"Parlamentdə PJB ilə bağlı mənfi fikirlərin səsləndiriləcəyini düşünmürəm"








"Parlament Jurnalistlər Birliyi (PJB) cəmiyyətdə 15 ildir, institut kimi formalaşıb. Bunu deputatlar, jurnalistlər, bütün cəmiyyət qəbul edir”.

Bu barədə "Sherg.az”a Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərovun parlament jurnalistləri barədə tənqidinə münasibət bildirərkən PJB-nin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı deyib.

O vurğulayıb ki, təşkilatın məqsədi parlamentdə qəbul olunan sənədlərin, qanunların cəmiyyətə çatdırılmasıdır:

"Eynilə cəmiyyətin fikirləri, təklifləri də PJB vasitəsilə parlamentə çatdırılır. Ona görə, təşkilat barəsində Milli Məclisdə mənfi fikirlərin səsləndiriləcəyini düşünmürəm. Hər halda görülən işlərin daha yüksək səviyyədə həyata keçirilməsi hamının arzusudur.

Birmənalı şəkildə, PJB üzərinə düşən məsuliyyəti dərk edir, qaldırdığı yükün öhdəsindən gəlir”.

Qeyd edək ki, Z.Əsgərovun fikrincə, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə olunur, amma jurnalistlər buna diqqət yetirmirlər. O diqqətə çatdırıb ki, Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir:
"Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır”.

Aysel Aslan