Parlamentdə dərsliklə bağlı etiraz - "Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?"





Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında” qanun layihəsi müzakirə olunub. Sherg.az-ın məlumatına görə millət vəkili Siyavuş Novruzov orta məktəblərdə rus dilli bölmələrindənşikayət edib. Deputat 8-ci siniflərdə Azərbaycan və Dağlıq Qarabağın tarixinin ayrı-ayrı kitablarla tədris olunmasına sərt reaksiya verib: "Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil? Məsələ ilə bağlı tarix müəllimləri tərəfindən dəfələrlə mənə müraciətlər olub". Siyavuş Novruzov tarixçi deputat Yaqub Mahmudova müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib: "Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib. Deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərs kimi tədris olunur. O baxımdan xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın”.
S.Novruzovun qaldırdığı məsələyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru, deputat Yaqub Mahmudov cavab verib: "Bir tarix var, o da - Azərbaycan tarixidir.
Bu təxribatın qarşısı alınmalıdır. Kimlərsə təxribat yaradaraq Azərbaycan tarixinə qara yaxmaq istəyirlər”.
Spiker Oqtay Əsədov isə vurğulayıb ki, kitabları yazanlar üzə çıxarılmalıdır: "Araşdırın görək bunu kim yazıb. Bu sıradan birməsələ deyil”.

Anar