikləri mövzular üzrə əlahiddə araşdırma aparırlar. Burada heç bir maneə olmur. Sadəcə, ixtisaslaşmış tv kanal parlament fəaliyyətini fasiləsiz, bütün detalları ilə təqdim edir. Əgər ölkəmizdə də tətbiq edilərsə, məncə çox fayda vermiş olar. Çünki, bizim ümumi yayımlı KİV-lər siyasi xəbərlərdən, qanunları, qaydaları əks etdirən xəbərlərdən daha çox fərqli verilişlərə, məxsusən şou-proqramlara çox yer ayırırlar.
Təbii ki, onların auditoriyaları, müəyyən maraqları bunu tələb edir. Bu isə ciddi xəbər izləyicisi olan auditoriya üçün əlverişli deyil. Bu baxımdan, ixtisaslaşma getməlidir, hər kəs öz auditoriyasına uyğun xəbərləri zənginləşdirməlidir. Amma burada nəzərə alınmalı bir məqam var: əgər təklif müəllifi olan deputatlar fikirləşirlərsə ki, parlament fəaliyyətini işıqlandıran xüsusi tv kanal yaradılsın və bundan sonra ayrı-ayrı KİV-lərin əməkdaşlarının parlamentə gəlmələri məhdudlaşdırılsın, bu yanlış istiqamət olardı. Xüsusi tv kanalın mövcudluğu ümumi KİV-lərin əməkdaşlarının parlamentə girişinə məhdudiyyət tətbiq edilməsi üçün əsas olmamalıdır”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də o fikirdədir ki, televiziya kanalları nə qədər çox olarsa, bir o qədər faydası var. Parlament qanunverici orqandır, orada qəbul edilən qanunlardan, qanunvericilik bazasına edilən dəyişiklərdən və onların mahiyyətindən geniş kütlənin, sadə vətəndaşların məlumatı olmalıdır:
"Vətəndaşların hüquqi maarifləndirilməsi baxımından bunu doğru sayıram. Bir çox ölkələrin təcrübəsində bu var. Əgər qanunlarla bağlı savadlı hüquqşünaslar, ekspertlər o televiziya vasitəsi ilə əhalini hüquqi maarifləndirəcəksə, bunu ancaq alqışlamaq lazımdır. Habelə, bir telekanalın açılması orada xeyli jurnalistin işlə təmin olunması deməkdir. Bu cəhətdən də parlament televiziyasının yaranması ayrıca olaraq media cameəsinə də faydalıdır”.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb