Parlamentdə problemli kredit məsələsi yenə gündəmə gəldi

“Devalvasiya xarici valyutada kredit borcu olan insanların vəziyyətini çətinləşdirib”
Vahid Əhmədov: “Banklar müəyyən addımlar atmalı, borclu vətəndaşların kreditləri ödəmələri üçün mümkün güzəştlər etməlidirlər”



Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin toplantısı keçirilib. İclasda 3 yeni qanun layihəsinin müzakirəsi aparılıb. Belə ki, komitə "Banklar haqqında”, İpoteka haqqında”, "Lotereyalar haqqında” qanun layihələrini birinci oxunuşda müzakirə edib.

"Banklar haqqında” qanun layihəsinə dəyişiklikdə nəzərdə tutulub ki, Müşahidə Şurası Bankın Audit Komitəsinin üzvlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, Komitənin əsasnaməsini təsdiq etmək səlahiyyətinə də malik olsun.

İpoteka kağızlarının elektronlaşdırılması üçün "İpoteka haqqında” qanuna da dəyişiklik təklif edilib. Layihə "Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” ölkə prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanının 9.2. bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə endirilməsi, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədi ilə hazırlanıb. Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.

"Azərbaycanda bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur. Axı niyə?”

Komitənin iclasında millət vəkilləri təkliflərini səsləndiriblər. İlk öncə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, gələn ilin dövlət büdcəsi artıq Azərbaycan hökumətinə təqdim olunub və Nazirlər Kabineti ona baxaraq, müzakirələr aparacaq.
"Bu gün Azərbaycanda bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur. Axı niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur”. 

Bunu müzakirə zamanı deputat Rüfət Quliyev deyib. Millət vəkili vurğulayıb ki, banklar şənbə və bazar günləri işləmir: 

"Onda vətəndaş xarici valyutada olan pulunu necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər biri-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu dəyişmək üçün əziyyət çəkirlər. Nəyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?”. Deputat iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib: "Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər indi olmasa, bununla bağlı sonra açıqlama verin. Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”.

"Qanuna dəyişikliklər edilir və bəzən onlar peşəkar səviyyədə olmur”

Komitə üzvü, deputat Əli Məsimli Vergi Məcəlləsi ilə bağlı komissiya yaradılması təklifini irəli sürüb: "Azərbaycanda kifayət qədər səriştəli insanlar var. Ona görə həmin insanlardan, mütəxəssislərdən, ziyalılardan, Vergilər Nazirliyinin əməkdaşlarından ibarət bir komissiya yaradılsın. Çünki Vergi Məcəlləsinə mütəmadi dəyişikliklər edilir və bəzən onlar peşəkar səviyyədə olmur. Bəzən dəyişikliklərdə xeyli qarışıqlıqlar üzə çıxır. Odur ki, bir komissiya yaradılsın və parlamentə müzakirələr təqdim edilməzdən əvvəl bütün dəyişikliklər, əlavələr orda müzakirə edilib, qruplaşdırılıb, Milli Məclisə göndərilsin. Bu zaman həmin dəyişikliklərin səmərəsi və effektivliyi də yüksək olar”.
Komitə sədri Ziyad Səmədzadə Ə.Məsimlinin təklifini dəstəkləyərək, buna ehtiyac olduğunu söyləyib: "Çünki Vergi Məcəlləsinə ölkəmizin sürətli inkişafı ilə bağlı, o cümlədən, əhalinin vəziyyətinin, sahibkarların fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar tez-tez dəyişikliklər edilir və gözlənilir. Amma gələcəkdə bu dəyişiklikləri minumuma endirmək, yəni sayının azaldılıb, effektivliyinin artırılmasına nail olmaq lazımdır”.

"Mənə vətəndaşlardan minlərlə müraciət daxil olub”

"Bildiyimiz kimi bir neçə gün bundan əvvəl dollarla götürülən kreditlərlə bağlı Konstitusiya Məhkəməsinin iclası keçirilib. Qərara əsasən, "manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyi və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürməsi nəzərə alınaraq, məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz" qərarı verilib. Bu isə o deməkdir ki, vətəndaşlar xarici valyuta ilə götürdükləri kreditləri dəyişən məzənnəyə uyğun qaydada ödəməlidirlər”.


Bu fikirləri isə millət vəkili Vahid Əhmədov səsləndirib. Deputat xatırladıb ki, dəfələrlə problemli kreditlərlə bağlı Milli Məclisdə məsələ qalıdırıb: 

"Hətta həmkarım Əli Məsimli ilə biz təkliflər hazırlayıb, hökumətə təqdim etmişik. Bu, çox ciddi məsələdir. İnsanları narahat edir. Manatın iki dəfə devalvasiyaya uğraması xarici valyutada kredit borcu olan insanların vəziyyətini çətinləşdirib. Bununla əlaqədar mənə vətəndaşlardan minlərlə müraciət daxil olub və onlara kömək etməyə çalışıram. Hesab edirəm ki, burada banklar da müəyyən addımlar atmalı və borclu vətəndaşların kreditləri ödəmələri üçün mümkün güzəştləri etməlidirlər. Bu məsələ əhalini narahat edir. Hesab edirəm ki, problem gündəmə gətirməyin vaxtı gəlib çatıb. Əlbəttə problemli kreditlərlə bağlı məsələni mən Milli Məclisin plenar iclasında da qaldıracam. Sizdən də xahiş edirəm ki, bu məsələlərlə əlaqədar müəyyən işlər görülsün”.

Müzakirələrdən sonra qanunlara təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Anar Bayramoğlu